Yoxsa məndən…

Salamımı soyuq aldın,
Qaşqabaqlı fikrə daldın,
Uzaqlara nəzər saldın,
Yoxsa məndən incimisən?

Söylə, azmı ara vuran,
Söz gəzdirən, tələ quran,
Şeytanla durub-oturan,
Yoxsa məndən incimisən?

Yalan sözə inanma gəl,
Əhdi-peymanı danma gəl,
Qısqanc olma sən, ay gözəl,
Yoxsa məndən incimisən?

Paxılları yaxşı tanı,
Yox onların adı, sanı,
Bülbül sevər gülüstanı,
Yoxsa məndən incimisən?

Əli Vəkil söz adamı,
Doğma sayır düz adamı,
Gəl tanıyaq biz adamı,
Yoxsa məndən incimisən?

27 dekabr 2002