Söküldü dan yeri, açıldı bahar,
Sən oldun söyləyən «Sabahın xeyir!»
Şəfəqə qərq oldu geniş üfüqlər,
Səhərlər insana sev-sevil deyir.
Gözlərim önündə dayandın erkən,
Hədiyyə gətirdin Gunəşi mənə.
Səhəo şəfəqinə boyandın erkən,
Bəxş etdin eşqinlə atəşi mənə.
Tək Günəş olmadı bu gün hədiyyəm,
Əvəzsiz bir töhfə sən özün idin.
Baxışın hədiyyəm, gözün hədiyyəm,
Bəs niyə susmusan? Barı danış, din.
Uğurlu keçəcək bu günüm mənim,
Sən oldun ilk gələn, ilk salam verən,
Başladı hər toyum, düyünüm mənim,
Ulu Tanrım idi töhfə göndərən.
Yuxuma girmişdin röyada ikən,
Özümü hamıdan xoşbəxt sanırdım.
Fərəhdən elə bil sərxoş idim mən,
Sanki səmalarda qanadlanırdım.
Oyandım sübh çağı, yuxum çin oldu,
Xəyalən sən məni ilk salamladın.
Anadan yeni bir Əli doğuldu,
Dilimdə, qəlbimdə əzizdir adın.
24 iyul 1999