Ay əziz qonaqlar, ay əziz dostlar,
Buyurun, yurdumla tanış olun siz.
Çıxmaz yadınızdan bu qədim diyar,
Hər yerdə xoş sifət görəcəksiniz.
Küləklər şəhəri Bakını gəzin,
Qucağı cənnətdir doymaq olmayır.
Xəzərin nəğməsi həzindir, həzin,
Doğma şəhərimdə güllər solmayır.
Biz elə bir xalqın övladıyıq ki,
Zərdüşt kitabında yazılıb yaşı.
Möhtəşəm heykəldir dayanıb sanki
Qədim Qobustanın hər nəhəng daşı.
Dolaşın Şirvanı, Mili, Muğanı,
Mənim Odlar yurdum gözəl, füsunkar.
Deyin, kim unudar Azərbaycanı?
Bəxtəvər yaşayır burda insanlar.
Anam Azərbaycan – ürəyi Bakı,
Dostuyuq günəşin, dostuyuq odun.
Xalqımın bükülməz biləyi Bakı,
Xoşbəxt övladıyıq biz də bu yurdun.
Döşündən süd əmib dahilər, ərlər,
Babək mərd dayandı yadlar önündə.
Babam Dədə Qorqud məsləhət verər,
Ən çətin saatda, ən çətin gündə.
İgidlər oylağı Azərbaycanın
Nizami hikməti – əqli, yaddaşı.
Cənnətdir yaylağı Azərbaycanın,
Ayna bulaqları sanki göz yaşı!
Məhsəti sözləri dildə, ağızda,
Xalqımın Nəbisi, Koroğlusu var.
General Həzimiz, İsrafil, Gəray,
Bu gün arzularda, qəlblərdə yaşar.
Biz elə bir xalqın övladıyıq ki,
Oğullar böyüdüb aslanlar kimi.
Dərisi soyuldu, uf da demədi
Qəhrəman Nəsimi, şair Nəsimi.
Haqqı var söyləsin Azərbaycanın:
«Solmayan şöhrətim, adım, sanım var!
Adı dildə gəzir neçə insanın,
Qəhrəman Mehdim var, Səttarxanım var!»
Doyunca seyr edin Qız qalasını,
Nəğmə deyəcəkdir Xəzərim sizə.
Hər xalq qoruyubdur öz qalasını,
Qalalar töhfədir tariximizə.
Baxın Şahdağına, baxın Qoşqara,
Kəpəzin əksini Göy göldə görün.
Gəlin, bir də gəlin bizim diyara,
Qonağa hörməti bu eldə görün!
Göz dikdi yurduma yağılar, yadlar,
Qızıldır torpağı, qızıldır daşı,
Bu elə şöhrətdir müqəddəs adlar,
Möcüzə görərsiz hər addımbaşı.
Dolaşın yurdumu siz başdan-başa,
Yaşadın ürəkdə Azərbaycanı.
Bu diyar cənnətdir, hər yan tamaşa,
Ona tay bir ölkə, bir məkan hanı?
Yaşadın ürəkdə Azərbaycanı!
1984