Yazıqdı

Uyub kef-damağa, əyləncələrə,
Dünyanı oyuncaq bilən yazıqdı.
Vurulub min kərə, sevib min kərə,
Sevgini duymayıb ölən yazıqdı.

Dövran öz işində, dövrana nə var,
Vaxtında gələcək yenə də bahar.
Qəlbində ögey hiss, ögey duyğular
Yalandan üzünə gülən yazıqdı.

Hər işdə cib güdən, hər işdə naşı,
Yadından çıxarar dostu, sirdaşı,
Özündən dəm vuran hər addımbaşı,
Nadanlıq sazını çalan yazıqdı.

«Yıxılan yıxılsın, mənə nə» – deyən,
Böyüklər önündə başını əyən,
Yasda yoxa çıxıb heç görünməyən,
Şənlikdə birinci gedən yazıqdı.

Dünyanın çiynində ağır yük olan,
Hər sözü şübhəli, hər sözü yalan,
Təkanla, zəng ilə qalxan, ucalan,
Axırda tək-tənha qalan yazıqdı.

1984