Yuxuda gördüm

Bu gecə yuxumda qonağım oldun,
Səhər açılanda yox idin, gülüm.
Qaranlıq gecədə çırağım oldun,
Tənhaydım yenə də, tənha, sevgilim.

Məni məftun etdi sözün, söhbətin,
Ayrıldıq dünyanın dərdi-sərindən.
Biz təmiz bir eşqin, saf məhəbbətin,
Dadını, gücünü duyduq dərindən.

Evimi xoş ətir bürümüş idi,
Hər tərəf yamyaşıl, hər yan gül-çiçək.
Necə möcüzəydi, necə iş idi,
Ülvi duyğularla vururdu ürək.

Şirin sözün, bir gülüşün bəs idi,
Özgə nə lazımdı o gecə mənə?
Bu səfərin, bu gəlişin bəs idi,
Dünyanı bəxş etdin gizlicə mənə.

Haçandan görmürdüm üzünü sənin,
Hicranı, kədəri yox edib gəldin.
Çoxdan eşitmirdim sözünü sənin,
Yəqin harayımı eşidib gəldin?

Çox uzun sürmədi yuxuda görüş,
Həsrətin axırı yoxuymuş elə.
Bizi çox kövrəltdi yuxuda görüş,
Sən demə dünya da yuxuymuş elə.

Ömrə dayaq olub ülvi sevgimiz,
Xəyaldır bil azı, çoxu dünyanın.
Qoşa övladıyıq, qonağıyıq biz,
Bu gerçək dünyanın, yuxu dünyanın.

18 avqust 1998