Yer üzündə bu cahanda halıma yanan olasan

Yer üzündə bu cahanda halıma yanan olasan,
Bir baxışdan, işarədən mətləbi qanan olasan.

Öz əhdinə sadiq qalıb qoruyasan eşqimizi,
Gözəllərin arasında sən mənə canan olasan.

Günəş üzün, gül camalın xəyalımdan getmir, inan,
Sevən qəlbim dağa dönər, evimdə mehman olasan.

Məhəbbəti yer üzündə azmı oyuncaq sayanlar?
Təmiz eşqi, düz ilqarı dərk edib qanan olasan.

Sevgimizi saf ürəklə əyan edək eldən-elə,
İstəmərəm eşqimizi unudub, danan olasan.

Aşiqlərin sevdasına Tanrı verir halallığı,
Öz vədini unutmayan sərvi-xuraman olasan.

Dözər cövri-cəfalara dildarına bel bağlayan,
Eşq əhlidir Əli Vəkil, kaş onu duyan olasan.

10 iyun 2004