Oyatdı yuxudan məni bu səhər
Dağda şəlalənin nəğməsi yenə.
Qəlbimi çuğladı xoş düşüncələr,
Məst etdi quşların ötməsi yenə!
Bu dağlar mənimdir, mən də dağların,
Ucalır zirvəsi öndə dağların,
Olaydım qonağı gündə dağların,
Qorxutmur dumanı, nə sisi yenə!
Durub seyr elədim uçan qartalı,
Qıy vurub hey qanad açan qartalı,
Mavi səmaları qucan qartalı,
Görsənir çobanın binəsi yenə!
Al-əlvan geyinib yamac, biçənək,
Yayır xoş ətrini açan gül-çiçək,
Ürək dil-dil ötür bu yurdu görcək,
Duyulur baharın nəfəsi yenə!
28 noyabr 1985