Yatan aslan olsa yenə də əlbət

Yatan aslan olsa yenə də əlbət,
Oyağın olacaq hər halda fürsət.
Ayıq olmaq, oyaq olmaq gərəkdir,
Qoy yaddan çıxmasın bu haqq, həqiqət.

Fürsət qanadlı bir quşdu dünyada,
Əldən verən uduzmuşdur dünyada.
Ayıq, sayıq olsun hər kəs deyirəm,
Cəhd elə, fürsəti sən vermə yada.

Zindan olub altda qalmaqdansa sən,
Çəkic olub əldə dayan, vur üstən.
Altda qalıb daim döyülmək olmaz,
Cəhd elə döyülmə, çalış döyəsən.

Meydana tez girən kişi mərd gərək,
Vuruşa düşməndən çəkinməyərək.
Qorxaqlıqla mərdlik tutmur həyatda,
Mərdlərin köksündə odludu ürək.

Kimin ki, əvvəli meydandı, meydan,
Bil onun axırı zindandı, zindan.
Meydanda da, zindanda da həyatda
Kimsə yox, yenə də insandı, insan.

Tülkünün meydanda axı nə işi?
Hiyləgərlik əzəl gündən vərdişi.
Meydana inamla girsin deyirəm,
Nər ürəkli, nər biləkli mərd kişi.

Lap çox olar qəfil quşun ovçusu,
Atılan gülləyə tuşun ovçusu.
Əzəldən belədir yadda saxlayın,
Qürrələnər vurulmuşun ovçusu.

El yandıran şamı söndürmək olmaz,
Qartalı zirvədən endirmək olmaz.
Sərkərdənin məğlub olsa ordusu,
Onu danışdırmaq, dindirmək olmaz.

El gözü hər şeyi aydın görcək,
El hər işə düzgün qiymət verəcək.
El gözündən düşən boy ata bilməz,
Elə arxalanan ömür sürəcək.

Dəhşətdir suyun hey lal axanı,
Adamın da fağırı, yerə baxanı.
Yayınır diqqətdən, yayınır gözdən
İnanın xaini, evlər yıxanı.

Gəl adamın hüsnünə yox, ağlı¬na bax,
İnsanlar tanınır ağılla ancaq.
Ağıl nə alınar, nə də satılar,
Ağıllının hörməti hey artacaq.

Alim olmaq asan – deyib atalar,
İnsan olmaq çətin – söyləyib ellər.
Şan-şöhrət sahibi olmağa nə var?
Yaxşı adam desin sənə nəsillər.

Dinsizin öhdəsindən imansız g¬lər,
Dinsizə lağ edib imansız gülər.
Dinsizlə imansız meydanı deyil,
Yaxşı insan, müdrik adam sevilər.

Çox əyilmə, yazıqlaşma, basarlar,
Çox ucalma, səddi aşma, basarlar.
Ucalmağın, alçalmağın yeri yox,
İnsanlığın öz qanunu, həddi var.

Deyiblər ki, dost-dostuna tən gərək,
Tən deyilsə, o, dostluqdan gen gərək.
Həqiqi dost çətin gündə tanınar,
Dost olsunlar dost qədrini bilərək.

10 sentyabr 2002