Yaman günün ömrü az olar, dözün

Yaman günün ömrü az olar, dözün,
Gün gələr dərdiniz azalar, dözün.
Qəmli günlər qalsın, qlsın keçmişdə,
Ömrə xoşbəxt günlər yazılar, dözün.

Pisliyə pisliyi hər kişi edər,
Pisliyə yaxşılıq nər kişi edər.
Yamanlıq etməyib ulu babalar,
İnsana eyliyi ər kişi edər.

Sevgi od deyildir, oddan betərdir,
Bu odda ha alış, ha yan, betərdir.
Elə sev, məhəbbət əbədi olsun,
Sevgini oyuncaq saymaq hədərdir.

Ayıq ol, düşmənə vermə fürsəti,
Hər an gözlə ondan sən xəyanəti.
Əldən vermə ehtiyatı dünyada,
Qoru soy adını, qoru qeyrəti.

Gizli düşmən ilan kimi sürünər,
Qıvrıla-qıvrıla səssizcə gələr.
Namərd düşmən səni arxadan vurar,
Sonra da ürəkdən şadlanar, gülər.

Dost dosta arxadı, hər an dayaqdı,
Dost ürəyi dost yolunda mayakdı.
Həqiqi dost qardaşdan da irəli,
Dara düşsən yetər dada, oyaqdı.

İncə olur sevən qızın ürəyi,
Elə bil ki, qızılgülün ləçəyi.
Odlu məhəbbətlə sevər oğlanı,
Eşqə sadiq olar elin göyçəyi.

Saç-saqqalı tez ağarar onca il,
Arvadı gəzəyən kişilərin, bil.
Sadiq qadın cavan saxlar ərini,
Eşq ümmanı dərin olar, dərin, bil.

Dəvətsiz qonağı köpək qarşılar,
Dəvət¬iz bir yerdə de, nə işin var?
Çağrılan bir yeri dar eləməzsən,
Dəvətsiz gedərsən, sənə ar olar.

Qonaq evin yaraşığı hər zaman,
Qonaqsız ev sanki susuz dəyirman.
Bərəkət gətirər özüylə vallah,
Təki razı qalsın hamı qonaqdan.

29 avqust 2002