Yaşamaq olmur

Bir-birindən şən keçsə də anlarım,
Qürbətdə Vətənsiz yaşamaq olmur.
Odur yer üzündə eşqim, vüqarım,
Qürbətdə Vətənsiz yaşamaq olmur.

Elə bil ki, çatışmayır hava da,
Hər an düşür torpaq yada, el yada.
Onlardan qiymətli nə var dünyada,
Qürbətdə Vətənsiz yaşamaq olmur.

Könül istər bir «Kərəmi», «Dilqəmi»,
Aciz olur vəsf etməyə dil qəmi,
Bacarırsan ürəyindən sil qəmi,
Qürbətdə Vətənsiz yaşamaq olmur.

Azərbaycan gözəlləri harda var?
Torpağımın tər gülləri harda var?
Yaylaqları, ya çölləri harda var?
Qürbətdə Vətənsiz yaşamaq olmur.

Tanışlardan, doğmalardan uzaqsan,
Qohumlardan, dostdan, yardan uzaqsan,
Bulaqlardan, yaylaqlardan uzaqsan,
Qürbətdə Vətənsiz yaşamaq olmur.

Könlüm həsrət bir kamanın səsinə,
Ürəyimin naləsi nə, səsi nə?
Hicran adlı bir səngərə gər sinə,
Qürbətdə Vətənsiz yaşamaq olmur.

Əli Vəkil, kim yetişsin haraya?
Baş götürüb gedəcəksən haraya?
El sevgisi məlhəm olur yaraya,
Qürbətdə Vətənsiz yaşamaq olmur.

22 dekabr 2000