Xəstəxanada

Yaşamaq şirindir, həyat mənalı,
Buraya ümidlə gəlir insanlar.
Bəzən ağır olur xəstənin halı,
Gözləri həkimin üzündə qalar.

Həkimin ümidlə dediyi sözü,
Xəstə dərman bilər öz dərdi üçün.
Unudar ağrını, yol çəkər gözü,
Doğmanı, qohumu gözləyər hər gün.

Burda tanış olub sevişən də var,
Çoxları dost tapar xəstəxanada.
Qəlbi kədərli də, qəlbi şən də var,
Şübhə hey at çapar xəsxətanada.

Yığışıb bir yerə söhbət edərlər,
Arzular müxtəlif, dərdlər cürbəcür.
Biri kədərlənər, başqası gülər,
Xəstə var ömürü bir neçə gündür.

Ölümü yadına salmaz bir an da,
Həyata, sabaha ümid bəsləyər.
Qəlbinə toxunan söz danışanda,
Kövrələr, onu da bir dərd eyləyər.

Çıxırsan şəhərə qaynaşır insan,
Deyirsən dünyada sağlamdır hamı.
Bir xəstə yanına yollanan zaman,
Təəccüb bürüyür burda adamı.

Görürsən burda da həyat qaynayır,
Bura da dünyadır, bir sirli dünya.
Xəstələr həyatı əbədi sanır,
Belə qurulubdur sehirli dünya!

Nə yaxşı ümidlə yaşayır hamı,
Nə yaxşı ümidi itirmir insan.
Dərman yox, bəlkə də həyat inamı
Onu tez çıxarır xəstəxanadan.

1983