Hər şeyin dünyamızda
Ölçüsü, meyarı var.
Çəki, ölçü, etalon
Yaradıbdır insanlar.
Ölçürük cərəyanın
Amperini, voltunu.
Cihazla hesablayıb
Dərhal tapırıq bunu.
Varmı elə bir qurğu,
Məhəbbətin gücünü
Arayıb ölçə bilsin?
Sevib-sevilənlərin
Qəlbindən keçənləri
Oxuya, seçə bilsin?
Bir gözəlin eşqiylə
Qəlbin alovlanması,
Ən şirin arzularla
Qovrulması, yanması
Aşiq iztirabları,
Həyəcanlı anları…
Necə ölçəsən axı
Ürəkdə tufanları?
O nə qanun tanıyar,
Nə bir cihaza sığar.
Eşqi söndürə bilməz
Fırtınalar, ümmanlar.
Məhəbbətin yeri də,
Ölçəni də ürəkdir!
O səhv etmir, aldatmır,
Sevəndə də səsinə
Qulaq asmaq gərəkdir!
Axı, ürək ürəkdir!
İyun 1975