Vurğunam mən

Səf-səf duran dağlara, yellərə vurğunam mən.
Ətrindən məst olduğum çöllərə vurğunam mən.

Yurdumun hər qarışı, dağı, dərəsi gözəl.
Yazda kükrəyib daşan sellərə vurğunam mən.

Ələsgərin, Alının sinəsində dil açan,
Sədəfli sazımdakı tellərə vurğunam mən.

Göy Xəzərim möcüzə, dalğaları nəğməkardı,
Bulaqlara, çaylara, göllərə vurğunam mən.

Cəh-cəh vurur bağçada bülbül gülün eşqinə,
Bahar gələndə açan güllərə vurğunam mən.

Sirdaşımız qəm-kədər, torpağımız yad əldə,
Öndən zəfər gətirən illərə vurğunam mən.

Əli Vəkil nə çəkir, təkcə Yaradan bilir,
Silahı möhkəm tutan əllərə vurğunam mən.

27 iyul 2002
Rusiya, İvanovo şəhəri