Mülayim adamdı, sakit adamdı,
Deyərək sən mənə beləcə baxma.
Gülərüz qarşılar doğmanı, yadı,
Nə desən eləyər, sən ondan qorxma.
Doğrudur, a dostum, insanlar üçün
Daim xeyirxaham, daim sakitəm.
Bir sözdən mətləbi duyanlar üçün
Səmimi, qayyıkeş olmaqdır peşəm.
Ötsə də dünyada beş milyardı da,
Həqiqi insanı biz necə sayaq?
Gərək yadımızdan çıxmasın bu da,
Mümkünmü hamıya mehriban olmaq?
Sən mənə beləcə baxma, a dostum,
Mən də qəzəblənir, mən də coşuram.
Gəl bunu başıma qaxma, a dostum,
Nifrətdən sərhəddi tez-tez aşıram.
Dildə vətən deyib, dildə el deyən,
Yalandan özünü öyən görəndə.
Yaltaqlıq eyləyən, daim baş əyən,
İkiüzlüləri sevmirəm mən də.
Bu dil qəhrəmanı öz xalqı üçün
Bir manat xərcləsə ürəyi partlar.
Döyər sinəsinə yalandan hər gün,
Layiqli övladam, deməyə nə var.
Özünə vurğundur cibə girənlər,
Sanki yaradıblar alçaq dağları.
Bütün xoşbəxtliyi varda görənlər,
Sevirlər işıqlı, gen otaqları.
Özün de, a dostum, özün de indii,
Mən necə mülayim ola bilərəm?
Nə olsun sakitəm, ürəyim gendi,
Qəzəbdən bulud tək dola bilərəm.
Mən hərdən mülayim, hərdən qəddaram,
Çoxdur aramızda alaq otları.
Budur ömür payım, beləcə varam,
Tək bəmdə ötməyir könül notları.
Bir xain görəndə istərəm ki mən,
Bombatək partlayam onun başında.
Sevgi də, nifrət də keçir ürəkdən,
Qeydinə qalanda adi daşın da.
Pidsunda
14 oktyabr 1987