Var olsun

Dünyaya hakimdi Adəm övladı,
Var hər kəsin öz soy kökü, öz adı.
Məğlub eyləyərək yağını, yadı,
Millətin halına yanan var olsun!

Görür öz işini yalan, xəyanət,
Çatır məqsədinə bəzən bədniyyət,
Üzə çıxsın yenilməzlik, qətiyyət,
Özünü fədai sanan var olsun!

Əzəl gündən bir adı var namərdin,
Mərdlər tapır çarəsini hər dərdin,
Xoş olubdur qayəsi, xoş, comərdin,
İnsanlıq borcunu qanan var olsun!

Qorxağı var, cəsuru var mllətin,
Bədxahı, nakəsi tanımaq çətin,
Sarsılmasın elə sevgin, ülfətin,
Həqiqət heykəli yapan var olsun!

Bu gör-götür dünyasından nə gördüm,
Hikmətli sözlərdən bir çələng hördüm,
Xəyanət baş verdi, mən köks ötürdüm,
Əyri yoldan gen dolanan var olsun!

Atın qabağına ət qoyanlar var,
Şirə də arpanı yedirmək olar?
Vətəni qoruyar igid oğullar,
Arif, aqil, müdrik insan var olsun!

Haqqı tapdaladı əfəl bir haqsız,
Nələr etdi, Allah, nələr gör haqsız?
He kəsi saymadı, bax, nankor haqsız,
Ağıllı danışan, dinən var olsun!

Çatır məqsədinə cibəgirənlər,
Unudulur dərdə sinə gərənlər,
Susan deyil mərd oğullar, ərənlər,
Vətəni, milləti anan var olsun!

Əli Vəkil, oldun insan sərrafı,
Üzə çıxarmaqda zaman sərrafı,
Sevdim, alqışladım inan sərrafı,
Sözə qiymət verib duyan var olsun!

10 mart 2006