Ay insafsız, bilmirsənmi eşqindən
Gecə-gündüz alışan var, yanan var.
Axı necə yad etməyim səni mən?
Gül çöhrəni, gül üzünü anan var.
Deyiblər ki, hər şeyin öz vədəsi,
Ömür qısa, biz amanat, gedəsi,
Eşidəndə ürəyində bu səsi,
Bil ki, səni qibləgahı sanan var.
Günüm də sən, ayım da sən, il də sən,
Gözəllərin gözəlisən eldə sən,
Ən ətirli çiçək də sən, gül də sən,
Bülbül olub budağına qonan var.
Bu sevdada uduzan kim, udan kim?
Kim haqlıdır, kim müqəssir, kim hakim?
Söylə, səndən axı necə əl çəkim?
Bil, Sənan tək öz dinini danan var.
Ürəyinə yol tapaydı sözlərim,
Yol çəkəcək sənə həsrət gözlərim,
Eşq yolunda bükülərmi dizlərim?
Biləndə ki, məhəbbəti qanan var?
Dekabr 1986