Vüsalına yetən aşiq bəxtəvərdir, bəxtəvər

Vüsalına yetən aşiq bəxtəvərdir, bəxtəvər,
Məhəbbətə düçar olan ürəklər, gözlər gülər.

Səni bir an unutmaram, həsrətinə kim dözər,
Biz əl verib görüşəndə sökülər dan, olar səhər.

Gəldi-gedər dünyamızda öz payını bulsun aşiq,
Tale güləcəkdir bizə təmiz qəlblə sevsən əgər.

Nə yazsam da azdır, gülüm, sənin doğru, düz əhdindən,
Neyləyək biz, hicran, kədər qəlb axtarar, fürsət güdər.

Yaxşı qoru bu dünyada sən əhdini, ilqarını,
Biz görüşən bu otaqda qismətimiz odlu hisslər.

Ey məh, gəlib gülə-gülə hər dərdimə şərik çıxsan,
Baş qaldırar qəlbimizdə şirin-şirin xatirələr.

Gəlib tez-tez qonağım ol, sinəm üstən sal yolunu,
Əli Vəkil sənin üçün yazsın qoy yeni nəğmələr.

19 fevral 2002