Yalanı əkdilər, amma bitmədi

Yalanı əkdilər, amma bitmədi,
Bəzən ayaq tutdu, amma getmədi.
Doğru söz, həqiqət dillərə düşdü,
Eldən elə keçdi, fəqət itmədi.

Doğru yolda əgər yıxılsa biri,
Tez qalxar ayağa, məlumdu sirri.
Əyri yolun yolçusu hər nə etsə,
Gedib tapa bilməz gəzdiyi yeri.

Doğru dostluq olar qərəzsiz, inan,
Hər an zəfər çalar qərəzsiz, inan.
Qərəzdən, qovğadan uzaq dolanın,
Qərəz bəlasıdır axı insanın.

Doğru yolla gedən yorulmaz heç vaxt,
Qəfildən arxadan vurulmaz heç vaxt.
Hər şeyin öz yeri, öz mənası var,
Çay başdan bulansa, durulmaz heç vaxt.

Ürəyə toxunmaq, qəlbi sındırmaq,
Etməyin amandı, siz bunu ancaq.
Könül bir şüşədir, sınsa bitişməz,
Qəlbləri xoş sözlə oxşayın ancaq.

Göz görməsə, könül sevməz, adətdir,
Gəz yarınla sən qoşa gəz, adətdir.
Göz könülün aynasıdır əzəldən,
Sevgilinlə bir yaşa, gəz, adətdir.

Qürbət yerdən Vətən olmaz, bilirəm,
İnsanlar Vətənsiz qalmaz, bilirəm.
Yurdu itirənə qərib deyirlər,
Vətəndə gözlərin dolmaz, bilirəm.

Kişi öz sözünün ağası olar,
Kişi sözü daim yaddaşda qalar.
Sözünün ağası olan kişilər
El içində ucaldıqca ucalar.

Ağzından pis sözü çıxarsan əgər,
O söz qəlp pul kimi özünə dönər.
Dürr tökülsün hər insanın ağzından,
Söz Allahın, söz qızıla bərabər.

İti qılınc yaxşı tənəli sözdən,
Saraylar ucalt sən, ay Əli, sözdən.
Sözü öz yerində deməyibsənsə,
Vallah, el içində düşərsən gözdən.

31 avqust 2002