Yer də gülür, göy də gülür, sevgili canan gələcək

Yer də gülür, göy də gülür, sevgili canan gələcək,
Gəlin onu salamlayaq, gül açsın hər yan, gələcək.

Ətir saçsın güllər yenə, çələng hörək onun üçün,
Gül camallı, ay qabaqlı ali bir insan gələcək.

Eşidilsin gülüşləri, saçlarının ətri xoşdu,
Mənalıdı baxışları, bir oda yanan gələcək.

Ürəyimdə yaşadıram, o çıxmayır xəyalımdan,
Adımı hörmətlə çəkən, hey məni anan gələcək.

Gör haçandan mən yolunu gözləyirəm dilbərimin,
Yaddan çıxmaz həmin anlar, yar bizə mehman gələcək.

Qoy o gəlib intizarı birdəfəlik yox eləsin,
Olacaqdır bircə anda hər yan gülüstan, gələcək.

Deyilənlər gerçək olsun, bir doyunca görüm onu,
Güllər səpərəm yoluna, kəsərəm qurban, gələcək.

Əli Vəkil məhəbbəti ülvi sayıbdır həmişə,
Onu eşqinin soltanı, pənahı sanan gələcək.

13.08.2002