Yalan

Kimə arxalanıb sən bu dünyada
Bəzən günəşə də böhtan demisən?
Əlinlə insanlar gedibdir bada,
Min ocaq söndürüb, qan eləmisən.

Girəndə meydana bir aslan kimi,
Ləkəsiz vicdana ləkə salmısan.
Yerində qıvrılıb sən ilan kimi,
Neçə günahsızdan qisas almısan.

Sənsən ədalətin qəddar düşməni,
Zərbə endirmisən sevənlərə də.
Axı necə silək lüğətdən səni?
Arxa olmayasan sabah şərə də.

Yaqonun dilində çiçək açmısan,
Otello susdurub Dezdemonanı.
Vaxt olub meydandan qorxub qaçmısan,
Səndə insaf hanı, etibar hanı?

Dostun, sirdaşındır iftira, böhtan,
Hücuma keçərsən bəşərin üstə.
Tarixdə nə qədər müqəddəs insan
İşgəncə görübdür bir şərin üstə.

Hitler də səninlə dostlaşdı bir gün,
Milyonlar məhv oldu qan dənizində.
Dünyanı qana qərq etdiyi üçün
Cəlladtək tanınır o yer üzündə.

Yaxşı ki, mövcuddur düzlük, həqiqət,
Yoxsa yer üzünü edərdin talan.
Düşməsin toruna sevgi, məhəbbət,
Düzlük, təmizlikdir zəfərlər çalan.

Kimsə pərdələnib, girərək dona,
Sənə arxalanıb, səni kəşf edib.
Yalançı sözü də gəlib meydana,
Şər ilə, böhtanla yoldaşlıq edib.

Çəkib qılıncını qan-qan deyəndə,
Ədalət yolunu kəsib həmişə.
Ləkəsiz vicdanı hədələyəndə
Həqiqət yolunu kəsib həmişə!

Sülhü, səadəti bayraq eyləyək!
Yaşayaq böhtandan, yalandan uzaq.
Düzlük qarşısında min yol baş əyək,
Belə böyüdübdür bizi bu torpaq!