Yad etdim

Yenə o çəməndi, yenə o çöldü,
Yalqız dolaşıram bu gün bu yeri.
Dünən gəzdik dönə-dönə o çölü,
Həsrətin dindirdi qəlbimdəkiləri.

Əzizim, bu ağac mənə tanışdı,
Oluüb eşqimizin canlı şahidi.
Yarpaqlar dil açıb səndən danışdı,
Yaddaşa yazılan xoş anlar idi.

Yenə qulağımda doğma səsindi,
Çəməndə gəzirəm izini sənin.
Məni diksindirdi qəfil səs indi,
Yad etdim o gülər üzünü sənin.

Haçansa burada hmsöhbət olduq,
İndi bilməyirəm haradasan sən?
Burda deyib-güldük, xəyala daldıq,
Denən haçan doydum məhəbbətindən?

Nədənsə yox oldun dumanda, çəndə,
Sanıram örpəyin tüldü üfüqdə.
O gül camalından söhbət düşəndə
Elə bil gözlərin güldü üfüqdə.

16 yanvar 2003