Yuxum yenə ərşə çəkilib yaman,
İlan vuran yatır, mən yatammıram.
Qəribə məxluqdur dünyada insan,
Heç özüm-özümdən baş açammıram.
Dolaşıb aləmi bircə anda mən,
Qayıdıb gəlirəm öz otağıma.
Nəyi axtarıram bu cahanda mən?
Dönürəm bu hikmət, söz otağıma.
Nə yaxşı xəyalın sərhəddi yoxdur,
İşıq sürətindən yüz qat sürətli.
Bilmək istədiyim mətləblər çoxdur,
Olasan gərək ki, qoçaq, cürətli.
Səni xatırladım hamıdan öncə,
Getdim görüşünə səndən xəbərsiz.
Səyyaham, ay gülüm, inan bu gecə,
Bəlkə də gəlişim yersizdi, yersiz?
Səni unutmadım mən bircə an da,
Yuxun şirin olsun, deyib qayıtdım.
Ürəyim həsrətdən oda yananda
Libası atəşdən geyib qayıtdım.
Dolaşdım Təbrizi, Ərdəbili də,
Urmiyyənin sularına baş vurdum.
Harayladı məni Göyçə eli də,
Göyçə gölün sahilində oturdum.
Şərik çıxdım ustadların dərdinə,
Kədərliydi yenə Dədə Ələsgər.
Hamı bilir qayğısı nə, dərdi nə?
Aşıq Alı doğmaları ha səslər.
Seyr elədim kəndləri qəm içində,
Dağlar yenə kədərlidi, yasdadı.
Yox, qarşısı alınmadı köçün də,
Duydum nədi qüssə dadı, yas dadı?
Sahibsizdi Oğuz yurdu, ay Allah,
Doğmaları uzaq düşüb qoynundan.
Yağı məni qəfil vurdu, ay Allah,
Şah İsmayıl məskəniydi bu məkan.
Hər şey susub, sanki laldı bu mahal,
Yoxa çıxıb zümzüməsi çayların.
Mənim üçün bir xəyaldı bu mahal,
Niyə batıb axı, səsi çayların?
Necə olub yaylaqların səfası?
Yas içində mürgüləyir çöl-çəmən.
Dərman idi bu dağların havası,
Çox gəzmişəm bu mahalı mən dünən.
Mən yolüstü Borçalıda dayandım,
Bura mənim doğma yurdum, mahalım.
Vətən, deyə ha qovruldum, ha yandım,
Ağrıdı ürəyim, dəyişdi halım.
Səfər etdim, Dərbəndi də dolaşdım,
Gör haçandan görməmişəm üzünü?
Göllərə baş vurdum, neçə dağ aşdım,
Çox eşitdim «Azərbaycan» sözünü.
H seyr etdim aranımı, dağımı,
Hey səyirtdim xəyalımın atını.
Əsir görüb doğma Qarabağımı,
Xatırladım bu an bir bayatını:
Əzizinəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Dünya cənnətə dönsə,
Çıxmaz yaddan Qarabağ!
Çox axtardım Laçında laçınları,
Sara oylaq olub Şuşa qalası.
Ay Allah, yuxudan ayıla barı,
Səttarxan övladı, Babək balası.
Bilməyir ki, nədən yazsın Xan qızı,
Əsir görür ata-baba yurdunu.
Sönmüş gördüm Natəvantək ulduzu,
Kim çıxardı bəs Şuşadan ordunu?
Nəvvab da fikirli, Vaqif də qəmli,
Axı niyə məğlub oldu Pənah xan?
İtirib Bülbül də, itirib eli,
Oxumağın oldu indi günah, Xan.
Bircə anda gəlib çatdım Ağdama,
Qara damlar gözlərimdə ox oldu.
Göz yaşımı silib çatdım Ağdama,
Niyə elin satqınları çox oldu?
Dayanıram, bu da talan Xocalı,
Faciəsi yazılıbdır tarixə.
İbrət dərsi, muzey olan Xocalı,
Düşdü niyə nalə səsi tarixə.
Bu Xankəndi, bu Ağdərə, Quşçular,
Necə dönüm Xocavəndə bir də mən?
Hədəf oldu neçə kərə Quşçular,
Neçə güllə dəydi burda sinəmdən.
Göz dağıdır mənim üçün Əsgəran,
Adı doğma, özu doğma torpağım.
Üsyan qopart, burda cəsur əsgər an,
Qalmasın tapdaqda qoy Qarabağım.
Görüb Füzulini yenə ağladım,
Müqəddəs yer yad əlində əsirdir
Doğma bilib boynunu qucaqladım,
Gecikirik, bilməm axı, nə sirdir?
Cəbrayıla bilməm haçan yetişdim?
Kərəm kimi həsrətimdən alışdım.
Xəyaldı quş kimi uçan, yetişdim,
Dərd ağırdı yenə də mən alışdım.
Elə bil qəfəsdə quşdu Zəngilan,
Övladından, doğmalardan ayrılıb.
Əsirlikdə qalan daşdı Zəngilan,
Bu işlərdən baş açmayır, mat qalıb.
Sən də darda, ay biçarə Qubadlı,
Bax beləcə, ötüb keçdi yeddi il.
Kim tapacaq dərdə çarə, Qubadlı?
Yatır elin, ötdu aylar, ötdü il.
Döz bir az da Kəlbəcərim, amandı,
Murov qəmli, yas içində Dəli dağ.
Doğma yurdum, doğma yerim, amandı,
Haraylasın intiqama eli dağ.
Müqəddəs torpağı, eli ananda,
Vətəni seyr etmək çox gərək imiş.
O gecə gözümdən yuxu qaçanda
Bu nəğmə dünyaya gələcək imiş!
12 sentyabr 2000