Vallah

Dünən görüşdürdü bu həyat bizi,
Xoş hisslər coşdurdu ürəyimizi.
Gizli saxladığım ən şirin sözü
Deyəsi olmuşam, olmuşam vallah!

Gəlməyib dünyaya sənin kimisi,
Sevgidə sınayır tale hər kəsi,
Nəğməyə çevrilir qəlbimin səsi,
Kövrəlib dolmuşam, dolmuşam vallah.

Bilməzdim həyəcan, intizar nədir,
Salardım günləri mən yola bir-bir,
Yaman darıxmışam özünü yetir,
Saralıb solmuşam, solmuşam vallah.

Çıxmırsan yadımdan sən bircə an da,
Beş günlük qonağıq axı cahanda,
Məhəbbət sazını coşub hər yanda
Yüz dəfə çalmışam, çalmışam vallah.

Xoşdur ürəyimin əhdi, niyyəti,
Qoru gözəlliyi, saf məhəbbəti,
Əli Vəkil indi gücü, qüdrəti,
Eşqindən almışam, almışam vallah!

13 oktyabr 1987. Pidsunda.