Yuxuma girmişdi Xəzər bu gecə,
Könlümü oxşadı həzin nəğməsi.
Dil açdı ürəyim, kövrəldim necə,
Laylaya bənzədi dalğanın səsi.
Laylamı çalıbdır illərdən bəri,
Şeiri qulağıma o pıçıldayır,
Xəzər diktə edir mənə sözləri,
Can deyib ən doğma övladı sayır.
Yuxuma girmişdi Xəzərim mənim,
Şirin söhbət etdik sübhə qədər biz.
Yamanca yaşardı gözlərim mənim,
Birgə çırpınırdı ürəklərimiz.
Yuxuma girmişdi Xəzər yad eldə,
Bir az gileyləndi, haqqı var idi.
Hər insan darıxar, bezər yad eldə,
Məni salamlayan gilavar idi.
Xəzər ləpələndi, dalğa danışdı,
Dəniz də hər şeydən xəbərdar imiş,
Suların nəğməsi mənə tanışdı,
Sən demə qəlbində sözü var imiş.
Məndən uzaqdasan bir aydan çoxdu,
Yad edib adımı niyə çəkmədin?
Daha bəhanənin mənası yoxdu,
Susma, ay bakılı, barı susma, din.
Yuxuma girmişdi Xəzər şimalda,
Dərdləşdik bir qədər ana-balatək.
Xəyalım dünyanı gəzər şimalda,
Odlar diyarını hey anar ürək.
Qürbət eldə Vətən çıxmaz yadımdan,
Kim deyir yurduma sevgim dayazdı.
Dil açır qəlbimdə ləpələr hər an,
Burda bu nəğməmi Xəzərim yazdı.
1 avqust 2002
Rusiya, İvanovo şəhəri