Yalçın bir qaya gördüm,
Duruşunda məğrurluq.
Üz tutubdur göylərə,
Uçuşunda məğrurluq.
Yalçın bir qaya gördüm,
Çal dağın sinəsində.
Əbədi heykəldir o,
Torpağın sinəsində.
Faciələr görübdür
Bəlkə min illər qabaq.
İşgəncəyə, ölümə
Dözməyib ana torpaq.
Yerin qəzəbi, kini,
Baş alıbdır göylərə.
Sivri qılınca dönüb,
Ucalıbdır göylərə!
Yalçın bir qaya gördüm,
Duruşunda məğrurluq.
Üz tutubdur göylərə,
Uçuşunda məğrurluq.
Sentyabr 1977