Latviya torpağı, Baltik sahili,
Burda hər addımda çinar gördüm mən.
İlin payız çağı, Baltik sahili,
Yarpaq yağışına düşürsən hərdən.
Çinarın vətəni Azərbaycanım,
Görəsən buraya haradan gəlib?
Dinləsin qoy məni Azərbaycanım,
Çinarı gözümdə qalxıb, yüksəlib.
Payız öz hökmünü verib bu yerdə,
Çinar yarpağına bürünüb hər yan.
Yurmala adlanan kiçik şəhərdə
Dəstə bağlayırlar sarı yarpaqdan.
Götürüb bir dəstə qızılı yarpaq,
Riqadan Bakıya töhfə gətirdim.
Çinara bürünüb hər iki torpaq
Onları yurduma hədiyyə verdim.
Xəzər sahilində, Bakımızda mən
Çinar yarpağını qoydum yanaşı.
Onlar fərqlənməsin biri-birindən,
De, necə seçəsən əkiz qardaşı?
Yarpaqlar görüşdü Odlar yurdunda,
Qovuşdu elə bil qardaş-qardaşa.
Torpaqlar görüşdü Odlar yurdunda,
Baltik möcüzədir, Xəzər tamaşa!
15 oktyabr 1982
Yurmala