Xoş anlar

Baxıb uzun yola qəm eləmə gəl,
Hey dalıb xəyala, qəm eləmə gəl.

Bir gün bu intizar tükənəcəkdir,
Sevgilin yanına tez dönəcəkdir.

Qismətin olacaq xoş anlar yenə,
Dinəcək ilk əhdi ananlar yenə.

İki aşiq, söhbət şirin, söz şirin,
Sevincdən güləcək sənin gözlərin.

Yəqin giley-güzar az olacaqdır,
Arada bir işvə-naz olacaqdır.

Baxıb bir-birinə güləcək gözlər,
Könüldən keçəni biləcək gözlər.

Baxışlar dil açıb danışacaqdır,
Gözlər şölə saçıb danışacaqdır.

Yox olsun ayrılıq, yox olsun həsrət,
Yaşasın sevənlər, ülvi məhəbbət!

Rusiya, İvanovo şəhəri
13 avqust 2002