Yar yarına qovuşsa, təbiət də şad olar

Yar yarına qovuşsa, təbiət də şad olar,
Aşiqlərin könlünə qüssə, kədər yad olar.

Əhdə sadiq deyilsə sevən, sevilən insan,
Kim deyir eşq əhlinin damağında dad olar?

İlahi sevgi varsa, nəyə lazım var-dövlət?
Məhəbbətsiz ürəkdə intizar, fəryad olar.

Layiqdirsə cahanda aşiqlər bir-birinə,
Sevən könüldə hər dəm atəş olar, od olar.

Məhəbbət insanlara Adəmdən miras qalıb,
Ondan məhrum olanın sevgisi bərbad olar.

Biz vüsalın eşqinə cəfalara dözürük,
Ürəkdən sevən aşiq dağ yarar, Fərhad olar.

Kim öz sevda bağından gül dərərsə cahanda,
Əli Vəkil, o sevgi həmişə azad olar.

25 iyul 2002