YEDDİ DAĞ

 

 

 

(şeirlər və poema)

 

Əbədi məşəl

 

Azərbaycanım

Qızıldır, gövhərdir torpağın, daşın,
Şöhrətli, vüqarlı Azərbaycanım!
Həmişə qalibsən, ucadır başın,
Qucağı baharlı Azərbaycanım!

Qədimdən-qədimsən, cavandan-cavan,
Bu – gözəl Qarabağ, bu – Mil, bu – Muğan,
Əkiz qardaşlardır Şahdağ, Savalan,
Kəpəzli, Qoşqarlı Azərbaycanım!

Eşqin ürəyimdə, canda, qandadır,
Xəyalım gah dağda, gah arandadır,
Neçə yadigarın Naxçıvandadır,
Axarlı-baxarlı Azərbaycanım!

Dəniz əfsanəsi – Neft daşların var,
Arxanda köməyin, qardaşların var,
Sinəsi ordenli, günəşli diyar,
Dosta etibarlı Azərbaycanım!

Evim-eşiyimsən, Odlar yurdusan,
Xoşbəxtlər məskəni – bahar yurdusan,
Gör neçə insanın vüqar yurdusan,
Varlısan, sən varlı, Azərbaycanım!

1982

 

Abidələr

Mənim Odlar diyarımın,
Bu füsunkar diyarımın,
Qoynu bahar diyarımın
Zinətidir abidələr!
Nizaminin, Məhsətinin,
Nəsiminin, Füzulinin
Şöhrətidir abidələr!
Babəklərin, Koroğlunun,
Nəbilərin, nər oğlunun,
Həzilərin, Mehdilərin
Cürətidir abidələr!
Böyük Mirzə Fətəlinin,
Cabbarlının, Vurğunumun,
Neçə ölməz mərd insanın,
Adları dillər əzbəri
İyirmi altı qəhrəmanın,
Mətanəti, qeyrətidir
Abidələr!
Bir-bir yola saldığımız
Bu illərə,
Gələn yeni nəsillərə,
Bir ölkənin, bir millətin
Hədiyyəsi,
Gözəl sənət incisidir,
Sərvətidir abidələr!
Əsrin ruhu, əsrin səsi,
Zəkamızın təntənəsi,
Sənətkarın zəhmətidir
Abidələr!
Səhər-səhər yuyunarlar
Günəş ilə.
Heykəllər də insan kimi
Gərək sevə, həm sevilə!
Parladıqca Azərbaycan,
Yaşayacaq zaman-zaman.
Xalqımızın dahisinə,
Ölməzinə, qorxmazına,
Mərd oğluna, mərd qızına
Sədaqəti, hörmətidir
Abidələr!
Məhəbbəti, qiymətidir
Abidələr!

                           1976

 

 

Yaşadın ürəkdə

Ay əziz qonaqlar, ay əziz dostlar,
Buyurun, yurdumla tanış olun siz.
Çıxmaz yadınızdan bu qədim diyar,
Hər yerdə xoş sifət görəcəksiniz.

Küləklər şəhəri Bakını gəzin,
Qucağı cənnətdir doymaq olmayır.
Xəzərin nəğməsi həzindir, həzin,
Doğma şəhərimdə güllər solmayır.

Biz elə bir xalqın övladıyıq ki,
Zərdüşt kitabında yazılıb yaşı.
Möhtəşəm heykəldir dayanıb sanki
Qədim Qobustanın hər nəhəng daşı.

Dolaşın Şirvanı, Mili, Muğanı,
Mənim Odlar yurdum gözəl, füsunkar.
Deyin, kim unudar Azərbaycanı?
Bəxtəvər yaşayır burda insanlar.

Anam Azərbaycan – ürəyi Bakı,
Dostuyuq günəşin, dostuyuq odun.
Xalqımın bükülməz biləyi Bakı,
Xoşbəxt övladıyıq biz də bu yurdun.

Döşündən süd əmib dahilər, ərlər,
Babək mərd dayandı yadlar önündə.
Babam Dədə Qorqud məsləhət verər,
Ən çətin saatda, ən çətin gündə.

İgidlər oylağı Azərbaycanın
Nizami hikməti – əqli, yaddaşı.
Cənnətdir yaylağı Azərbaycanın,
Ayna bulaqları sanki göz yaşı!

Məhsəti sözləri dildə, ağızda,
Xalqımın Nəbisi, Koroğlusu var.
General Həzimiz, İsrafil, Gəray,
Bu gün arzularda, qəlblərdə yaşar.

Biz elə bir xalqın övladıyıq ki,
Oğullar böyüdüb aslanlar kimi.
Dərisi soyuldu, uf da demədi
Qəhrəman Nəsimi, şair Nəsimi.

Haqqı var söyləsin Azərbaycanın:
«Solmayan şöhrətim, adım, sanım var!
Adı dildə gəzir neçə insanın,
Qəhrəman Mehdim var, Səttarxanım var!»

Doyunca seyr edin Qız qalasını,
Nəğmə deyəcəkdir Xəzərim sizə.
Hər xalq qoruyubdur öz qalasını,
Qalalar töhfədir tariximizə.

Baxın Şahdağına, baxın Qoşqara,
Kəpəzin əksini Göy göldə görün.
Gəlin, bir də gəlin bizim diyara,
Qonağa hörməti bu eldə görün!

Göz dikdi yurduma yağılar, yadlar,
Qızıldır torpağı, qızıldır daşı,
Bu elə şöhrətdir müqəddəs adlar,
Möcüzə görərsiz hər addımbaşı.

Dolaşın yurdumu siz başdan-başa,
Yaşadın ürəkdə Azərbaycanı.
Bu diyar cənnətdir, hər yan tamaşa,
Ona tay bir ölkə, bir məkan hanı?
Yaşadın ürəkdə Azərbaycanı!

          1984

 

 

İllərin töhfəsi

İllər ömrümüzə iz salıb gedir,
İllər əvəz edir biri birini.
Yaşayır, sevilir, ucalıb gedir,-
İnsan unutmayır qədəmlərini.

İllər zəhmət ili, çəkic-oraqlı,
Bayraqlar bəxş edib Azərbaycana.
Qələbə sədalı, sevinc soraqlı,
Bərəkət gətirib Milə, Muğana.

Hər ilin işıqlı müjdələri var,
Təzə çələng hörür hünərdən bizə.
Zəfər bayraqlıdır bu Odlu diyar,
Hamı alqış deyir şöhrətimizə.

İllər də yol gedir, dağlardan aşır,
Onların öz adı, öz ünvanı var.
Bir görün, necə də gözəl yaraşır,
Bu Odlar yurduna qızıl bayraqlar.

Təzə arzularla ucalırıq biz,
Yaranan illərdən illərə qalır.
Coşur məhəbbətlə ürəklərimiz:
İllərin töhfəsi ellərə qalır.

            1979

 

 

Varşavada sovet döyüşçülərinin abidəsi önündə

Addım-addım, qarış-qarış
Dolaşıram bu şəhəri!
Xəyalımdan gəlib keçir
Varşavanın həm dəhşətli
Dar günləri,
Həm də onun azadlığa qovuşduğu
Xoş səhəri!
Dolaşıram həyəcanla, qürur ilə,
Burda susan həmyerlimin
Arzuları, xəyalları
Qulağımda gəlir dilə!
Dolaşıram bu şəhəri
Döngə-döngə, küçə-küçə.
Düşünürəm dünənini, bu gününü
Meydanlardan, küçələrdən
Keçə-keçə!
Möhtəşəm bir abidəni görmək üçün
Tələsirəm!
Qarşısına düzəcəyim çiçək üçün
Tələsirəm!
Qardaşlığın rəmzi olub,
Adi heykəl deyildir bu!
Varşavanı faşistlərdən
Əlbəyaxa qoruyubdur
Polyak xalqı, Qızıl Ordu!
Bu gün üçün,
Sabah üçün
Özlərini burda oda
Atanlara baş əyirəm!
Bu torpaqda dəfn olunub
Yatanlara baş əyirəm!
Sinəsini güllələrə hədəf edən,
El yolunda qurban gedən
Milyonlara baş əyirəm!
Sözlərindən dönməzlərə,
Günəş kimi sönməzlərə –
Mən onlara baş əyirəm!
İnsanlara baş əyirəm!

1979

 

 

Berlində, Treptov-Parkda

Xilaskar döyüşçünün,
Qalib gələn əsgərin
Abidəsi önündə
Əbədi məşəl yanır.
Əlli milyon insanın
Ürəyində torpağa
Gömülən əməl yanır!
…Xalqımın şahinləri
Faşistlərdən burada
Qisas almağa gəldi!
Şanlı zəfər marşını
Coşub çalmağa gəldi!
Gəldi Odlar yurdunun
Qorxmaz qəhrəmanları!
Ölüm saçan güllələr!
Sarsıtmadı onları!

Köksündə səngərlərə
Atəş gətirdi hər kəs.
«Od oğluyuq!» – söyləyib,
Günəş gətirdi hər kəs!
Gəldi Babək qeyrətli,
Mehdi cürətli xalqım!
Mərd Koroğlu nərəli,
Həzi qeyrətli xalqım!
Bu heykəlin önündə
Durub baş əyirəm mən!
Atam düşür yadıma,
Həyəcandan, kədərdən
Əsib titrəyirəm mən!
Xilaskar döyüşçünün
Qalib gələn əsgərin
Abidəsi önündə
Əbədi məşəl yanır!
Əlli milyon insanın
Ürəyində torpağa
Gömülən əməl yanır!

1979

 

 

Muzeydə ürək

Buhenvaldakı muzeydə bir əsirin güllə dəymiş ürəyi spirtin içərisində saxlanılır.

Bir muzey var Buhenvalda –
Nələr gördüm, orda nələr…
Vərəqlənir faciələr.
Dillə desəm dilim yanar,
Cürət edib yazammıram,
Qələm tutan əlim yanar.
Burda dərdim ümman oldu,
Heç bilmirəm necə gəzəm?
Sanki nitqim tutulubdur,
Həmdəmim dərd, sirdaşım qəm!
Vitrinlərdə qız-gəlinin
Hörükləri, saçları var.
Sahibləri çoxdan ölüb,
Buhenvalda saçlar yaşar.
Görün neçə insan soyub
Əl çantası düzəldiblər?
Hələ sağkən əsirlərin
Ağzından çıxarılıb
Muzeydəki qızıl dişlər.
Gözəllərin sümüyündən
Hazırlanan stolüstü lampaya bax!
Örtüyünü bir gəlinin
Bədənindən soyub bəlkə
Qan hərisi, faşist alçaq.
Bu da qadın əlcəyidir,
Onun üçün sevən bir gənc
Diri-diri soyulubdur.
Faşistlərə nifrət rəmzi –
Muzeylərə qoyulubdur.
Ağaclardan düzəldilmiş
Ağır əsir başmaqları.
Cırım-cındır paltarları.
İnsanları bu dəmirlə
Döyən zaman
Eseslərin ağrıyıbmı
Daş ürəyi, qəlbi barı?
Şuşə qabda saxlanılan
Yaralanmış ürəyə bax.
Güllə dəymiş məhəbbətə,
Güllə dəymiş arzulara,
Yaralanmış diləyə bax!
Axı, ürək görsənməyir,
Axı, ürək sinədədir?
Görən kimin od köksündən
Çıxarılıb?
Muzey nədir, ürək nədir?
Buhenvalda məskən salıb
Faciələr, ağrı, acı,
Saxlanılır krematori,
Bax, bu da qaz kamerası.
Eksponat dar ağacı!
Burda, cərrah otağında
Əsirlərin sinəsini
Parçalayıb ürəyini
Çıxarıblar.
Baxın, cərrah alətinin
Üzərində qan izi var!
Bu, boyölçən, bu da xərək!
İnsan oğlu sinəsinə
Ürəyinin əvəzinə
Daş bağlaya burda gərək!

1983

 

 

Tallində əbədi məşəl

Xəzər sahilindən qonaq gəlmişəm,
Necə səfalıdır bu gözəl diyar.
Nədənsə burada çox kövrəlmişəm,
Qəlbimdə atamın intizarı var.

Gəlmişəm dost elə xoş niyyət ilə,
Naməlum əsgərin övladı kimi.
Gəzirəm şəhəri məhəbbət ilə,
Hərdən də çuğlayır qəm ürəyimi!

Soruşdum atamı dönə-dönə mən,
Neçə döyüşçüdən, mərd veterandan.
Qələbə naminə odlardan keçən,
Şərəfli, müqəddəs neçə insandan.

Bəlkə bu torpağa axıb al qanı?
Bir namərd gülləsi susdurub onu?
Bu yolda gəzərəm bütün dünyanı,
Gəlib çatanadək ömrümün sonu!

Çox yeri dolaşdım mən bu şəhərdə,
Əbədi məşəlin önünə gəldim.
Naməlum əsgərə baş əydim bir də,
Qəlbim sakitləşdi, bir az dincəldim!

Naməlum deməyin bu əsgərə siz,
Nakam ölənlərin əvəzidir o!
Adıyla bağlıdır zəfərlərimiz,
Kim ki, İtkin düşüb, əvəz edir o!

Sükuta dalıram heykəl önündə,
Burda həmsöhbətim sükutdur yalnız.
Bir vaxt bu şəhərdə, ən çətin gündə
Qurban gedib neçə oğlan, neçə qız!

Nurlandırır sönməz məşəl üzümü,
Soyuqda əlimi hey isidir o!
Qoy eşitsin bütün dünya sözümü,
Məşəl yox, atamın nəfəsidir o!

1977

 

 

Brest qalası

O bir elin iftixarı,
Bəşəriyyət tarixində
Basılmayan, yenilməyən
Qala oldu.
Döyüşdülər, sinələrdə
İgidlərin qızıl qanı
Lalə oldu.
Onu atam qoruyurdu,
Onu babam qoruyurdu.
Onu bütün beloruslar,
Elim, obam qruyurdu.
Qoruyurdu döyüşlərdən
Qalib çıxan Qızıl Ordum.
Qoruyurdu zaman özü.
Qoruyurdu doğma yurdum.
Xalqım kimi, ölkəm kimi
Qala-şəhər mərd dayandı.
Şanlı zəfər eşqi ilə
Ürəklərdə günəş yandı.
Bu qalanın görkəmində
Bir millətin
Qeyrəti var.
Bir ölkənin
Şöhrəti var.
Bir-birinə qardaş deyən
Yekdil sovet xalqlarının
Yenilməyən qüdrəti var.
Bu qeyrəti, şücaəti,
Diz çökməyən məğrur qala
Əsrlərdən-əsrlərə daşıyacaq.
Bu qalanın mətanəti,
Əfsanəvi qəhrəmanlıq –
Nəsillərdən-nəsillərə
Yaşayacaq.

1975

 

 

Yeddi dağ

Bərdədə Vətənin azadlığı yolunda yeddi oğul itirmiş ananın heykəli qoyulmuşdur.

Qarşında sükutla baş əydim, ana,
Vətən timsalısan, məğrur, vüqarlı.
Xeyir-dua verdin övladlarına,
Yurdum basılmazdı, el etibarlı.

Sübh çağı qarşında baş əydim, ana,
Babəklər göndərdin döyüşlərə sən.
O zaman uşaqdım, körpəydim, ana,
İndi dərk edirəm nə çəkmiş Vətən!

Kişi qeyrətlisən, dağ ürəklisən,
Yeddi oğul doğub böyütiək hünər.
Süd verdin döşündən igidlərə sən,
Yeddi oğul getdi, yeddi qorxmaz ər.

Yeddi dağ çəkildi sinənə sənin,
Yeddi qara kağız, yeddi bəd xəbər!
Sınaq anlarıydı onda ölkənin,
Onlar sinəsini eylədi sipər!

Yeddi güllə dəydi sənin köksünə,
Heykələ dönməzdin ölsəydin əgər.
Dözdün əzablara, dözdün dar günə,
Mayın doqquzunda güldü diləklər!

İnamla gözlədin zəfər gününü,
Yağıdan qisasın alınmalıydı.
Ümidlə yaşadın sən hər gününü,
Adın tarixlərə salınmalıydı!

Abidən önündə yeddi məzar var,
Yeddi bənd yarandı mənim də şeirim.
Məşələ çevrilib yanır arzular,
Çələngdir, əklildir düşüncələrim!

1982

 

 

Kiyev televiziya qülləsi önündə düşüncələr

Bir vaxt burda yüz qırx min
Günahsız ürək susub.
Yüz qırx min arzu sönüb,
Yüz qırx min dilək susub.
Məsum körpələrin qışqırığından,
Yazıq anaların hıçqırığından
Adamlar sarsılıb –
Ahı, amanı, düşmənə nifrəti
Yüksəlib göyə.
Onların qəzəbi ürəklərində
Çevrilib bombaya, odlu gülləyə!
Yüz qırx min ürəyin
Qəzəb dolu səsindən
Bir mahnı bəstələnib –
Əbədiyyət mahnısı,
Qalibiyyət mahnısı.
Göyün, yerin mahnısı
Ölməzlərin mahnısı!
Hər il qələbə günü
Dalğalanır o mahnı,
Yüz qırx min faciəni
Yenə anır o mahnı!
Dayanmışam o qüllənin önündə,
O böyük, o möhtəşəm abidənin önündə.
Səslənir qulağımda
Qalibiyyət mahnısı!
Əbədiyyət mahnısı!
Göyün, yerin mahnısı!
Ölməzlərin mahnısı!

1974

 

 

Şair Ənvər Əlibəyliyə

Orda, Mozdok ətrafında
Candan keçdi qartallarım.
Zəfər üçün, hünər üçün
And da içdi qartallarım!
Qanlı döyüş meydanında
Telli sazım yaralandı.
Güllü yazım yaralandı.
Zənn etdim ki, o güllədən
Dədə Qorqud yaralandı.
Tufarqanlı Abbasımın
Məhəbbəti çilikləndi,
Paralandı.
Ələsgərin sinəsində
Telli saza mərmi dəydi,
Kərəmimin əyilməyən
Qamətini fələk əydi.
Sim odlandı, qoşma yandı,
Saz üstündə dümağ sədəf
Xəstə Qasım, Aşıq Qərib
Güllələrə oldu hədəf.
Deşik-deşik oldusa da,
Susmadı saz.
Çanağına barıt iyi,
Qatı tüstü doldusa da,
Susmadı saz!
Mənə elə gəldi o dəm
«Kərəmi»yə, «Cəlili»yə,
«Dilqəmi»yə, «Sarı tel»ə
Güllə dəydi.
Bizim Odlar diyarına,
Doğma elə güllə dəydi.
Saz susmadı, tel susmadı.
Mərmilərə sinə gərən
Bu qəhrəman el susmadı!

1976

 

 

Qəlbimdəsən

Gül ətrindən məst olmuşam
Bura ayaq basmamışdan.
Xoşlamışam hər nəğməni
Hələ qulaq asmamışdan.

Düzlərində yorulmuşam
Qarış-qarış dolaşmamış.
Zirvələrdə eylədim şam,
Dərə keçib, dağ aşmamış.

Buq çayında əksim qalıb
Sularında üzməmişdən.
Qayalarda səsim qalıb,
Hər cığıra bələdəm mən.

Əməksevər insanların
Ülfətinə vurulmuşam.
Belorusiya torpağının
Nemətinə vurulmuşam.

Kim deyir ki, tarlaları
Dönə-dönə gəzməmişəm?
Bağlardakı almaları
Əllərimlə üzməmişəm?

Sanki Odlar yurdundayam,
Nemanı mən Kür sayıram.
Minskin də vurğunuyam,
Bakım kimi xoşlayıram!

Sanki bu gün söhbət edir
Yakub Kolas, Səməd Vurğun.
Təməli bir qoyulubdur,
Sarsılmayan bu dostluğun.

Qonaq kimi tanımayın,
Bu diyara mən bələdəm.
Qəhrəmanlar yurdundayam,
Könlüm gülür, daha nə qəm!

Bələdçim var özüm ilə,
Tək çıxmadım bu gün yola.
Şeiri ilə qəlbimdədir
Petrus, Maksim və Kupala!

1975

 

 

Belorusiyada

Qədəm basdım bu torpağa,
Odlu qəlbim döndü dağa,
Heyran oldum bağça-bağa –
Öz Muğanım, Millim kimi!

Neman ilə qucaqlaşdım,
Dalğalartək aşıb-daşdım,
Çəmənləri çox dolaşdım –
Gül-çiçəkli çölüm kimi!

Qayalarda sözüm qaldı,
Göy sularda gözüm qaldı,
Sahillərdə izim qaldı –
Gül topladım, gülüm kimi!

Bu torpaqda qeyrət gördüm,
Bu torpaqda cürət gördüm,
Bu torpaqda şöhrət gördüm –
Doğma obam, eli kimi!

1975

 

 

Atamı görürəm

Ukraynada özümü
Qonaq saymayıram mən.
Doğma ata evinə
Gəlmişəm öz evimdən.

Bu yerlərin hər daşı
Durub qəhrəman kimi.
Bu yurdun hər qayası
Danışır insan kimi.

Bu gün nağıla dönmüş
Ötənlərdən danışır.
Səngərlərdə öləndən,
İtənlərdən danışır.

Danışır yana-yana,
Söyləyir aram-aram.
Ona qulaq asdıqca
Göynəyir mənim yaram.

Onun hər qəlpəsində
Berlinə igidliklə
Çatanı görürəm mən.
Onun hər kəlməsində
Atamı görürəm mən!

1974

 

 

Kiyevin çiçəkləri

Bu şəhərdə hər yan çiçək,
Bu şəhərdə hər yan güldür.
Necə əlvan çiçəklərdir,
Görün necə əlvan güldür.
Burda tamam aldır çiçək,
Qan rənginə çalır onlar.
Dan yerinin şəfəqitək
Qırmızıdır qərənfillər.
Qırmızıdır qızılgüllər.
Qırmızıdır süsən, zanbaq,
Axı dörd il igidlərin
Qanı ilə suvarılıb
Bu müqəddəs ana torpaq!

1974

 

 

Gürcüstan bağlarında

Dolaşdıqca doymazsan
Güllərin xoş ətrindən.
Bir an bihuş olarsan
İylədikcə gülü sən!
Baxdıqca ağaclara
Gözün budaqda qalar.
Meyvələrin ləzzəti,
Dadı damaqda qalar.
Nemətlər aşıb-daşar
Hər payız çağlarında,
Gürcüstan bağlarında.

Günəş yandırıb-yaxır,
Amma bağça sərindi.
Bu dadlı meyvələrdən
Öz əlinlə dər indi.
Qəm eləmə, şən qızlar,
Bülbültək ötər indi!
Qəlbinə od salmağa
Növbə – gözəllərindi!
Onlar dərər almanı,
Nəğmə dodaqlarında –
Gürcüstan bağlarında!

Ürəyin ilham alar
Hər baxışdan, gülüşdən.
Görüb fərəhlənərsən
Gül ətirli, gül işdən.
Salxımlara nəzər sal,
Düzüm-düzüm şirindi.
Gözəllərin nazımı,
Yoxsa üzüm şirindi?
Gözün qalar qızların
Alma yanaqlarında –
Gürcüstan bağlarında!

Bir gürcüyə qona qol,
İç Kaxet şərabından.
Yaşayacaq bu yerlər
Xəyalında hər zaman.
Unudarsan az qala
Tamam dini, imanı,
Gəl ürəkdən vəsf elə
Sən bizim Şeyx Sənanı.
Əmlik quzu kababı
Bişər ocaqlarında –
Gürcüstan bağlarında!

1979

 

 

Narahat dəniz

Dənizə açılır burda pəncərəm,
Baltik dalğalanır gözüm önündə.
Çoxdan istəyirdim yaxında görəm
Dənizi küləkli, tufanlı gündə.

Dalğalar dam boyda, dalğalar uca,
Gör necə qovurlar biri-birini?
Yaman narahatdır dəniz bu gecə,
Çırpır sahilinə ləpələrini.

Dəniz narahatdır, dəniz qəzəbli,
Vahimə doğurur dalğanın səsi.
Yaradır öz əli, yazır öz əli,
Dalğadan doğulur dəniz nəbməsi.

Dalğa yorulmayır, dalğa bezməyir,
Sahili öpməyə dalğlara gəlir.
Dümağdır ləpələr, görənlər deyir:
– Dənizdən sahilə bəlkə qar gəlir?

Gecə qulağımda əks olan bus əs
Dənizin döyünən, vuran nəbzidir.
Uğultu, gurultu çəkdiyi nəfəs,
Təlatüm, fırtına, boran nəbzidir.

Yenə otağımda qonaqdır dəniz,
Bu gecə adına söz qoşuram mən.
Sübhəcən danışdıq, göz yummadıq biz,
Həzz aldım qəlbinin nəriltisindən.

Baltiklə doyunca söhbət eylədim,
Gecəni uyudu qulaqlarımda.
Mavi Xəzərimdən salam söylədim,
Bu nəğmə səsləndi dodaqlarımda!

1982

 

 

Gətir, gəl

Əməkçi dost, bayramına sən bu gün
Bağçaların nemətini gətir, gəl!
Doğma kəndin dastanlara sığmayan
Nağılını, söhbətini gətir, gəl!

Bu torpağı məhəbbətlə əkən sən,
Becərərək qayğısını çəkən sən,
Gecə-gündüz alın təri tökən sən,
Ürəyinin həsrətini gətir, gəl!

Gələcəyi, zəfərləri anan var,
Sürəyya var, zəminə var, Şaban var,
Fərzəli var, Şamama var, Tərlan var,
Nəğmələrdə şöhrətini gətir, gəl!

İlk baharın, gül-çiçəyin ətrini,
Göy çəmənin, biçənəyin ətrini,
Nəfəsində sən çörəyin ətrini,
Dözümünü, cürətini gətir, gəl!

Gündən-günə gözəlləşir bu dövran,
Sabahını sənsən quran, yaradan,
Gecələri gündüzündən çıraqban,
Doğma kəndin hikmətini gətir, gəl!

1983

 

 

Sosialist əməyi qəhrəmanı Şaban Rzayevə

Gözəl Qarabağın igid övladı,
Hər yanda hörmətlə çəkilir adı,
Zəhmətdir dünyada qolu, qanadı,
Sevir tarlaları, Şaban qardaşım!
Elin iftixarı, Şaban qardaşım!

Çölləri, üfüqü yenə seyr edir,
Arzusu, istəyi çiçək-çiçəkdir,
Köksündə çırpınan odlu ürəkdir,
Bilirəm mən bunu, Şaban qardaşım!
Torpağın vurğunu, Şaban qardaşım!

O, öz ilhamını bu eldən almış,
Zəfərlər ardınca zəfərlər çalmış,
Günəşə ucalmış, aya ucalmış,
Sanki pəhləvandı, Şaban qardaşım!
Əsl qəhrəmandı, Şaban qardaşım!

Səhər salam verib doğan günəşə,
«Mavi gəmi»sini salacaq işə,
Əməkdi qisməti onun həmişə,
Yenilməz, vüqarlı Şaban qardaşım!
Mətin, etibarlı Şaban qardaşım!

Torpağa bağlıdır şöhrəti, şanı,
Torpaq müqəddəsdir, torpağı tanı,
Şabanlar ucaldıb Azərbaycanı,
Daima irəli, Şaban qardaşım!
Polad iradəli, Şaban qardaşım!

Ələ bilməyibdir nədir yorulmaq,
El yanında alnıaçıq, üzü ağ,
Köksündə daha bir ulduz yanacaq,
Yurdun Ağcabədi, Şaban qardaşım!
Şöhrətin əbədi, Şaban qardaşım!

1981

 

 

Sosialist əməyi qəhrəmanı Matvey Popova

Cəbhədən-cəbhəyə atılmısan sən,
Alovlar görmüsən, odlar görmüsən.
Yağılar sarsılıb güllələrindən,
Ağır döyüşlərə sinə gərmisən.

Halal əməyinin bəhrəsi kimi
Döşündə bərq vurur qızıl ulduzun.
Cəbhən gen tarlalar, məskənin zəmi,
Yaxın sirdaşısan hər oğlun, qızın!

Sevincin ümmantək çağlayıb-daşır,
Elin nemətini topladıqca sən.
Baxdıqca zəmiyə gözün qamaşır,
Daim güc alırsan halal əməkdən.

Yenə də əsgərsən, zəhmət əsgəri,
Çıxırsan düzlərə dəmir atınla.
İsitdin torpağı, isitdin yeri,
Vətən məhəbbətin – mükafatınla!

Bir insan ömrüdür gözündə hər dən,
Davada çörəyə həsrət qalmısan.
Söz açdım döyüşdə, işdə hünərdən,
Sən iki cəbhədə zəfər çalmısan!

1980

 

 

Üzümçü şairə

Qəlblərə yol açdın nəğməylə, sözlə,
Könlün dil-dil ötən kamandır, bacı!
Ürək də ürəkdir atəşlə, közlə,
Sevincin, ilhamın ümmandır, bacı!

Nə gözəl səslənir gör şeirin sənin,
Ana ürəyindən süzülüb gəlir.
Düşmüşük sehrinə yeni nəğmənin,
Sözlər mirvaritək düzülüb gəlir.

Gərək hər misranın, hər sözün üstə
Qəlbi alovlana, yana şairin.
Dil aça rübabı, qəlbi ahəstə,
Üzümçü şairin, ana şairin.

Əməyin ətrini duydum şeirindən,
Şairəm, deməyə ehtiyat etdim.
«Yarışa bilməzsən onun ilə sən» –
Bir nəğmə eşitdim, bir səs eşitdim!

O şeiri yazıbdır ana əlləri,
Hər sözü torpağa, elə məhəbbət.
Zəfərlə vurursan başa illəri,
Qəlbə ilham gəlir, qollara qüvvət!

«Ömür xoş keçərsə, nəğmədir həyat!» –
Nə gözəl demisən, a şair bacı?
Zəhmətsiz yaşasa, de nədir həyat?
Çaldığın zəfərdir başının tacı!

1980

 

 

«Qələbə»nin qələbəsi

Tovuz rayonundakı «Qələbə» üzümçülük sovxozunun əməkçilərinə

«Qələbə» adını verdilən sənə,
Dedilər: – Zəfərlər qismətin olsun!
Bu doğma torpağa, doğma Vətənə
Hədiyyən – tükənməz nemətin olsun!

Qələbə! Bu sözün mənası dərin,
Dörd il qan tökmüşük onun yolunda.
Qadalı illərin, qanlı illərin
İnamı, dözümü yaşayır onda.

Bu sözün qədrini bilir üzümçü,
Qələbə naminə çalışır hər kəs,
Hər bayraq alanda gülür üzümçü,
Halal zəhmətinə söz ola bilməz!

Torpağa nur yağdı alın tərilə,
Al bayraq dalınca al bayraq gəldi.
Fəhlə – öz əməyi, öz əməlilə,
Günəşə yüksəldi, Aya yüksəldi.

Ürəklər iş üstə dinir ilhamla,
İnam biləklərdə dözümə dönüb.
Üzümçü alnından düşən hər damla
Salxımda bir gilə üzümə dönüb.

Gözlərə sevinctək axıb dolubdur,
Fərəhdən köksümü dağ edir üzüm.
Torpağın gözəllik rəmzi olubdur,
Ellərin üzünü ağ edir üzüm!

Gəzib dolaşdıqca bü qədim kəndi,
Elə zənn edirsən şəhərdir, şəhər.
Görürsən gecələr nura bələndi
Eyvanlı otaqlar, geniş küçələr!

Baxıb heyran qaldım gördüklərimə,
Bir də unutmaram o xoş günləri.
«Qələbə!» – Bu adı mənim şeirimə
Tovuzda nəqş etdi onun hünəri!..

1980

 

Baykal-Amur nəğməsi

Yuxuya dalmış qarlı tayqada,
Ulkan adlı bir şəhər qurursan.
Şirin sözlərin düşdükcə yada,
Gözüm önündə gəlib durursan!

Baykal-Amurda
Yol çəkən yarım!
Zəfər naminə
Tər tökən yarım!

Qoy ürəyimi isitsin eşqin,
Azərbaycanın Fərhadı ol sən!
Əhdi-peymanı kim unudar, kim?
Güləcək ellər zəfərlə gəlsən.

Baykal-Amurda
Sən vüqarımsan.
Fəxrim, sevincim,
İgid yarımsan!

Sular kimi saf məhəbbətini
Qoruyuram mən gözlərim kimi.
Sənin o şəffaf məhəbbətini
Gəzdirər qəlbim sözlərim kimi!

Baykal-Amurda
Ürəklə işlə!
Ucalır insan
Diləklə, işlə!

Mənim qəlbimdən sənin qəlbinə
Uzanıb gedən bir yol çəkmişik.
Gözəgörünməz o yolda yenə,
Xoş ətir yayan güllər əkmişik!

Səslənsin qəlbin
Telli saz kimi!
Qoy dinsin qəlbin
Kür-Araz kimi!

1978

 

 

Bəs nə vaxt…

Televizorla Şəhriyarın səsinə qulaq asarkən

İlk dəfə səsini eşitdik, ustad,
Axıb gilələndi gözlərimdə yaş.
Könlüm gah sızladı, gah da oldu şad
Niyə həsrət qalsın qardaş qardaşa?

Üzdü qəlbimizi həsrət, intizar,
Yaman kövrəlmişdi Süleymanımız.
O tayda Savalan, bu tayda Qoşqar,
Birdir Vətənimiz, birdir qanımız.

Yanıqlı səsini bu el dinlədi,
Əks oldu sözlərin qulağımızda.
Xəzər ləpələndi, Göy göl dinlədi,
Səsinə səs verdi kaman da, saz da!

Nələri, nələri andırdı səsin?
Hamını ağlatdın misralarınla.
Bizi Kərəm kimi yandırdı səsin,
Səsinlə qovuşdun öz diyarınla.

Süleyman, Şəhriyar – siz doğma qardaş!
Bir ildə dünyaya göz açmısınız.
Elin nəğməkarı – ellərə sirdaş,
Bu gündən, sabahdan söz açmısınız.

Böyük Şəhriyardır şeir söyləyən,
O, dahi sənətkar, o, nəğməkardır.
Unuda bilmərəm bu anları mən,
Xalqımın ayrılıq nisgili vardır.

Dinlədik, dinlədik, doya bilmədik,
Bizimlə söhbətin bircə an oldu!
Səsini dünyaya yaya bilmədik,
Şəninə söz deyən Süleyman oldu!

Gözlərin yollarda, kədərin ümman!
Təbrizdə Bakının həsrətindəsən.
Bəs nə vaxt insafa gələcək zaman?
Cənubsuz, Şimalsız çağrılsın Vətən!

1981

 

 

Savalan

Gözümü dünyaya açandan bəri
Səni bircə dəfə görməmişəm mən.
Görən kim kəşf edib bu sərhədləri?
Döşündən bir çiçək dərməmişəm mən.

Məğrurluq timsalı, vüqar timsalı,
Zirvən duman olur, zirvən çən olur.
Elin həsrətindən, dərdindən halı
Ürək hey sızlayır, ürək yorulur.

Oğluna Savalan deyib analar,
Azad nəfəs alıb, təsəlli tapıb.
İgid savalanlar səni analar,
Sənə qovuşalar səngərə yatıb.

Nə ola o tayda qan qardaşımla
Gəzib-dolaşaydım yamaclarını.
Öz doğmam, əzizim, can qardaşımla
Yarama basaydım zirvə qarını.

Uca Şahdağıtək sən əzəmətli,
Başının üstündən il gəlib keçir.
Şəhriyar həsrətli, Səhənd həsrətli
El hələ ayrılıq şərbəti içir.

Qoşasız, Qoşqara bir cüt qartdaştək,
Ay uca Savalan, ay Heydərbaba!
Bu acı hicrana neyləsin ürək,
Haçan birləşəcək, o el, bu oba?

Eşit Savalanım, eşit sözümü,
Kaş bircə hüsnünü görə biləydim.
Otların şehində yuyub üzümü,
Gülündən bir çələng hörə biləydim!

Kim saldı araya, kiim dedi görən,
Kim təklif elədi Vətəni bölək?
İstərdim sizinlə anam bişirən
Küncütlü fətiri, kətəni bölək!

1983

 

 

Moskva-Tehran qatarında

Ay Tehrandan gələn qatar,
Sən Təbrizdə dayanmısan.
Həsrətimi bilən qatar,
Kövrəlmişəm yenə yaman!
Nəfəsində Təbrizimin
Havasını gətirmisən.
Qardaşımın arzusunu
Bakımıza yetirmisən.
Təbrizimdən keçən qatar!
Payız çağı gül ətirli
Havasından içən qatar!
Mən həsrətəm o yerlərin
Hər fəslinə, hər çağına!
Yalnız hava gətirmisən
Azərbaycan torpağından
Azərbaycan torpağına?
Gəzib bütün vaqonları
Havasından udum-udum.
Gözü yolda Şəhriyarı
Axı necə mən unudum?
Vaqonlarda gələn hava
Ürəyimin məlhəmidir.
Bəzən insan ümidi də
Yarasına məlhəm edir.
Ay Təbrizdə nəfəs alan,
Ay Təbrizi görən qatar!
Neçə nakam arzulardan
Mənə çələng hörən qatar!
Tale çoxdan yolda qoyub
Millətimin gözlərini.
Söylə haçan oxuyacaq
Vaqonların üzərində:
«Bakı – Təbriz » sözlərini?

1983

 

 

Səni xatırlayanda

Toy həsrəti

Bir günəşüzlüyə aşiq olmuşam,
Nədənsə qəlbimi aça bilmirəm!
Təmiz məhəbbəti bir şam olub, şam,
Onun işığından qaça bilmirəm!

Eşqi, xəyalilə döyünür ürək,
Söhbəti şirindi, sözü şirindi!
Hüsnünə baxdıqca öyunür ürək,
Həsrəti şirindi, nazı şirindi!

Az qalır canımı ala gözləri,
Bəs niyə doyunca baxa bilmirəm?
Hərdən süzüləndə ala gözləri,
Nəğmətək qəlbinə axa bilmirəm!

Sevgisiz dünyanın nə mənası var,
Beləcə qovrulub yanasan gərək!
Könlümün tək ondan təmənnası var,
Yalnız sevdiyini anasan gərək!

Elə zənn etməyin gileydir sözüm,
Baxışım həmişə onu izləyir.
Payız həsrətilə yol çəkir gözüm,
Onunsa barmağı üzük gözləyir!

1979

 

 

Aydınlıq

Ay gözəl, qarşıma suyla çıxdın sən,
Şəffaf su aydınlıq, üzün aydınlıq.
Aydınlıq yağırdı şən gülüşündən,
Baxışın aydınlıq, gözün aydınlıq.

Yamanca sevindim görəndə səni,
Bu günüm uğurlu olacaq yəqin.
Suyla qarşılasın sevən-sevəni,
Bu görüş yadımda qalacaq yəqin.

Ömrün yollarında səfərdəyik biz,
Yolçuyam, yoluma su çilədin sən.
Səhərə doğrudur bu səfərimiz,
Bəlkə də qəlbində əl elədin sən?

Eşqimiz, yolumuz aydınlıq olsun!
Sevən ürəklərin sözü aydınlıq.
Sağımız, solumuz aydınlıq olsun!
Onsuz da gözləyir bizi aydınlıq.

1983

 

 

Sənsiz – səninlə

Yalqızam otaqda, yalqızam bu gün,
Nə çox düşünərmiş tək qalan insan?
Yaman darıxmışam gülüşün üçün,
Yaman bezikmişəm bu tənhalıqdan.

Tənhayam, xəyallar üzür qəlbimi,
Yoldaşım sənsizlik, sirdaşım sükut.
Ayrılıq üstündə köklənən simi
Dilləndir əlinlə, keçmişi unut.

Çox şeyi düşündüm, götür-qoy etdim,
Hey gəzib-dolaşdım dağı, aranı.
Səsini dinlədim, səni eşitdim,
Yazdım yaddaşıma hər şirin adı.

Bu gün sənsizliyə mən sinə gərdim,
Kim deyir tək idim otağımda mən?
Xəyalən səninlə söhbət edirdim,
Gəlirdi qəlbimdən səsin, qəhqəhən.

1983

 

 

                ***

Əzizim yaxşı bil, mən əzəl gündən
Səni ürəyimin həmdəmi saydım.
Yeni nəğmələrim doğulardımı,
Eşqinlə dünyaya bağlanmasaydım?

Könlümü coşdurur saf məhəbbətin,
Sevgidən, hicrandan bir az halıyam.
Sənin günəş kimi təmiz eşqini
Canımda, qanımda yaşatmalıyam.

1984

 

 

Amandır

Seyr edib uzaqdan soyuq baxışla,
Qəlbimi odlara yaxma, amandır.
Varsa qəbahətim əfv et, bağışla,
Yadların sözünə baxma, amandır!

Bir dəfə yaradıb bu dövran məni,
Bir gün götürəcək aradan məni,
De, niyə qınasın hər nadan məni?
Su olub hər yana axma, amandır!

Hər günün, hər ayın qədrni bilək,
Birlikdə şadlanaq, birlikdə gülək,
Odlar diyarında sevək, sevilək,
Şimşəktək qəlbimdə çaxma, amandır!

«Cahan daimidir, ömür amanat»,
Məhəbbət insana verir qol-qanad,
Ay ilham pərisi, gəl dadıma çat,
Könlümün evini yıxma, amandır!

Özün müqəddəssən, özün müqəddəs,
Tək sənin eşqinlə alıram nəfəs,
Səni sevməyibdir Əli tək heç kəs,
Oxumu daşlara çaxma, amandır!

1984

 

 

Olmayır

Darıxma, hər şeyin vaxtı var, – dedin,
Axı, ayrılığa dözmək olmayır.
Güləcək üzünə ilk bahar, – dedin,
Yox, səndən aralı gəzmək olmayır.

Darıxma, səbr elə, – demək asandır,
Sənin əsirinəm xeyli zamandır,
Eşqinlə yandığım demə bir andır,
Bəzən ürəkləri sezmək olmayır.

Darıxma, döz, – dedin, dözməliyəm mən,
Hicranla, həsrətlə gəzməliyəm mən,
Təzə-tər gülümsən üzməliyəm mən,
Gül var ətirlidir, üzmək olmayır.

Tapa bilərsənmi bir də sən məni?
Görmüsən kədərli, həm də şən məni,
Qoyma ki, bürüsün duman, çən məni,
Hər dayaz dəryada üzmək olmayır.

Günəşli gündüzü gəl gecə sayma,
Bu eşqi ötəri, əyləncə sayma,
Əlinin gözünü yollarda qoyma,
Eşqindən çəkinmək, bezmək olmayır!

1984

 

 

Kaş ki görə biləydin…

Eşqinə inanmıram,
Deyəndə, ay gözəl qız,
Yaman xətrmə dəydin.
Ürəyimə əbədi
Həkk olunan əksini
Kaş ki, görə biləydin…

1984

 

 

Gözlərin

Mənalı, mənalı baxaraq hərdən
Qəlbimə odları saldı gözlərin.
Özüm də bilmirəm, bilmirəm nədən?
Nitqimi əlimdən aldı gözlərin!

Sevib-seviləndə min cür hal olur,
Hərdən şeyda bülbül, hərdən lal olur.
Eşqin mənim üçün bir xəyal olur,
Bəs nədən fikirə daldı gözlərin?

İnsaf et, nə olar, bir ötərgi bax,
Əlini odlara gəl az yandır, yax,
Axırda bircə söz deyirəm ancaq
Qəlbimdə yadigar qaldı gözlərin!

1967

 

 

Sənin bir sözün…

İnamla dediyin bircə kəlmə söz
Yaşamaq deməkdir, həyat deməkdir.
Nədir köksüm altda bu atəş, bu köz?
Eşqinlə döyünən, yanan ürəkdir!

Bəzən borana da, qara da düşdüm,
Yolumda keçilməz uçurum oldu.
Ömür yollarında dara da düşdüm,
Sevən ürəyimdə eşqin doğuldu.

Həmişə dayandın gözüm önündə,
Tək səni düşündüm, səni yad etdim.
Sınaq anlarında, ən çətin gündə
«Sevirəm» sözünü bir də eşitdim.

Yaxına qoymadım kədəri, qəmi,
Sözümə, əhdimə vəfadar oldum.
Sən ilham çeşməsi, könül həmdəmi,
Əbədi eşqinlə bəxtiyar oldum.

Dünən söylədiyin «Sevirəm!» sözü,
Yolumda qəlbimdə dönüb məşələ!
Məhəbbət həyatın parlaq gündüzü,
Bu sözün ömürü uzundur hələ!

İnamla dediyin bircə kəlmə söz
Yaşamaq deməkdir, həyat deməkdir.
Nədir köksüm altda bu atəş, bu köz?
Eşqinlə döyünən, yanan ürəkdir!

1981

 

 

Məhəbbət yağışı

Səninlə görüşdük buludlu gündə,
Dikildi gah sağa, sola gözlərin.
Bir cüt günəş kimi yanırdı öndə,
Piyalə gözlərin, ala gözlərin.

Qəlbimdə intizar sənə baxdım mən,
Susdum, danışmağa dilim olmadı.
Eşqindən şimşəktək elə çaxdım mən,
Söndüm bircə anda, külüm olmadı.

İlahi gözlərin sehrinə düşdüm,
Dayanıb doyunca baxa bilmədim.
Nağıl dünyasına düşdüm, nə düşdüm,
Arzutək könlünə axa bilmədim.

Saldın ürəyimə eşqin odunu,
Uçdum xəyalların qanadında mən,
Təqsirkar deyiləm, unutma bunu,
Məhəbbət yağışı yağdı göylərdən!

1978

 

 

Səni xatırlayanda

Sevincim aşıb-daşır
Səni xatırlayanda.
Uzaqlar yaxınlaşır
Səni xatırlayanda.

Geridə qalmaq qədir?
Qəm sazı çalmaq nədir?
Vaxtsız qocalmaq nədir?
Səni xatırlayanda.

Əhdimi anıram mən,
Eşqinlə yanıram mən,
Ölümü danıram mən
Səni xatırlayanda.

İlham yaz-yarat, – deyir,
Eşqinlə həyat, – deyir,
Hər arzuya çat, – deyir,
Səni xatırlayanda.

Xoş keçir günüm, ayım,
Sənsən aprelim, mayım,
Haqqım varmı yazmayım?
Səni xatırlayanda.

Havalandım yenə mən,
Səni andım yenə mən,
Yoxa çıxdım duman, çən,
Səni xatırlayanda.

Dilə gəlir arzular,
Qismətim olub bahar,
Əli Vəkil dağ yarar
Səni xatırlayanda!

1982

 

 

İstə məndən

Gül, ürəkdən gülək, gülüm,
Qönçələnsin ayım, ilim,
Gülüstanım, bahar fəslim,
Sən gül-çiçək istə məndən.

Məhəbbətin qəlbə dayaq,
Əhdi duyaq, eşqi duyaq,
Səadəti cüt qoruyaq,
Xoş gələcək istə məndən.

Alnıaçıq yaşayaq biz,
Hər şübhəni boşlayaq biz,
Ürəkdə eşq daşıyaq biz,
Halal çörək istə məndən.

Əbədidir, sönməz közüm,
Yad üzlərə baxmaz üzüm,
Sirdaşmıdır ümid, dözüm,
Odlu ürək istə məndən.

Unudulmar vüsal dəmi,
Rədd eləyək dərdi, qəmi,
Ömrüm boyu sən əhdimi
Doğru, gerçək istə məndən.

1983

 

 

Olmuşam

İnsana hörmət var elimdə mənim,
Adın əzbər olub dilimdə mənim,
Dolan çəmənimdə, çölümdə mənim,
Sənintək bir gülü üzən olmuşam.

Əbədi hakimsən ürəyimdə sən,
Ən şirin arzum da, diləyim də sən,
Ayüzlü gözəlim, mələyim də sən,
Aşiqəm, dərdinə dözən olmuşam.

Gözümün önündən getmirsən bir an,
Bu həsrət, ayrılıq yamandır, yaman,
Barı insafa gəl, ay dəli ceyran,
Ovçuyam arxanca gəzən olmuşam.

1983

 

 

Məni

Bizə beşik olan dünya,
Hey boşalan, dolan dünya,
Qılıncını çalan dünya,
Qoya bilməz ağlar məni!

Gəlib-gedəndən biriyəm,
Qismətimdir sevinclə qəm,
Gözəlliyin əsiriyəm,
Ala gözlər yoxlar məni!

Bir səs gəlir: Qürrələnmə,
Eşq oduna yanıb sönmə,
Göyərçinim, göydən enmə
Bu dünyaya bağlar məni!

1982

 

 

Günəş sanmışam

Eşqini nur yayan günəş sanmışam,
Ala gözlərini unutmaq çətin.
Nə bir uf demişəm, nə usanmışam,
Qolum-qanadımdır saf məhəbbətin.

Üzürsən qəlbimi baxışlarınla,
Dünya gözəlləşir sən gülən zaman,
Əbədi sevgini dərk elə, anla,
Bizdən uzaq olsun qoy həsrət, hicran.

Əhdinə min ümid bəsləyirəm mən,
Ülvi məhəbbətə ehtiyacım var.
Sənsizəm, tək səni səsləyirəm mən,
Həmişə sevilib, sevib insanlar!

1981

 

 

Gözlər danışdı

Yenə sənin ilə gəldiz üz-üzə,
Gözündən yaş deyil, kədər yağırdı.
Ehtiyac qalmadı söhbətə, sözə,
Keçmişə qayıtmaq yaman ağırdı.

Qəfildən küçədə gəldik üz-üzə,
Susdun, baxışında kədəri sezdim.
Bir də baxammadım sehrli gözə,
Bir zaman canımı əsirgəməzdim.

Axırda səninlə gəldik üz-üzə,
Gülüşün, baxışın mənə tanışdı.
Dünən qulaq asdı bulaqlar bizə,
Bu günsə biz susduq, gözlər danışdı!

1982

 

 

Şirin anlar…

Xəyal öz yerimdən qopardı məni,
Bilirsən heç nələr gəldi yadıma.
Gənclik illərinə apardı məni,
Sevişdik, eşqinlə çatdın dadıma.

Məhəbbət kələfi çözələndikcə,
Sevgi günlərini yaşadım bir də.
Sevincdən ürəyim dil açdı necə,
Yenidən gəncləşdik xatirələrdə.

Evin qənşərində dayanardım ki,
Qızlarla keçəndə baxım doyunca.
Səni düşünərdim, hey anardım ki,
Baxışım səpilsin yollar boyunca.

Mənə məhəl qoyub baxmazdın bəzən,
Deyərdin: – Obadan, eldən ayıbdı,
Üz-üzə gələndə söylənərdin sən
– Sirri qonşulara de, kmi yayıbdı?

Gülüm, kənd yerində söz-söhbət olar,
Kim-kimə vurulub duyardı ellər.
Zarafat eyləyib hərdən oğlanlar:
– Sənin də gözaltın vardır? – deyirlər.

Gizli saxlasaq da ürəyimizdə,
Gün gəldi şüara döndü eşqimiz.
Onu əzizlədik diləkdə, gözdə,
Xoşbəxtik, qoruduq məhəbbəti biz.

Dindi xatirələr, o şirin anlar,
Yandım atəşində, dondum qarında.
Kaş sevib-sevilən qızlar, oğlanlar
Dəyişməz qalsınlar sevdalarında!

1982

 

 

Ürəyimdə

Yetişdi dadıma qələm lə kağız,
Əriyib, dağ olub söz ürəyimdə.
Müqəddəs eşqindən yaranıb yalnız
Atəş ürəyimdə, köz ürəyimdə.

Sönməzdir köksümdə saf eşqin odu,
Əriyib yox oldu hicran buludu.
Kədər də, qüssə də uçub yox oldu,
Salmısan silinməz iz ürəyimdə.

Hər şeyi bəxş etmir yetənə dünya,
Baxmır nə dumana, nə çənə dünya,
Qıyacaq həm sənə, həm mənə dünya,
Qəlbimdən keçəni sez ürəyimdə.

Səadət qoy bizdən uzaq olmasın,
Öndə nə uçurum, nə dağ olmasın,
Nəzərin üstümdən uzaq olmasın,
Nə qəmlən, nə də sən bez ürəyimdə.

Əli Vəkil yaşayarmı, de sənsiz?
Sevinərmi, şad olarmı, de sənsiz?
Bircə misra doğularmı, de sənsiz?
Həmişə səbr elə, döz ürəyimdə!

1981

 

 

İki dünya

Günəşsən, ömrümdə nur yayan günəş,
Mən səni bəyənib sevdiyim gündən.
Ay eşqin yolunda parlayan günəş,
Bir canda birləşdik həm sən, həm də mən.

Dünya gözlərimdə böyüdü bir az,
Bütün fəsilləri bahar eylədin.
Lap zildə kökləndi sinəmdəki saz,
Təpəydim, ucaldıb Qoşqar eylədin.

Dəyişdi qəlbimin döyüntüləri,
Özümü hamıdan bəxtiyar sandım.
Belə sevməmişdim anamız yeri,
Möhkəmdir inamım, möhkəmdir andım.

Sevinc dənizində üzürəm tamam,
Gecələr işıqlı səhərə dönmüş.
Eşqini o qədər ülvi sanmışam,
Ulduzlar mənimlə görüşə enmiş.

Ölçüb-biçməliyik hər addımı biz,
Axırda paxıllar baxıb gülməsin.
Bir vursun həmişə ürəklərimiz,
Qoruyaq, eşqimiz gözə gəlməsin!

Dünya gözəlləşib gözümdə mənim,
Dəyişib rəngini, ahəngini də.
Tamam şirinləşib sözüm də mənim,
Bir dünya sayıram, gülüm, səni də.

Adınla bağlıdır söhbətim, sözüm,
Sən məni hələ çox ucaltmalısan.
Eşqim – Göyərçinim, ay iki gözüm,
Əlini qəlbində qocaltmalısan!

1983

 

 

İnam

İnamla, həsrətlə gözlədim səni,
Nə yaman gecikdin, nə yaman, gülüm!
Xəyalən axtardım, izlədim səni,
Yorulmaq bilmədən mən hər an, gülüm!

Yaşadım eşqinlə, xəyalınla mən,
Bilirdim haçansa qayıdacaqsan.
Hər yanda söz açdım sədaqətindən,
Bizimlə gizlənpaç oynadı zaman.

Bilirdim, bilirdim qayıdacaqsan,
Qol-qanad verirdi bu inam mənə.
Dözülməz olsa da ayrılıq, hicran,
Ümid bəsləyirdim məhəbbətinə!

Durmuşuq səçinlə indi üz-üzə,
İnana bilmirəm bu həqiqətə.
Ehtiyac varmıdır söhbətə, sözə,
Birlikdə dözmüşük biz bu möhnətə.

Yaxşı ki, gəlmisən, gec də olsa sən,
Xəyalən keçmişə gəl dönək, gülüm!
Qəlbimdən heç yana getməyəcəksən,
İlk eşqin odunda isinək, gülüm!

1982

 

 

Bu dünyada

Öz yeri

Fəsillər ardınca gəlir fəsillər,
Qışın öz yeri var, yazın öz yeri.
Mizrab toxunduqca dil açır tellər,
Tarın öz yeri var, sazın öz yeri.

İşıqlı dünyaya vurulur könül,
Çaylartək çağlayır, durulur könül,
Gözəllik önündə qul olur könül,
Dağın öz yeri var, düzün öz yeri.

Bir-bir yola salır illəri insan,
Cənnətə döndərir hər yeri insan,
Dərk edir ulduzlu göyləri insan,
Ürəyin öz yeri, gözün öz yeri.

Eşqin badəsini içən aşiqlər,
Bu yolda canından keçən aşiqlər,
Yaxşını yamandan seçən aşiqlər,
İpəyin öz yeri, bezin öz yeri.

Dəyişir kainat, dəyişir zaman,
Kimi sərraf olur, kimi də nadan,
Gözümüz doymayır ulu dünyadan,
Çoxun öz yeri var, azın öz yeri.

Sabaha inamla baxmalıyıq biz,
İllərin əlini sıxmalıyıq biz,
Uca zirvələrə çıxmalıyıq biz,
Yolun öz yeri var, izin öz yeri.

Kimi bağ becərib barını dərdi?
Mənim söz dərdimi el-oba dərdi,
Əli, öyünməyin bəlkə hədərdi?
Odun öz yeri var, sözün öz yeri.

1979

 

 

Məndən soruş

Dağlar çoxdur bu dünyada,
Dağlar düşər tez-tez yada,
Vurulmuşam mən bu ada –
Sən Qoşqarı məndən soruş!

Nəğmə deyər şəlalələr,
Saçlarını darar, sərər,
Duydum nələr, sezdim nələr,
Bulaqları məndən soruş!

Könlüm xalqa, elə vurğun,
Muğanıma, Milə vurğun,
Yamaclara, çölə vurğun –
Yaylaqları məndən soruş!

Məhəbbətin odu sönməz,
Könlüm quşu göydən enməz,
Neyləmişəm, küsüb, dinməz?
Nazlı yarı məndən soruş!

Odlar yurdu canım mənim,
Damarımda qanım mənim,
Eşqim, adım, sanım mənim –
Bu diyarı məndən soruş!

1982

 

 

Dünyanın

Bəlkə də min kərə dolub-boşalıb,
Uzundur söhbəti-sözü dünyanın!
Vaxt olub insandan qisas da alıb,
Görün necə bozdur üzü dünyanın.

Uca zirvələrə qonan da bizik,
Eşqin atəşində yanan da bizik,
Qışın şaxtasında donan da bizik,
Xoş gəlir adama yazı dünyanın.

Ağır zərbəsindən ağlayan olub,
Çaylartək kükrəyən, çağlayan olub,
Taleyə min ümid bağlayan olub,
Sönməyib ürəkdə közü dünyanın.

Səni ağladan da, güldürən də o,
Hələ kam almamış öldürən də o,
Gözünün yaşını sildirən də o,
Baş açmır özündən özü dünyanın.

Çayları, gölləri, dənizləri var,
Dağları-dərəsi, gen düzləri var,
Qaranlıq gecəsi, gündüzləri var,
Çoxdur ürəyində sözü dünyanın.

Könüldən Vətənə vurğunlar gedib,
Yazıb-yaradanlar, yorğunlar gedib,
Böyük Nizamilər, Vurğunlar gedib,
Bəs haçan doyacaq gözü dünyanın?

Əli Vəkil, yaxşı yaşa illəri,
Ziynət elə ömrə, yaşa illəri,
Zəhmət ilə çatdır başa illəri,
Bəmdədir, zildədir sazı dünyanın!

1982

 

 

Mənə qalıb

Nazlanan bahardır, qış uzaqlaşıb,
Bülbül mənə qalıb, gül mənə qalıb.
Nəğmədir bu yerdə könül həmdəmim,
Min hava çaldığım tel mənə qalıb!

Çiçəkli, səfalı yaylaq gözəldir,
Dodağı nəğməli bulaq gözəldir,
Yamaclar gözəldir, oymaq gözəldir,
Çəmən mənə qalıb, çöl mənə qalıb!

Bu uca dağları mən də dolaşdım,
Dumanda dolaşdım, çəndə dolaşdım,
Kim deyir bu yerdən gendə dolaşdım?
Zirvəyə uzanan yol mənə qalıb!

Endim yastanadan, keçdim meşədən,
Baharın ətrini içdim meşədən,
Min avaz xoşladım, seçdim meşədən,
Yarpağı dindirən yel mənə qalıb!

Çəmən şehdir, ayağımı soyunum,
Leysanında bir doyunca yuyunum,
Dərə boyu, yal boyunca yuyunum,
Yağış mənə qalıb, sel mənə qalıb!

1983

 

 

Ata nəsihəti

Böyümüsən, boyun boyumdan uca,
Artıq tamam olub on altı yaşın.
Xalqa xidmət elə ömrün boyunca,
Çoxalsın şöhrətin, ucalsın başın.

Qəlbimdən keçəni deməsəm olmaz,
Ata nəsihəti gərəkdir sənə.
El üçün yaşayan heç vaxt yorulmaz,
Öyüdüm havadır, çörəkdir sənə.

Ömrün uzun olsun, deyirəm, oğlum,
Müşfiq sənətinin ömürü qədər.
Yadından çıxarma qurbanın olum,
Vətən bir qaladır, sən sayıq əsgər.

Hələ bilməyirəm kim olacaqsan?
Həyatı, xalqını sev Müşfiq kimi.
Sən də vətəndaşsan, pasport alırsan,
Övladtək sevindir sən Vətənimi.

Sən qədəm qoyursan gəncliyə, oğlum,
Mən isə gənclikdən uzaqlaşıram.
Niyə kövrəlirəm, de, niyə, oğlum?
Atayam, yolunda dağlar aşıram.

Bir adla bir ölkə öyünə bilər,
Layiqli övlad ol, gözümün ilki.
İnsanı sınayır ötüşən illər,
«yaşamaq – yanmaqdır» – gülüş deyil ki.

Bayrağım rəngində pasport almısan,
Öz adın, öz yolun, öz ünvanın var.
Onu sən şərəflə daşımalısan,
Zirvədən-zirvəyə uzanır yollar.

El üçün qəlbini çevir məşələ,
Yaşat Müşfiqin də arzularını.
Əlində həmişə al bayraq elə,
Yurdun vüqarını, el vüqarını!

1981

 

Səslə məni

Odlar yurdu, doğma diyar,
Çoxdur sənin şən günlərin.
Bir-birindən fərəhlidir
Payına düşən günlərin.

Mən də snin övladınam,
Azərbaycan, əziz Vətən.
Mənəm-mənəm söyləyərək
Heç sinəmə döymürəm mən.

Qoy olmayım şadlığında,
Bayramında, toy-düyündə.
Şən keçəcək hər təntənən
Könülaçan xoş günündə.

Yox, yox, məni axtarmayın,
Axtarmayın şən anlarda.
Haraylayın, tapın, dostlar,
Doğma yurdum qalsa darda.

Birdən yadlar diş qıcasa
Bu sevimli yurdum üstə.
Oğulları silahlansın,
Öndə getsin dəstə-dəstə.

Çətin anda mən də olum
Addımlayım ön sırada.
Onda məni axtar, Vətən,
Qoy yolunda gedim bada.

1983

 

 

Qəlbimdəydi Azərbaycan

Qürbət elə düşdü yolum,
Səfər etdim çox ölkəyə.
Bakımızı tərk edəndə
Kövrəlmişdi qəlbim niyə?
Kim deyir ki, yalqız idim,
Kim deyir ki, tək gedirdim?
Qəlbimdəydi Odlar yurdu,
Yanımdaydı Azərbaycan!
Biz ikimiz bir varlığıq,
Damarımja dövr eləyən
Qanımdaydı Azərbaycan!
Olmayıbdır onsuz mənim
Bircə anım, bircə günüm.
Onunladır səadətim,
Onunladır toy-düyünüm!
Nəfəsimdir, havamdır o,
Dərmanımdır, davamdır o,
Mən bir quşam, yuvamdır o.
Vətənimdir, obamdır o!
Çörəyimdir, suyumdur o!
Mənşəyimdir, soyumdur o!
Hara getdim ana kimi
Arxamca hey su çilədi.
Səfərlərə çıxan zaman:
«Get, yaxşı yol, uğur!» – dedi.
Zümzüməli çay görəndə
Dəli Kürü yad elədim.
Göy gölümdə üzdü xəyal,
Doğma yeri yad elədim.
Düzlər keçdim, dağlar aşdım
Azərbaycan ürəyimdə!
Gül-çiçəkli düzlər gördüm,
Yox, Mil, Muğan düzü deyil.
Gülümsəyən gözlər gördüm,
Bizim Bakı qızlarının
Qəlboxşayan gözü deyil.
Başı qarlı dağlarımız,
Gen dərələr yada düşür!
Qürbət eldə, yad diyarda
Nələr, nələr yada düşür!

Yurdum kimi gözəl diyar
Yer üzündə de, harda var?
Dağlar gördüm hamısından
Vüqarlıdır Kəpəz, Qoşqar!
Dənizlər çox, mavi, dərin,
Bənzəməyir göy Xəzərə.
Neft qoxulu sularını
Öpüb gəldim mən bu yerə.
Berlindəyik, şən məclisdir,
Gül verirlər al-qırmızı.
Qərənfildən dəstə tutub
Gülərüzlü alman qızı.
Görən deyər oxşarı var
Şüvəlanın güllərinə.
Gül dəstəsi əlimizdə
İyləyirik dönə-dönə!
Görən niyə rayihəsi,
Ətri azdır çiçəklərin?
Burda mənə Bakı gülü –
Bir qərənfil tapıb verin!
Vətənimdən gətirilsə
Bircə tikə isti çörək,
Doyarammı xoş ətrindən,
İyləyərəm bir töhfətək!
Bakımızın havasından
Bircə udum verin mənə.
Qədəmlərim həsrət qalıb
Göy Xəzərin sahilinə.
Nə yaxşı ki, ayrılığın,
Həyəcanın ömrü azdı.
Eldən ayrı sevən könlüm
Sevinməzdi, şad olmazdı.
Qulağımda əks olunur
Dalğaların səsi, ünü.
Nə yaxşı ki, uzaq deyil,
Torpağımla görüş günü.

1979

 

 

Könlüm

Qürbətdə dolmuşam, kövrəlmişəm mən,
Kaman istər könlüm, tar istər könlüm!
Vətənin həsrəti çıxmır qəlbimdən,
Ana torpağımı var istər könlüm!

Xəyalım Muğandan, Mildən ayrılmaz,
Odlar diyarından, eldən ayrılmaz,
Mizrabım dil açan teldən ayrılmaz,
Göyçay bağlarından nar istər könlüm!

Şəhərlər dolaşıb çox üzlər gördüm,
Sevincli, kədərli çox gözlər gördüm,
Günəşli, çovğunlu gündüzlər gördüm,
Kəpəzin köksündən qar istər könlüm!

Gah qəmgin, gah da ki, şad olur ürək,
Bəzən hisslərimə yad olur ürək,
Köksümün altında od olur ürək,
Ona sirdaş olan yar istər könlüm!

Bilirəm hicranın ömrü bir andır,
Atını dördnala çapan zamandır,
Həyatım, vüqarım Azərbaycandır,
Nə ziynət, nə də ki var istər könlüm!

1980

 

 

Xəzər

Adına bir nəğmə yazmamışam mən,
Sən özün nəğmənin nəqəratısan.
Gəlir qulağıma səsin, zümzümən,
Ən gözəl nəğməni yaradır dalğan.

Dayanıb baxmışam Qız qalasına,
Könlümü oxşayıb pıçıltın sənin.
Əzizlə Bakını, layla çal ona,
Xoş bir təranədir səsi ləpənin.

Gəzib-dolaşdıqca sahil bağında,
Elə bil qəlbimdə ləpələnirsən.
İlin hər fəslində, hər bir çağında
Nəğmənlə evimə qonaq gəlirsən.

Bu gün Neft daşları bir əfsanədir,
Yer üzü tanıyır adınla onu.
Dənizdən qorxmaq nə, çəkinmək nədir?
Fırtına qorxutmaz odlar oğlunu.

İstərəm söz qoşum ümman eşqinə,
Düzülsün misralar dalğalar kimi.
Bütün varlığımla bağlıyam sənə,
Balanın anaya borcu var kimi.

Adına bir nəğmə yazmamışam mən,
Sən özün nəğmənin nəqəratısan.
Gəlir qulağıma səsin, zümzümən,
Ən gözəl nəğməni yaradır dalğan.

1983

 

 

Sazımda

Təzənə simlərə toxundu yenə,
Dalğadı, şimşəkdi tellər sazımda!
Yüz hava səsləndi, oxundu yenə,
Açılar bağlanan dillər sazımda!

Babam Dədə Qorqud çalıbdır onu,
Bəlkə şəlalədən alıbdır onu,
Ozanlar dillərə salıbdır onu,
Yaşayır, əsrlər, illər sazımda!

Qədimdir, uludur göylərdən enib,
Gah zildə köklənib, gah bəmdə dinib,
Kərəmin əlində alova dönüb,
Min hava çalıbdır əllər sazımda!

Bu, Qərib, bu, Abbas Tufarqanlıdır,
Nağıllı, dastanlı yüz ünvanlıdır,
Gah həzin səslənər, gah tufanlıdır,
Dinər şəlalələr, sellər sazımda!

Ana laylasıyla coşar qanımda,
Hopub varlığıma yaşar qanımda,
Kükrəyər, çalxanar, daşar qanımda,
Çalxanar dənizlər, göllər sazımda!

Koroğlu onunla döyüşə girib,
Qılınca, qalxana saz sinə gərib,
Düşübdür bəxtimə, tale göndərib,
Birləşər cığırlar, yollar sazımda!

Çağlayar sevincin ələ alanda,
Könül coşa gələr onu çalanda,
«Cəlili», «Kərəmi», «Dilqəmi» onda,
Tapar keçmişini ellər sazımda!

Sevən canımıztək yaşadaq onu,
Unutmaz bu ellər aşıq oğlunu,
Sazla tərif edək Odlar yurdunu,
Əsməsin havayı yellər sazımda!

Əli Vəkil, sazı ələ al görək,
Göyçəlisən, «Göyçəgülü» çal görək,
Ələsgəri bir də yada sal görək,
Dil açsın səhralar, çöllər sazımda!

1982

 

 

Günahım

Sıxmışam seyrinə yenə dağların,
Həzin nəğməsini oxuyur bulaq.
Çoxdan əsiriyəm bu yaylaqların,
Uşaqlıq oylağım bu yer, bu oymaq.

Uddum havasını yenə dağların,
Dərə salam deyir, yal salam deyir.
Eşqiylə yaşadım mən bu çağların,
Cığır salam deyir, yol salam deyir.

Xəyala dalmışam bulaq başında,
Quzuçu Əliylə söhbət edirəm.
Mən qırxı keçmişəm, o, on yaşında,
Nədir ürəyimdə bu həsrət, bu qəm?

Quzu otaranda bu yerlərdə mən,
Səsim qayalara əks olub qalıb.
Azmışam bu dərin dərələrdə mən,
Qəlbimdən hıçqırıq, nalə ucalıb.

Öküz aparardım kotana qoşaq,
Dağlarda çiskinə, qara düşmüşəm.
Dünyaya çox adi baxarmış uşaq,
Deməzmiş çətinə, dara düşmüşəm.

Sükutdur sirdaşım bulaq başında,
Niyə daş atmışam gözünə dünən?
Lilparı qoparıb, qoparıb onda,
Bulaqdan doyunca su içmişəm mən.

Çiçək qoparmışam, lilpar qırmışam,
Kəkliyə, turaca daş da atmışam.
Vaxt olub baxmayıb, nə var qırmışam,
Uzanıb otların üstə yatmışam.

Gəlmişəm dağlara, gəlmişəm bu gün,
Alam mən boynuma günahlarımı.
Bunları qəbahət bilmişəm bu gün,
Görən etirafın mənası varmı?

Məni məst eləyib bu çöl, bu çəmən,
Yaır xoş ətrini qaymaq çiçəyi.
Gözümü qorxutmur nə duman, nə çən,
Sərib sinəsinə oymaq çiçəyi.

Səksənib uçanda quş yuvasından,
Xalı yumurtaya əl də vurmuşam.
Heyif ki, səhvini gec duyur insan,
Mənim də yuvam var, mən də bir quşam.

Baldırğan yığmışam mən bu dərədən,
Yaman ləzzətlidir quzuqulağı.
Hərdən köç edəndə çən bu dərədən
Tapa bilməmişəm soyuq bulağı.

Qantəpər çiçəyi dərdlərə dərman,
Qəlbində gəzdirər insan dağı da.
Ana təbiətdir ən mahir loğman,
Bal dadar burada içsən ağı da!

Gəlmişəm əvvəllər duymadığımı,
Dərindən dərk edəm, duyam bu yerdə.
Gəzib yaylağımı, gəzib dağımı,
Gül-çiçək ətrindən doyam bu yerdə!

1983

 

 

Payız

Hər fəslin öz yeri, öz gözəlliyi,
İnsan ömrünün də fəsilləri var.
Payız gözəlliyi, yaz gözəlliyi,
Həyatın mülayim, sərt illəri var.

Şaxtalı, əovğunlu qışı görməsə,
Baharın qədrini bilərmi insan?
Borana, tufana sinə gərməsə,
Gen gündə sevinər, gülərmi insan?

Yayın bürküsündə təntiyəndə biz,
Deyirik sərinlər düşəcək haçan?
Doyur bu fəsildən ürəklərimiz,
Necə dözəcəyik biz payızacan?

Yayda bülbüllərin cəh-cəhi gözəl,
Şirin nəğmələrlə oyanır insan.
Payız bağçalara gəzdirəndə əl,
Ala qarğalara verilir meydan.

Səksənib onların qarıltısından
Qızılı yarpaqlar tökülür bir-bir.
Torpağın üstündən yarpaqdan yorğan,
Deyirsən payız da, qış da gözəldir.

Külək nəğməkara çevrilib bir dəm,
Bağlarda min yeni nəğmə oxuyur.
Şair də düşünür əlində qələm,
Sözlərdən kiçik bir çələng toxuyur.

O zaman qazanır, uduzmur insan,
Hər fəslin gülünü vaxtında dərir.
Qorxmayır həyatın yoxuşlarından,
Yaşamaq borcunu şərəflə verir!

1983

 

 

Qoca

Nurani bir qoca gəlir qabaqdan,
Yay kimi gör necə əyilib beli?
Səksəni, doxsanı haqlayıb çoxdan,
Gəlir qocalıqdan dili gileyli.

Cavan da, uşaq da keçir yanından,
Haradan bilsinlər bu qoca kimdir.
Həyat öz yolunda, qaynaşır insan,
Qəlbinə min arzu, min hiss hakimdir.

Heç kəs duymayır ki, qarşıdan gələn
Bə əli əsalı, məğrur, ixtiyar,
Zamanın yükündən qəddi bükülən
Qocanın qəlbində canlı tarix var.

Mənalı ömrünün qış fəsli yetib,
Arxada çiçəkli yazı qalıbdır.
Gözlərin əvvəlki işığı itib,
Ömrün çoxu gedib, azı qalıbdır.

Ürəkdə eşqinin külü gizlənib,
Söz açsan yenidən közərəcəkdir.
Əhdin, məhəbbətin ili gizlənib,
Şıltaq uşaq kimi qəlbi kövrəkdir.

Hamıya əzizdir el ağsaqqalı,
Vüqarlı yaşayıb qocalmaq gözəl!
Gələcək ümidli, keçmişdən halı,
Vətənin gözündə ucalmaq gözəl!

1983

 

 

Təzə gəlinə

Bağban ağac əkib nazını çəkdi,
Bir zaman barını dərərəm dedi.
Atalar, analar övlad böyütdü,
Gün gələr toyunu görərəm dedi.

Ağ libas nə gözəl yaraşır sənə,
Həyatda üzün ağ, günün ağ olsun!
Yetiş hər arzuna, diləklərinə,
Qəm-kədər qəlbindən qoy uzaq olsun!

Yenə bəzənmisəçn tovuz quşutək,
Bu evdən o evə uçururuq biz.
Ömür yolunuzda açsın gül-çiçək,
Bir vursun həmişə ürəkləriniz.

Zamanın öz hökmü, öz qanunu var,
Səadət ölçülmür pula, var ilə.
Atanın evindən sən ismət apar,
Yaşa sevgilinlə etibar ilə.

Sevincdən, fərəhdən kövrəlib anan,
Bu gün qız köçürür, dolub gözləri.
Sınaq var qarşıda, sınaq var inan,
Çıxmasın yadından onun sözləri!

Elə dur-otur ki, əhsən desinlər,
Sənin xoş sədanla gülsün ürəklər.
Başına and içib əzəzləsinlər,
Qəlbində yurd salsın sonsuz diləklər.

Toyunda yazdığım bu sözlərimi
Ana öyüdü bil, ay təzə gəlin!
Oğul-qız toyu gör öz anan kimi,
Həmişə şadlan, gül, ay təzə gəlin!

1982

 

 

Qartal zirvə sevər

Dağ başında ucaldılan,
Daşı qədim, özü tqədim,
Əsrlərlə hifz etdiyi
Hər söhbəti, sözü qədim
Bir qalanın qülləsində
Dayanmışam.
Elə bil ki, bu dəm Vilnüs
Ovucumun içindədir.
Bu nöqtəni yer üzündə
Ən yüksək bir qütb sanmışam,
Başım üstə dost Litvanın
Al bayrağı dalğalanır.
Azadlığın rəmzi kimi,
Al günəşlə qoşa yanır!..
Hər daşında tarixlərin
İzi qalan,
Yaddaşında nəsillərin
Sözü qalan
Bu qalaya baxdıqca mən,
Yad edirəm keçmişləri,
Nələr keçir ürəyimdən…
Göy Xəzərin sahilində
Yenilməzlik nişanəsi
Qız qalası düşdü yada!
Sənin xalqın, mənim xalqım
Qalalartək mərd dayandı
Bu dünyada.
Sanıram ki, durduğum yer
Çənlibeldir, ya Əskəran
Qalasıdır.
Sənin qalan, mənim qalam
Öz alnına həkk eləyib
Xalq adını,
Nəsillərdən-nəsillərə
Qalasıdır!

1977

 

 

Mənə elə gəldi ki…

Deyirlər insanların
Taleyidir ulduzlar.
Göylərdə hər insanın
İşıqlı ulduzu var.
Gəzirəm ulduzumu,
Gəzirəm öz bəxtimi.
Sayıram ulduhları,
Sayıram uşaq kimi.
Doğrudanmı hər kəsin
Göydə ulduzu vardır.
Ulduzlar da insantək
Cavandır, ixtiyardır?
Ötən qanlı vuruşda
Göydən yağış yerinə
Odlu mərmi yağanda
Ölənlərin ulduzu
Göydən yerə endimi?
Kəhkəşanda bir anda
Yoxa çıxıb söndümü?
Göylər baxıb yerlərə
Çox xəyala daldılar.
Mənə elə gəldi ki,
Minlərin – milyonların
Taleyi sönən zaman
Ulduzlar azaldılar!

1974

 

 

Xəstəxanada

Yaşamaq şirindir, həyat mənalı,
Buraya ümidlə gəlir insanlar.
Bəzən ağır olur xəstənin halı,
Gözləri həkimin üzündə qalar.

Həkimin ümidlə dediyi sözü,
Xəstə dərman bilər öz dərdi üçün.
Unudar ağrını, yol çəkər gözü,
Doğmanı, qohumu gözləyər hər gün.

Burda tanış olub sevişən də var,
Çoxları dost tapar xəstəxanada.
Qəlbi kədərli də, qəlbi şən də var,
Şübhə hey at çapar xəsxətanada.

Yığışıb bir yerə söhbət edərlər,
Arzular müxtəlif, dərdlər cürbəcür.
Biri kədərlənər, başqası gülər,
Xəstə var ömürü bir neçə gündür.

Ölümü yadına salmaz bir an da,
Həyata, sabaha ümid bəsləyər.
Qəlbinə toxunan söz danışanda,
Kövrələr, onu da bir dərd eyləyər.

Çıxırsan şəhərə qaynaşır insan,
Deyirsən dünyada sağlamdır hamı.
Bir xəstə yanına yollanan zaman,
Təəccüb bürüyür burda adamı.

Görürsən burda da həyat qaynayır,
Bura da dünyadır, bir sirli dünya.
Xəstələr həyatı əbədi sanır,
Belə qurulubdur sehirli dünya!

Nə yaxşı ümidlə yaşayır hamı,
Nə yaxşı ümidi itirmir insan.
Dərman yox, bəlkə də həyat inamı
Onu tez çıxarır xəstəxanadan.

1983

 

 

Yollar

Yollar əzər sirdaşımız,
Yollar uzun, yollar qısa.
Hansı mənzil qət olunar
Önümüzdə yol olmasa?

Yol çəkirik eldən-elə,
Yollar xidmət edir bizə.
Bəzən dağdan, daşdan keçir,
Bəzən gəlib çıxır düzə.

Heç bir insan ömrü boyu
Azmasın qoy öz yolunu.
Yarı yolda qalmaq çətin,
Bilsin bunu, duysun bunu.

Kosmosa da gedib çatdı,
Saldığımız nurlu yollar.
Hələ Marsa, Günəşə də
Yetişəcək sabah onlar.

Əzəl gündən vurulmuşam
Sülhə gedən yollara mən.
İncimərəm gəlib keçsə
Onlar mənim ürəyimdən.

Hərbin qanlı yolu da var,
Unudulmur düşür yada.
Kaş bacarıb o yolları
Bağlayaydım mən dünyada.

1984

 

 

Zirvə həvəsi

O qalxırdı zirvəyə,
Dağ başından dünyanı
Görsün, seyr etsin deyə.
Tez-tez əli, ayağı
Çınqıllara dəyirdi.
Hərdən inamla gedir,
Hərdən də təntiyirdi.
O qalxırdı zirvəyə
Yıxılaraq, duraraq.
Əlçatmaz görünürdü
Ona bu vüqarlı dağ.
Yox, yox, dayanmayırdı
Tükənsə də nəfəsi.
Ona qüvvət verirdi
Zirvə eşqi, həvəsi!

1984

 

 

Neytron bombasının ixtiraçısı Semyuel Koenə

Bir qulaq as, cənab Koen,
Dinlə bu gün, dinlə bizi.
Qəlbimizin nifrətini,
Qəzəbini söyləyirik
Sənə tutub üzümüzü.
Qürrələnib öyündün ki,
Yeni silah kəşf elədin?
Bilmədin ki, bu addımla
Min nalə, ah kəşf elədin.
Yeni kəşflər çox olubdur
Kəşməkəşli dünyamızda.
Qışlı, yazlı, bu yoxuşlu,
Bu enişli dünyamızda.
Hər bir alim kəşfi ilə
Yüksəlib, məşhur olubdur.
Bəşər üçün quyu qazan
O quyuda boğulubdur.
Nyutonun, Kopernikin
İxtirası, hər qanunu
Yeni dünya demək idi.
Nə kəşf olsa kainatda
İnsanlara kömək idi.
Bir cavab ver, necə oldu
Canlıları məhv etməyin
Yollarını düşündün sən.
Hey bildinmi nə görəcək
Bəşəriyyət bu kəşfindən?
İnsan ölsün, fəqət onun
Yaratdığı abidələr –
Maddi sərvət dağılmasın.
Kimə lazım o binalar,
Kimə gərək o şəhərlər,
Orda insan nəfəs alıb,
Orda insan doğulmasın!?
Dunya sənə nifrət edir,
Sən özün də bu kəşfinə,
Xidmətinə nifrət elə.
«Böyük kəşf»in əzrayıldır,
Hər ölkəyə, hər bir elə.

1984

 

 

Rəssam anama

Anam xalı toxuyurdu,
Naxışları necə əlvan.
Kim ki, gördü əhsən dedi,
Kim ki, baxdı qaldı heyran.

İlmələrdə əks elədi
Çiçəkləri, tər gülləri.
Qamaşdırdı gözümüzü
Al günəşin zər telləri.

Uşaqlığın öz dünyası,
Uşaqlığın öz aləmi.
Onda sənət incisini
Seyr elədim uşaq kimi.

İndi söhbəğ açmalıyam
O əllərin qüdrətindən.
Anaların hikmətindən,
Anaların xilqətindən.

Xalımızın naxışları
Nə saralıb, nə də solub.
İndi duydum, yalnız indi
Anam həm də rəssam olub!

1984

 

 

Yanmasa

Dəniz dənizdir məgər,
Sahilləri gəmirib,
Coşub dalğalanmasa?
Dünyaya yükdür insa,
Qəlbi yaratmaq üçün
Alışmasa, yanmasa!

1984

 

 

Torpaq

Neçə-neçə qəhrəmana
Qüvvət verdi ana torpaq.
Kim əməyi şərəf sandı,
Şöhrət oldu ona torpaq.

Axı torpaq anamızdır,
Gəlin heç vaxt unutmayaq.
Kim ki, ona sadiq qalsa,
Daim üzüağ olacaq.

1984

 

 

Bir məhəbbət çoxaldı

Bir gəlin ana oldu,
Yer üzündə bir sevinc,
Bir səadət çoxaldı.
Yeni insan doğuldu –
Dünyamızda bir gülüş,
Bir məhəbbət çoxaldı!

1975

 

 

Duymamışam

Uşaqlıq çağlarımda
Seyrə çıxıb dağları,
Sevdim təbiəti mən.
Axı niyə o vaxtlar
Duymamışam bu yerdə
Canlı şeiriyyəti mən?

1984

 

 

Yoxsa utandı üfüq?

Közərmiş dəmir kimi
Parıldadı üfüq də.
Yenə göylər sultanı
Yoxa çıxdı üfüqdə.
O gizlətdi qoynunda
Günəşi bu cahandan.
Bəlkə elə onunçün
Üfüqün yanaqları
Yandı utandığından?

1980

 

 

Günəş və Ay

Ay düşünüb bir qədər
Üz çevirdi günəşə.
Dedi dostum qulaq as,
Bir fikir ver bu işə,
Qüdrətin yox mənimtək
Nur yayasan gecə sən.
Bilmədi ki, özü də
İşıq alır günəşdən.

1967

 

 

Göyçə

İsti qucağında doğulmuşam mən,
Eşqinlə zirvədə uçan quşam mən,
Səndən söz düşəndə məst olmuşam mən,
Ələsgər söhbətli, soraqlı Göyçə!

Aşıqların sazda çalıb laylamı,
Behiştdirmi, yoxsa bura yaylamı?
Ülfətdəsən ulduzlamı, aylamı?
Ay dağlı, yamaclı, oymaqlı Göyçə!

Keyti dağdan asta-asta en düzə,
Üz qoy Şorcalara sən gəzə-gəzə.
Tərsə, Xoruz qaya dəyəcək gözə,
Süfrəsi kabablı, qaymaqlı Göyçə.

Unutmazsan mavi Göyçə gölünü,
Dağlarının çiçəyini, gülünü,
Yaz gələndə seyr elə gur selini,
Göy döşlü, Gədikli, Çal dağlı Göyçə.

Çeşmələr, yaylalar gəlməyir saya,
Göylərə baş alıb yalçın Şişqaya,
Bəlkə əl verəcək ulduza, aya,
Ay Pəri bulaqlı, irmaqlı Göyçə.

Yayda bir doyunca gəz Sarı yeri,
Dağlara bəzəkdir el sürüləri,
Baxma bu diyara, baxma ötəri,
Gözəl güzəranlı, xoş çağlı Göyçə.

Çalmalı dağından keç Kəlbəcərə,
Nəğmələr çələngi seç Kəlbəcərə,
Arzunla, hissinlə köç Kəlbəcərə,
Kəndəlri şənlikli, qonaqlı Göyçə.

Məzrələr, Şişqaya, Göysu, Kəsəmən,
Canəhməddən Zoda getdim kəsə mən,
Sarı Nərdir zirvəsiylə sis əmən,
Söyüdlü, palıdlı, qonaqlı Göyçə.

Nəzər sal dağlara, zirvədə qara,
Adla Toplaşandan, qalx Üçdaşlara,
Yaşıl biçənəyi gəz yara-yara,
Xıramlı, Çuxurlu, bulaqlı Göyçə.

Bu Dərə, bu Pənbək, bu da ki, Qanlı,
Kərkibaş, Zağalı, Zod, Nərimanlı,
Qoynu toy-düyünlü, dostlu, mehmanlı,
Dağları vüqarlı, maraqlı Göyçə.

Sarıyaqub, Şorca, Daşkənd, Ağ yoxuş,
Qoşabulaq, Zərkənd, öndə dağ, yoxuş,
Seyrə çıxsan solda eniş, sağ yoxuş;
Silsilə dağlarla daraqlı Göyçə.

Qaraqoyun, Qayabaşı, İnəkdağ,
Əli Vəkil, Telli suda çat ocaq,
Harayını eşidəcək Qoca dağ,
Qoynu alaçıqlı, ocaqlı Göyçə.

1980

 

 

Xatında düşüncələr

Lirik poema

Qardaş eldə Xatın dərdi
Ürəyimə min dağ çəkdi.
Bu gün onu seyrə dalmaq
Yüz yol ölüb dirilməkdi!

Yenə qəlbim dilə gəlir
Kaman kimi!
Cəlladlara nifrət hissim
Aşıb-daşır ümman kimi!
Ağrı, həsrət bədənimdən
Cərəyantək gəlib keçir!
Düşüncələr xəncərmidir
Ürəyimi dəlib keçir?
Elə bu an daşa dönüb
Yerimdəcə donuram mən.
O illərin dərdi, qəmi
Silinməyib könüllərdən!
Göz önümdə gəlib durur
Babi Yarda faciələr!
Osvensimdə, Salaspilsdə,
Buhenvalda, Daxauda,
Daha harda faciələr?..
Ana yerin sinəsində
Var neçə qaz kamerası.
Anaların ürəyində
Dilə gəlir oğul dərdi,
Oğul yası!
Neçə ölüm düşərgəsi,
Neçə yerdə krematori.
Sağalmayan yaralardır
Könüllərdə krematori!
Odda yanıb mərd insanlar,
Xatın olub viranəlik,
Cinayətə əl atıblar,
Düşmən əli qanlı qalıb!
Bu gün üçün ölənlərin
Xatirəsi canlı qalıb!
İyirmi altı çıraq sönüb,
İyirmi altı ev yox olub!
İyirmi altı ev yerindən
İyirmi altı zəng ucalıb!
Bu dəhşətli faciədən
Burda yaşıl ağaclar da
Kədərlənib, tez qocalıb!
İyirmi altı ev dağılıb,
İyirmi altı qara lövhə
Üzərində adlar qalıb!
Yaddaşlarda
Qatillərə qəzəb hissi,
Ürəklərdə qaralmayan
Odlar qalıb!..

Dəqiqədə iki dəfə
Eşidilir zəng səsləri…
Fikriqara, qəlbiqara,
Qan-qan deyən cəlladlara
Nələr deyir zəng səsləri!
Sülhü əziz tutanlara
Söyləyir ki,
Unutmayın, burda yanan,
Döyüşlərdə mərd dayanan
İnsanları!
Ayıq olun, sayıq olun!
Bir də hərbin alovları
Məhv etməsin milyonları!

Xatın dedim,
Göz önümdə Azərbaycan
Diyarının xanım-xatın gözəlləri
Gəlib durdu!
Xatın dedim!
Xəyal məni çəkib dara
Yordu, yordu!
Xatın dedim!
Xatın adlı bir körpənin
Qarşısında səcdə qıldım!
Xatınlara salam verdim,
Xatınlara nəzər saldım!
Xatın dedim!
Xatın adlı gözəl qızın
İlk görüşə çıxmasını
Xatırladım!
Sevdiyinin ürəyini
Eşq oduna hey yandırıb-yaxmasını
Xatırladım!
Xatın dedim!
Xatın adlı bir ananın –
Azərbaycan qadınının
İsmətinə heyran oldum!
Kişi kimi qeyrətinə,
Aslan kimi cürətinə
Heyran oldum!

Bir Xatın da gördüm bu gün
Belorusiya torpağında!
Neçə kəndin məzarı var
Onun qəmli qucağında!
Qardaş eldə Xatın dərdi
Ürəyimə min dağ çəkdi.
Bu gün onu seyrə dalmaq
Yüz yol ölüb-dirilməkdi!
Ən süqəddəs bir guşədə –
Xatındayam.
Kədərimdən elə bil ki,
Fırtınalı, təlatümlü
Coşğun dəniz, köpüklənən
Dəli çayam!
Ağcaqayın, yaşıl küknar ağacları!
Palıd, vələs, ulu çinar ağacları!
Sanki fxri qarovulda
Dayanıblar.
Müharibə illərində
Meşələr də döyüşüblər,
Bəzən qana boyanıblar!
Burda quşun ötməsi də,
İyirmi altı zəng səsi də
İgidlərə ehtiramdır!
Şəhidlərə ehtiramdır!

Belorusiya torpağında
Xatın adlı bir kənd vardı.
Onun isti qucağında
Hamı xoşbəxt yaşayardı.
Çətin gündə sakinləri
Bir-birinə əl tutardı.
İyirmi altı ocaq yanar,
İyirmi altı tüstü çıxar,
Evdən-evə pay çatardı!
Elçi gedər, nişan taxar,
Payızda toy edərdilər.
Neçə qonşu, neçə qohum,
Sevinci bir bölüşdürər,
Şadlığa bir gedərdilər!
Burda hamı bir-birinə
Doğma idi, həyan idi.
Bir evdəki kədər hissi
Bütün kəndə bəyan idi.
Yaxın qonşu bir-birindən
Çörək istər, duz istərdi.
Yeni körpə gözləyənin
Biri oğlan arzulayar,
Biri isə qız istərdi!
Qardaş eldə Xatın dərdi,
Ürəyimə min dağ çəkdi!
Bu gün onu seyrə dalmaq,
Yüz yol ölüb-dirilməkdi!
Burda od vurulubdur
Yüz qırx doqquz insana.
Düşündükcə onları
Alışaraq odlara
Qalıram yana-yana!
Burda güllə açıldı,
Orda mən yaralandım!
Burda insan qəlbindən
Cəlladlar ocaq çatdı,
O atəşdən, o oddan
Azərbaycanda yandım!
Yandın gözəgörünməz,
Yandım tüstüsüçıxmaz
Aclıq girdabında mən.
Yeddi yaşında ikən
Əbədi məhrum oldum
Ata nəvazişindən.
Yandım alovlarda mən
Ayaqyalın, qarnıac!
Bircə tikə çörəyə,
Bir parça qəndə möhtac!
Alışırdıq dərdlərin,
Möhnətin odunda biz!
Ehtiyacın, qorxunun,
Nifrətin odunda biz!
Onun üçün Xatında
Ürəyimi üzür qəm!
Elə zənn edirəm ki,
Onlarla bir yanmışam,
Mən də yüz əllinciyəm!

Göylərdən od töküldü,
Hər yan qana bələndi!
Bakıda yaralandım,
Xəzərim ləpələndi!
Burda sənin Nemvnın,
Qəzəblənən Buq çayın
Boyandı qan rənginə!
Boyandı dönə-dönə!
Orda – Odlar yurdunda
Kədərləndi Göy gölüm,
Meşəm, çəmənim, çölüm,
Dəli Kürüm, Arazım,
Gələn baharım, yazım!
Burda günahsızları
Peçlərdə yandırdılar.
Asıb dar ağacından,
Hər yerdə yandırdılar.
Orda – uca Kəpəzim,
Dəli dağım, Şah dağım,
Başı qarlı Qoşqarım,
Murov dağım – vüqarım!
Qəzəbdən ah çəkdilər!
Elə bil insan kimi,
Onlar da addımlayıb
Əsgər gedəcəkdilər!

Ən müqəddəs bir guşədə –
Xatındayam!
Kədərimdən elə bil ki,
Fırtınalı, təlatümlü
Coşğun dəniz, köpüklənən
Dəli çayam!

Yüz qırx doqquz inmanın
Qəlbi sönən yerdəyəm!
Ürəkləri alışıb
Külə dönən yerdəyəm!
Qara mərmər onlara
Məzar rəmzi olubdur!
Yox, Xatın övladları
Yenidən doğulubdur!
Yüz qırx doqquz insanın
Məhəbbəti, ürəyi,
Qeyrəti mərmərləşib!
Dəyanəti, inamı,
Cürəti mərmərləşib!
Mərmərə baş əyirəm!
Bu yerə baş əyirəm!
Əriyib insan yağı
Bu torpağa hopubdur!
Sulara qarışıbdır,
Bağça-bağa hopubdur!
Yüz qırx doqquz ürəyin
Tüstüsü qalxıb göyə!
Alovu qanadlanıb
Günəşə çatsın deyə!
Yüz qırx doqquz ürəyin
Nifrət nəfəsli odu
İldırıma çevrilib,
Çaxıb düşmən başında!
Şəhidlərin adları
Həkk olunub əbədi
Əsrin daş yaddaşında!
Nisgilim var, kədərim var,
Kədərliyəm, bu nə sirdir?
Qardaşlarım, bacılarım,
Dərdlərimiz eyniləşib,
Aldığımız yara birdir!
Düşündükcə qəlbimizin
Bu dərdini, bu qəmini!
Xəyalımda canlandırdım
İyirmi altı rəqəmini!
Qəsd elədi düşmən bizə!
Dağ çəkdilər sinəmizə!
Xatındakı faciədən
İfirmi altı ocaq söndü!
İyirmi altı çıraq söndü!
İfirmi altı oldu onda
Aldığımız ağır yara.
On səkkizdə,
Ağcaqumda qaniçənlər
Cəllad kimi divan tutdu
İyirmi altı komissara!
Açılanda o güllələr
Mən dünyaya gəlməmişdən
Yaralandım, yandı canım!
Ölümə də alnıaçıq
Sinə gərdi qorxmazlarım –
İyirmi altı qəhrəmanım!
Bir olubdur sevincimiz,
Bir olubdur kədərimiz!
Dostları bir qarşılayıb,
Yadları bir qovmuşuq biz!
Öz müqəddəs çörəyilə ana kimi
Böyüdübdür səni, məni,
Biz də ağır döyüşlərdə
Qorumuşuq bu Vətəni!

1975

 

 

KİTABIN İÇİNDƏKİLƏR

Əbədi məşəl

Azərbaycanım
Qurultaydan qurultaya
Abidələr
Yaşadın ürəkdə
İllərin töhfəsi
Varşavada Sovet döyüşçülərinin abidəsi önündə
Berlində, Treptov parkda
Muzeydə ürək
Tallində əbədi məşəl
Brest qalası
Yeddi dağ
Kiyev televiziya qülləsi önündə düşüncələr
Şair Ənvər Əlibəyliyə
Qəlbimdəsən
Belorusiyada
Atamı görürəm
Kiyevin çiçəkləri
Gürcüstan bağlarında
Narahat dəniz
Gətir gəl
Sosialist Əməyi Qəhrəmanı Şaban Rzayevə
Sosialist Əməyi Qəhrəmanı Matvey Popova
Üzümçü şairə
«Qələbə»nin qələbəsi
Baykal-Amur nəğməsi
Bəs nə vaxt?
Savalan
Moskva-Tehran qatarında

Səni xatırlayanda

Toy həsrəti
Aydınlıq
Sənsiz – səninlə
Əzizim, yaxşı bil…
Amandır
Olmayır
Kaş ki, görə biləydin
Gözlərin
Sənin bir sözün
Məhəbbət yağışı
Səni xatırlayanda
İstə məndən
Olmuşam
Məni
Günəş sanmışam
Gözlər danışdı
Şirin anlar
Ürəyimdə
İki dünya
İnam

Bu dünyada

Öz yeri
Məndən soruş
Dünyanın
Mənə qalıb
Ata nəsihəti
Səslə məni
Qəlbimdəydi Azərbaycan
Könlüm
Xəzər
Sazımda
Günahım
Payız
Qoca
Təzə gəlinə
Qartal zirvə sevər
Mənə elə gəldi ki…
Xəstəxanada
Yollar
Ztrvə həvəsi
Neytron bombasının ixtiraçısı Semyuel Koenə
Rəssam anama
Yanmasa
Torpaq
Bir məhəbbət çoxaldı
Duymamışam
Yoxsa utandı üfüq?
Günəş və ay
Göyçə
Xatında düşüncələr (lirik poema)