Vyetnam

Olmamışam orada mən,
Gəzməmişəm bağlarını,
Keçməmişəm düzlərindən,
Görməmişəm dağlarını.

Fəqət mən çox dinləmişəm
Hərdən gələn bəd xəbəri.
Kədərimdən inləmişəm
Yad gəzərkən o göyləri.

İki ildir başın üstə
Uçur düşmən təyyarəsi.
Uşaqları sərsəm edir
Bomba səsi, güllə səsi.

Vaxtsız ölən bir körpəni
Doğma balam sanıram mən,
O tökülən göz yaşları
Sanki axır gözlərimdən.

Dörd il mənim Vətənim də
Bir səfərbər əsgər oldu,
Yad basıldı Vətənimdə
Al günəşli səhər oldu.

Qan axıtdıq gecə-gündüz
Ölkəmizin yolunda biz.
Qalib gəlmək eşqi ilə
Çırpınırdı ürəyimiz.

Al qanımız çaya döndü
Boğmaq üçün azğınları.
Biz əbədi məhv elədik
Faşistləri, quzğunları.

Sən əmin ol, igid Vyetnam,
Axıdılan günahsız qan,
Yeri-göyü titrədərək
Olacaqdır coşğun ümman.

O ümmanın dalğaları
Cəlladları boğacaqdır.
Azadlığın al günəşi
Göylərindən doğacaqdır!