Xəbərin yoxdur

Bilirsənmi bunu, söylə, ay mələk,
Mən sənə vurğunam, xəbərin yoxdur.
Yanıb eşq oduna bir pərvanətək,
Mən sənə vurğunam, xəbərin yoxdur.

Xəyalən səninlə deyib-gülürəm,
Vəd eləyib görüşünə gəlirəm,
Sevincini, kədərini bölürəm,
Mən sənə vurğunam, xəbərin yoxdur.

Axı, neyləyəsən, ürək, ürəkdir,
Onu da dinləmək, duymaq gərəkdir,
Kim deyir gözəldən doymaq gərəkdir?
Mən sənə vurğunam, xəbərin yoxdur.

Sənin də sevgiyə ehtiyacın var,
Atəşli qəlbində ağrı-acın var,
Alın yazısıdır, nə əlacın var,
Mən sənə vurğunam, xəbərin yoxdur.

Yuxuma gəlirsən özün bilmədən,
Danışıb-gülürsən özün bilmədən,
Gözümü silirsən özün bilmədən,
Mən sənə vurğunam, xəbərin yoxdur.

Nə üçün bu qədər gözəl olmusan?
Bütün gözəllərdən əzəl olmusan,
Tənhalıqdan saralmısan, solmusan,
Mən sənə vurğunam, xəbərin yoxdur.

Əli Vəkil məhəbbətin vəkili,
Düz ilqarın, səadətin vəkili,
Xoş arzunun, xoş niyyətin vəkili,
Mən sənə vurğunam, xəbərin yoxdur.

25 sentyabr 2000