Xatında düşüncələr

Lirik poema

Qardaş eldə Xatın dərdi
Ürəyimə min dağ çəkdi.
Bu gün onu seyrə dalmaq
Yüz yol ölüb dirilməkdi!

Yenə qəlbim dilə gəlir
Kaman kimi!
Cəlladlara nifrət hissim
Aşıb-daşır ümman kimi!
Ağrı, həsrət bədənimdən
Cərəyantək gəlib keçir!
Düşüncələr xəncərmidir
Ürəyimi dəlib keçir?
Elə bu an daşa dönüb
Yerimdəcə donuram mən.
O illərin dərdi, qəmi
Silinməyib könüllərdən!
Göz önümdə gəlib durur
Babi Yarda faciələr!
Osvensimdə, Salaspilsdə,
Buhenvalda, Daxauda,
Daha harda faciələr?..
Ana yerin sinəsində
Var neçə qaz kamerası.
Anaların ürəyində
Dilə gəlir oğul dərdi,
Oğul yası!
Neçə ölüm düşərgəsi,
Neçə yerdə krematori.
Sağalmayan yaralardır
Könüllərdə krematori!
Odda yanıb mərd insanlar,
Xatın olub viranəlik,
Cinayətə əl atıblar,
Düşmən əli qanlı qalıb!
Bu gün üçün ölənlərin
Xatirəsi canlı qalıb!
İyirmi altı çıraq sönüb,
İyirmi altı ev yox olub!
İyirmi altı ev yerindən
İyirmi altı zəng ucalıb!
Bu dəhşətli faciədən
Burda yaşıl ağaclar da
Kədərlənib, tez qocalıb!
İyirmi altı ev dağılıb,
İyirmi altı qara lövhə
Üzərində adlar qalıb!
Yaddaşlarda
Qatillərə qəzəb hissi,
Ürəklərdə qaralmayan
Odlar qalıb!..

Dəqiqədə iki dəfə
Eşidilir zəng səsləri…
Fikriqara, qəlbiqara,
Qan-qan deyən cəlladlara
Nələr deyir zəng səsləri!
Sülhü əziz tutanlara
Söyləyir ki,
Unutmayın, burda yanan,
Döyüşlərdə mərd dayanan
İnsanları!
Ayıq olun, sayıq olun!
Bir də hərbin alovları
Məhv etməsin milyonları!

Xatın dedim,
Göz önümdə Azərbaycan
Diyarının xanım-xatın gözəlləri
Gəlib durdu!
Xatın dedim!
Xəyal məni çəkib dara
Yordu, yordu!
Xatın dedim!
Xatın adlı bir körpənin
Qarşısında səcdə qıldım!
Xatınlara salam verdim,
Xatınlara nəzər saldım!
Xatın dedim!
Xatın adlı gözəl qızın
İlk görüşə çıxmasını
Xatırladım!
Sevdiyinin ürəyini
Eşq oduna hey yandırıb-yaxmasını
Xatırladım!
Xatın dedim!
Xatın adlı bir ananın –
Azərbaycan qadınının
İsmətinə heyran oldum!
Kişi kimi qeyrətinə,
Aslan kimi cürətinə
Heyran oldum!

Bir Xatın da gördüm bu gün
Belorusiya torpağında!
Neçə kəndin məzarı var
Onun qəmli qucağında!
Qardaş eldə Xatın dərdi
Ürəyimə min dağ çəkdi.
Bu gün onu seyrə dalmaq
Yüz yol ölüb-dirilməkdi!
Ən süqəddəs bir guşədə –
Xatındayam.
Kədərimdən elə bil ki,
Fırtınalı, təlatümlü
Coşğun dəniz, köpüklənən
Dəli çayam!
Ağcaqayın, yaşıl küknar ağacları!
Palıd, vələs, ulu çinar ağacları!
Sanki fxri qarovulda
Dayanıblar.
Müharibə illərində
Meşələr də döyüşüblər,
Bəzən qana boyanıblar!
Burda quşun ötməsi də,
İyirmi altı zəng səsi də
İgidlərə ehtiramdır!
Şəhidlərə ehtiramdır!

Belorusiya torpağında
Xatın adlı bir kənd vardı.
Onun isti qucağında
Hamı xoşbəxt yaşayardı.
Çətin gündə sakinləri
Bir-birinə əl tutardı.
İyirmi altı ocaq yanar,
İyirmi altı tüstü çıxar,
Evdən-evə pay çatardı!
Elçi gedər, nişan taxar,
Payızda toy edərdilər.
Neçə qonşu, neçə qohum,
Sevinci bir bölüşdürər,
Şadlığa bir gedərdilər!
Burda hamı bir-birinə
Doğma idi, həyan idi.
Bir evdəki kədər hissi
Bütün kəndə bəyan idi.
Yaxın qonşu bir-birindən
Çörək istər, duz istərdi.
Yeni körpə gözləyənin
Biri oğlan arzulayar,
Biri isə qız istərdi!
Qardaş eldə Xatın dərdi,
Ürəyimə min dağ çəkdi!
Bu gün onu seyrə dalmaq,
Yüz yol ölüb-dirilməkdi!
Burda od vurulubdur
Yüz qırx doqquz insana.
Düşündükcə onları
Alışaraq odlara
Qalıram yana-yana!
Burda güllə açıldı,
Orda mən yaralandım!
Burda insan qəlbindən
Cəlladlar ocaq çatdı,
O atəşdən, o oddan
Azərbaycanda yandım!
Yandın gözəgörünməz,
Yandım tüstüsüçıxmaz
Aclıq girdabında mən.
Yeddi yaşında ikən
Əbədi məhrum oldum
Ata nəvazişindən.
Yandım alovlarda mən
Ayaqyalın, qarnıac!
Bircə tikə çörəyə,
Bir parça qəndə möhtac!
Alışırdıq dərdlərin,
Möhnətin odunda biz!
Ehtiyacın, qorxunun,
Nifrətin odunda biz!
Onun üçün Xatında
Ürəyimi üzür qəm!
Elə zənn edirəm ki,
Onlarla bir yanmışam,
Mən də yüz əllinciyəm!

Göylərdən od töküldü,
Hər yan qana bələndi!
Bakıda yaralandım,
Xəzərim ləpələndi!
Burda sənin Nemvnın,
Qəzəblənən Buq çayın
Boyandı qan rənginə!
Boyandı dönə-dönə!
Orda – Odlar yurdunda
Kədərləndi Göy gölüm,
Meşəm, çəmənim, çölüm,
Dəli Kürüm, Arazım,
Gələn baharım, yazım!
Burda günahsızları
Peçlərdə yandırdılar.
Asıb dar ağacından,
Hər yerdə yandırdılar.
Orda – uca Kəpəzim,
Dəli dağım, Şah dağım,
Başı qarlı Qoşqarım,
Murov dağım – vüqarım!
Qəzəbdən ah çəkdilər!
Elə bil insan kimi,
Onlar da addımlayıb
Əsgər gedəcəkdilər!

Ən müqəddəs bir guşədə –
Xatındayam!
Kədərimdən elə bil ki,
Fırtınalı, təlatümlü
Coşğun dəniz, köpüklənən
Dəli çayam!

Yüz qırx doqquz inmanın
Qəlbi sönən yerdəyəm!
Ürəkləri alışıb
Külə dönən yerdəyəm!
Qara mərmər onlara
Məzar rəmzi olubdur!
Yox, Xatın övladları
Yenidən doğulubdur!
Yüz qırx doqquz insanın
Məhəbbəti, ürəyi,
Qeyrəti mərmərləşib!
Dəyanəti, inamı,
Cürəti mərmərləşib!
Mərmərə baş əyirəm!
Bu yerə baş əyirəm!
Əriyib insan yağı
Bu torpağa hopubdur!
Sulara qarışıbdır,
Bağça-bağa hopubdur!
Yüz qırx doqquz ürəyin
Tüstüsü qalxıb göyə!
Alovu qanadlanıb
Günəşə çatsın deyə!
Yüz qırx doqquz ürəyin
Nifrət nəfəsli odu
İldırıma çevrilib,
Çaxıb düşmən başında!
Şəhidlərin adları
Həkk olunub əbədi
Əsrin daş yaddaşında!
Nisgilim var, kədərim var,
Kədərliyəm, bu nə sirdir?
Qardaşlarım, bacılarım,
Dərdlərimiz eyniləşib,
Aldığımız yara birdir!
Düşündükcə qəlbimizin
Bu dərdini, bu qəmini!
Xəyalımda canlandırdım
İyirmi altı rəqəmini!
Qəsd elədi düşmən bizə!
Dağ çəkdilər sinəmizə!
Xatındakı faciədən
İfirmi altı ocaq söndü!
İyirmi altı çıraq söndü!
İfirmi altı oldu onda
Aldığımız ağır yara.
On səkkizdə,
Ağcaqumda qaniçənlər
Cəllad kimi divan tutdu
İyirmi altı komissara!
Açılanda o güllələr
Mən dünyaya gəlməmişdən
Yaralandım, yandı canım!
Ölümə də alnıaçıq
Sinə gərdi qorxmazlarım –
İyirmi altı qəhrəmanım!
Bir olubdur sevincimiz,
Bir olubdur kədərimiz!
Dostları bir qarşılayıb,
Yadları bir qovmuşuq biz!
Öz müqəddəs çörəyilə ana kimi
Böyüdübdür səni, məni,
Biz də ağır döyüşlərdə
Qorumuşuq bu Vətəni!

1975