Yadda qalan gün

Yer tapa bilmirdim özümə, inan,
Heç nə görünmürdü gözümə, inan.

Hər şey mənim üçün adidən adi,
Hər şey mənim üçün maraqsız idi.

Dolanırdım su üstündə gəmitək,
Açmırdı könlümü nə gül, nə çiçək.

Deyirdim gəl susma, bir söylə görək,
Məndən nə umursan, narahat ürək?

Duyğular qəlbimdə aşıb-daşırdı,
Ürəksə nə dinir, nə danışırdı.

Ürək coşub, çağlayarmış sən demə,
Öndə şirin anlar varmış sən demə.

Qarşıma çıxdığın o gün yadımda,
Gülüşün yadımda, üzün yadımda.

Gözəlləşib gözlərimdə kainat,
Yer tapıbdır sözlərimdə kainat.

O gündən könlümdə toydu, düyündü,
O gün yadda qalan tarixi gündü.

İvanovo şəhəri.
21 avqust 2002