Yazdım bu nəğməni

Vətən məhəbbəti, Vətən eşqi nə?
Yazdım bu nəğməni Vətən eşqinə.

Vətəndən uzaqda kövrəlir insan,
Unuda bilməyir onu bircə an,
Çapır öz atını dördnala zaman,
Yurd-yuva həsrəti, Vətən eşqi nə?
Yazdım bu nəğməni Vətən eşqinə.

Diş göynədən buz bulaqlar mənimdi,
Murov, Kəpəz, Şahdağ, Qoşqar mənimdi,
Başı qarlı uca dağlar mənimdi,
El-oba həsrəti, Vətən eşqi nə?
Yazdım bu nəğməni Vətən eşqinə.

Şirvanı seyr edib, Mildən keçdim mən,
Enib zirvələrdən, çöldən keçdim mən,
Ətirli çiçəkdən, güldən seçdim mən,
Qarabağ həsrəti, Vətən eşqi nə?
Yazdım bu nəğməni Vətən eşqinə.

Muğan qucağına səsləyir mənim,
Bakım öz qoynunda bəsləyir məni,
Xəzərim həsrətlə gözləyir məni,
Mahal məhəbbəti, Vətən eşqi nə?
Yazdım bu nəğməni Vətən eşqinə.

Bir doyunca gedib gəzim Gəncəmi,
Salamlasın yaşlı dayı, gənc əmi,
Əl uzadım qocayamı, gəncəmi?
Od-ocaq sevgisi, Vətən eşqi nə?
Yazdım bu nəğməni Vətən eşqinə.

Bakısız göynəyir burnumun ucu,
Ölkəmdir vüqarım, başımın tacı,
Onu tez qucmaqdır dərdin əlacı,
Millət qətiyyəti, Vətən eşqi nə?
Yazdım bu nəğməni Vətən eşqinə.

Rusiya. İvanovo şəhəri.
4 yanvar 2001