Yağılar tapdağında torpaq bizi gözləyir

Yağılar tapdağında torpaq bizi gözləyir,
Elsiz, sürüsüz qalan yaylaq bizi gözləyir.

Ot basıbdır Şuşada cığırları, izləri,
Cıdır düzü ah çəkir, bulaq bizi gözləyir.

Laçın laçınsız qalıb, Ağdamda damlar uçub,
Öndə qanlı döyuş var, yaraq bizi gözləyir.

Çoxdan didərgin düşüb insanlar öz yurdundan,
Gör haçandan yanmayan ocaq bizi gözləyir.

Gədə kəndi olubdur Qarabağın Xankəndi,
Gərək gedib dadına çataq, bizi gözləyir.

Kəlbəcərim, Qubadlım dözməlidir nə qədər?
Murovun gözü yolda, Şahdağ bizi gözləyir.

Əli Vəkil Göyçəsiz indi qəribdir, qərib,
Hamımız səngərlərə yataq, bizi gözləyir.

10 aprel 2003