Yaşa, ey gözəl

Qəlbimdə salmışam yerini sənin,
Gəl yaşa orada, yaşa, əzizim.
Bilirəm dərdini-sərini sənin,
Bir vuraq bu ömrü başa, əzizim.

Könlümdə sakin ol, gəl yaşa orda,
Kimsə dəyə bilməz xətrinə sənin.
Gözəl həyat orda, tamaşa orda,
Heç kəsə vermərəm yerini sənin.

Yerin daimidir, yerin əbədi,
Orda heç kimsəyə yer ola bilməz.
Bunu mən demədim, ürəyim dedi,
Kimsə sevə bilməz, yer ala bilməz.

Gəl yaşa, gəl yaşa, rahatdır yerin,
Səni qoruyaram göz bəbəyitək.
Odlu ürəyimdə yerin çox sərin,
Sənin keşiyini çəkəcək ürək.

Gülüm, hər qayğını, hər bir nazını,
Vallah indən belə mən çəkməliyəm.
Birgə yola salaq ömrün yaxını,
Uzaq ol qayğıdan, daha etmə qəm.

Gəl yaşa qəlbimdə qoruyum səni,
Onsuz da beş günlük qonağıq, qonaq.
Qoy öpüm, oxşayım, bilim qədrini,
Həyatda sevilmək, sevmək qalacaq!

28 iyul 1999