ZƏFƏR ÇƏLƏNGİ

 

 

 

(şeirlər və poema)

 

 

Biz insanlar üçündür

Qəlbimizi oxşayan
Çiçəklərin ətri də,
Çaylar üstə əyilmiş
Ağacların çətri də,
Dünyanın keşikçisi,
Məğrur dayanan dağlar,
Min bir nemət yetirən
Gül-çiçəkli bu bağlar,
Gözəl anlar üçündür,
Biz insanlar üçündür.

Bizim üçün darayır
Günəş də öz telini.
Bizim üçün bitirimiş
Təbiət hər gülünü.
Şəlaləli çayların
Könülaçan səsi də,
Min həvəslə oxuyan
Quşların nəğməsi də
Güllü bahar üçündür,
Biz insanlar üçündür.

Əlimizlə hər zaman
Dilə gələn incə tar,
Ümman kimi daima
Aşıb-daşan arzular,
Təbiətə can verən
Yağan yağış, dümağ qar,
Şən yaşamaq naminə
Yer üzündə hər nə var
Sülhü bayraq eyləyib
Yaşadanlar üçündür,
Biz insanlar üçündür.

İnsan ömrü əzizdir
Yaranırıq bir dəfə.
Bəs nə üçün səngərdə
Çevrilək biz hədəfə.
Yaddır bunlar həyatda
Yaşayışa, varlığa.
Yaddır insan oğluna,
Yaddır bəxtiyarlığa.
Qoy dönsün alətlərə
Ölüm yayan top, tüfəng.
İsitsin könülləri
Vahid arzu, xoş istək.
Bir insan tək dünyada
Yaşamaq da, gülmək də,
Günləri şən keçirib
Sevmək də, sevilmək də,
Əsrimizi davadan
Qoruyanlar üçündür.
Biz insanlar üçündür.
Biz insanlar üçündür!

 

Vyetnam

Olmamışam orada mən,
Gəzməmişəm bağlarını,
Keçməmişəm düzlərindən,
Görməmişəm dağlarını.

Fəqət mən çox dinləmişəm
Hərdən gələn bəd xəbəri.
Kədərimdən inləmişəm
Yad gəzərkən o göyləri.

İki ildir başın üstə
Uçur düşmən təyyarəsi.
Uşaqları sərsəm edir
Bomba səsi, güllə səsi.

Vaxtsız ölən bir körpəni
Doğma balam sanıram mən,
O tökülən göz yaşları
Sanki axır gözlərimdən.

Dörd il mənim Vətənim də
Bir səfərbər əsgər oldu,
Yad basıldı Vətənimdə
Al günəşli səhər oldu.

Qan axıtdıq gecə-gündüz
Ölkəmizin yolunda biz.
Qalib gəlmək eşqi ilə
Çırpınırdı ürəyimiz.

Al qanımız çaya döndü
Boğmaq üçün azğınları.
Biz əbədi məhv elədik
Faşistləri, quzğunları.

Sən əmin ol, igid Vyetnam,
Axıdılan günahsız qan,
Yeri-göyü titrədərək
Olacaqdır coşğun ümman.

O ümmanın dalğaları
Cəlladları boğacaqdır.
Azadlığın al günəşi
Göylərindən doğacaqdır!

 

 

Bakı

Qorki Neapola bənzətmiş səni,
Çox şair şeirində vəsf etmiş səni.
Əməkçi insanlar yüksəltmiş səni,
Parlayan günəşin özüsən, Bakı.

Sənsən yaraşığı göy Xəzərin də,
Nəğmən dilə gəlir ləpələrində,
Yenicə dil açan körpələrin də
Əzəl kəlməsisən, sözüsən, Bakı.

Baxçadır hər yanın, bağdır hər yanın,
Gözəl guşəsisən sən bu dünyanın.
Qurbanı olduğum Azərbaycanın
Vuran ürəyisən, gözüsən Bakı!

 

Yollar

Yollar əzəl sirdaşımız
Daim xidmət etmiş bizə.
Bəzən dağdan, daşdan keçir
Bəzən gəlib çıxır düzə.
Kosmosa da gedib çatdı
Saldığımız nurlu yollar.
Marsa, Aya, Günəşə də
Yetişəcək sabah onlar.
Çox sevirəm bu dünyada
Sülhə gedən yolları mən.
İncimərəm gəlib keçsə
Onlar mənim ürəyimdən.
Hərbin qanlı yolu da var
Yer üzündə bizə düşmən.
Kaş bacarıb o yolları
Bağlayaydım dünyada mən.

 

Ana

Ömrüm boyu mən sənin
Keşiyində dayansam,
Qaranlıqda şam olub
Gözün önündə yansam.
Ömrün uzansın deyə
Canımı versəm əgər
Olmaz sənin «can bala»
Dediyinə bərabər.
Tanımıram elə kəs,
Tanımıram hələ mən
Övlad üçün xidməti
Çox olsun xidmətindən.
Yox, buk i, çox çətindir,
Çətindir əziz ana.
Elə bir kəs gəlməyib,
Gəlməyibdir cahana.
Beşiyimin başında
Dayanmısan gecələr.
Ürəyini şam edib
Çox yanmısan gecələr.
Ayaq tutub gəzərkən
Hər dəfə yıxılanda
«Anan öləydi» – deyib
Ah çəkmisən o anda.
Milyon dəfə ürəkdən
Sən mənə can demisən.
Bir an xəstələnəndə
Neçə qurban demisən.
Ömrüm boyu mən sənə
Borcluyam, əziz ana.
Ay olub nur yayaydım
Kaş gecələr yoluna.
Ana, eşqim, diləyim,
Əməlim də sənindir.
İndi şeir söyləyəın
Bu dilim də sənindir.
Qarşına bir çay çıxsa,
Üstə körpü olardım.
Yel əssə qaya olub
Səni daldalayardım.
Susuz səhrada olsan
Yaşıl budaq olardım.
Şərbət ansan, ana can,
Piyalənə dolardım.
Aranda olsan əgər
Laləli dağ olardım.
Xəstə olub nar ansan
Meyvəli bağ olardım.
Nə edim ki, hədiyyəm
Kiçik bir şeir oldu.
Mən səni yad edərkən
Gözlərim yaşla doldu.
Səsləndi qulağımda
Yenə o layla səsin.
Sifətimə toxundu
Sanki isti nəfəsin.

 

 

İlk addım

Oğlum Müşfiqə

Həyatda ilk addım atırsan bu gün,
Qəlbimiz bir dağa dönür sevincdən.
«Ay aman, qoymayın yıxılar uşaq»,
Deyib səslənirik anan ilə mən.

Oğlum, fəxr edirik ilk addımınla,
Özün də şadlanıb qürrələnirsən.
Hələ çox keçməyib bircə yaşından,
Hərdən də dil açıb ana deyirsən.

Mətin at qorxmadan addımlarını,
Ar deyil bu günlər yıxılsan da sən.
Arzumdur gələcək həyat yolunda
Heç zaman təntiyib büdrəməyəsən.

 

Göyçə

Vurğunam hüsnünə, ey gözəl diyar,
Dünyada hər şeydən əzizsən mənə.
Neçə buz bulağın, neçə yaylan var,
Nə qədər seyr etsəm doymaram yenə.

Ömr etdi sinəndə aşıq Ələsgər,
İlhamla söz qoşdu qıza-gəlinə.
Dolaşıb qoynunda hər axşam, səhər
Qoşmalar deyərdi doğma elinə.

Yaşayıb bu yerdə babalarımız,
Hər dağa, bulağa ad verib onlar.
Dağılıb, talanıb çox vaxt varımız,
Kədərli, qüssəli gün görüb onlar.

Odur Tikpiləkən, uca Keyti dağ,
Kim bilir neçədir onların yaşı?
Qocadır hər təpə, hər yaşıl oymaq
Əsrlər görübdür torpağı, daşı.

Elin sürüsünü yayaraq dağa
Oturmuş çəməndə bəxtəvər çoban.
Qoyunlar otlayıb gedir yatağa,
Osa tütəyini çalır astadan.

Hər dağdan, dərədən axıb şırhaşır,
Səadət nəğməsi deyir bulaqlar.
Daşlardan süzülür, daşlardan aşır,
Nə xoş zümzüməsi, nə xoş səsi var.

Göydöşdə həvəslə at çapdım hərdən,
Yalçın qayalarda sözüm də qaldı.
Baharda enərkən mən Sarınərdən,
O dağın döşündə izim də qaldı.

Doğma yurdum, sənin özgə hüsnün var,
Həmişə dostları edirsən mehman.
Yaylaqda yan-yana duran çadırlar
Köksünü daha da bəzəyir inan.

Qəlbinin sevinci ixtiyar Sevan,
Daima fəxrindir, iftixarındır.
Qəzəbdə sahilə dəyib çırpınan
Mavi dalğaları nəğməkarındır.

Bir baxın o gölün mavi suları
İşığa çevrilib axır kəndlərə.
Yenə aşıb-daşır hamının varı,
Şəfəqdən don geyir hər dağ, hər dərə.

Ellərin qəlbində iftixar, qürur,
Ucalır göylərə dostluq nəğməsi.
Sevinclə uyuyub, sevinclə durur
Bəxtəvər ananın əziz körpəsi.

Zəhmətdir hər kəsin şöhrəti-şanı,
Xoş keçir günlərin, növrağın, Göyçə.
Adın dildən-dilə gəzir hər yanı,
Əksilməz qapından qonağın, Göyçə.

Ələsgər, Abdulla və Növrəs İman
Dağlar qucağında – səndə doğuldu.
Məhəbbət yolçusu o aşıq Qurban,
Yolüstü qapının qonağı oldu.

De necə unudum bu gün mən səni,
Qoynunda boy atıb dolmuşam yaşa.
Ey Göyçə mahalı – aşıq vətəni,
Gül açıb torpağın bax başdan-başa.

İndi tükənməzdir varın, dövlətin,
Nur saçır üstünə hər gələn bahar.
Əmək cəbhəsində dayanmış mətin
Sinəndə sabahı bu gün quranlar.

 

Günəş və ay

Ay düşünüb bir qədər
Üz çevirdi günəşə.
Dedim, dostum, qulaq as,
Bir fikir ver bu işə.
Qüdrətin yox mənimtək
Nur yayasan gecə sən.
Bilmədi ki, özü də
İşıq alır günəşdən.

 

 

İstərəm ki…

İstərəm ki, hər misram
ruhunu, ahəngini,
Göy Sevanın, Zənginin
zümzüməsindən alsın.
Könülləri oxşayan
baharın təravətli
Xoş nəfəsindən alsın.
Min həvəslə oxuyan
Quşların cəh-cəhindən,
şirin səsindən alsın.
Eşq odu ilə alışan
iki vurğun ürəyin
Təranəsindən alsın.
Belə yaranan şeirim,
Könüllərə yol açıb
hər tərəfdən ucalsın.

 

 

Müəllim

Söylə hansı alim, hansı bi r memar,
Səndən dərs almamış kamala çatdı.
Hər şair, mühəndis, böyük sənətkar
Arzutək qəlbində səni yaşatdı.

Sən elə bir bağın bağbanısan ki,
Hər yana yayılıb o bağın barı.
Səhər yuxusundan oyadır səni,
Qəlbinin alovlu çırpıntıları.

O bağın barıdır öz əllərilə
Şoranlı əöllərdən gül dərən indi.
Sonsuz fəzalara əməllərilə
Zehnin məhsulunu göndərən indi.

Hər cəsur döyüşçü, qorxmaz qəhrəman
Sənin təliminə vəfadar oldu.
Sən ey müqəddəs şəxs, ey böyük insan
Nəsibin səadət, ilk bahar oldu.

Gedirsən məktəbə hər səhər erkən
Gözündə canlanır xoşbəxt gələcək.
Şagirdin ad alıb geri dönərkən
Sevincdən köksünə sığmayır ürək.

Vüqarlı dağ kimi ucadır başın,
Yurdumda böyükdür hörmətin sənin.
Sinifdir həmdəmin, kitab sirdaşın,
Nə gözəl sənətdir, sənətin sənin.

Böyük dahilərə müəllim dedik,
Bu ad necə şanlı, necə əzizdir.
Müəllim sözünü eşitdikcə sən
Sevincin, ilhamın coşqun dənizdir.

 

 

Borclu qaldı

Çapdan çıxdı şairin
İlk şeirlər kitabı.
Ah, nə qədər çox sevir
Gənc şairlər kitabı.
Yazıb hədiyyə verdi
Neçə dosta, tanışa.
Dedi ürək sözünü
Gərək kitab danışa.
O xırdaca kitabça
Nə ləl idi, nə inci,
Onunla çatdı xalqa
Gənc şairin sevinci.
Odur yenə o yazır
Əsərindən hədiyyə.
Fəqət kitab önündə
Dalğın dayanmış niyə?
Yazır kitabçasından
İlk dil müəlliminə.
Çox diqqətli olsa da,
Əlləri əsir yenə.
Həmin anda özünü
Məktəbli uşaq sandı.
Öz şagirdlik illəri
Göz önündə dayandı.
Cümlələri yazınca
Xeyli xəyala daldı.
Sevimli müəllimə
Yenə də borclu qaldı.

 

 

Xəyalım və mən

Qanadına alaraq
Xəyal məni gəzdirir,
Mən isə xəyalları.
Həyatda birlikdə də
Sona yetirəcəyik
Biz bu uzun yolları.

 

 

Şeirlə danışaydı

Mümkünmüdür odlu qəlb
Dolmasın, boşalmasın,
Qoy həyatda şeirsiz
Bircə günüm olmasın.
Soruşmayın ki, şeiri
Nə qədər sevirəm mən.
İlhamdır bu qəlbimi
Kaman kimi dindirən.
Əgər ondan ayrılsam,
Sönər eşqim, diləyim.
Dilə gəlib heç zaman
Alovlanmaz ürəyim.
Arzum budur ümmanlar
Gözəl şeir olaydı.
Çağlayaraq bir anda
Ürəyimə dolaydı.
Odur mənim həyatım,
Odur mənim varlığım.
Odur güllü baharım,
Odur bəxtiyarlığım.
Deyirəm ki, dünyada
İlham aşıb-daşaydı.
Kaş ki, bütün yer üzü
Şeirlə danışaydı.
Mümkünmüdür odlu qəlb
Dolmasın, boşalmasın,
Qoy həyatda şeirsiz
Bircə günüm olmasın.

 

Gərək ol

Gərək ki, bu dünyada
Yaşayasan elə sən.
Köç edəndə deyələr
Lazım idin elə sən.

 

Bahar gəlir

Mirvarinin danəsitək
Göy otlara şeh düşəndə,
Şirəçəkən bal arısı
Çiçəklərlə öpüşəndə,
Qatar-qatar durnalar da
Göy üzündə ötüşəndə,
Həyat gülür, bahar gəlir,
Könüllərə vüqar gəlir.

Boranlı qış ölkəmizdən
Uzaqlara sürünəndə,
Leysan dolu buludlar da
Üfüqlərdə görünəndə,
Kainatın gen sinəsi
Yaşıl dona bürünəndə,
Həyat gülür, bahar gəlir,
Könüllərə vüqar gəlir.

Axşam üstü dağ döşündə
Çoban tonqal qalayanda,
Ürkək ceyran yaşıllıqda
Balasını yalayanda,
Qoca həyat ömrümüzə
Yeni illər calayanda,
Həyat gülür, bahar gəlir,
Könüllərə vüqar gəlir.

Şairlərin ürəyində
İlham coşub hey daşanda,
Bülbül şirin cəh-cəh vurub
Bağçalarda dolaşanda,
Yaşıllıqda iki gənc də
Məhəbbətdən danışanda,
Həyat gülür, bahar gəlir,
Könüllərə vüqar gəlir.

Gül-çiçəkli sevimli yaz
Təbiətlə barışanda,
Köpüklənib coşan sellər
Gur çaylara qarışanda,
Zəhmət sevən mərd insanlar
Tarlalarda yarışanda,
Həyat gülür, bahar gəlir,
Könüllərə vüqar gəlir.

 

Göyçə gölü

Boy atıb böyüdüm sahilində mən,
Sevincim çağladı dalğalarıntək.
Heç zaman doymadım gözəlliyindən,
Eşqinlə sinəmdə çırpındı ürək.

Bəzən yatağında çalxalanırsan,
Günəş də sinəni yalayıb keçir.
Küləklər suyunla öpüşən zaman,
Dalğanı-dalğaya calayıb keçir.

İlhama gələrək aşıq Ələsgər
Göyçə gölü demiş sənin adına.
Daşıb kükrədikcə coşqun ləpələr
Ruh vermiş şairin istedadına.

Sakit gecələrdə ayı, ulduzu
Alaraq qoynuna oynadır suyun.
Göyçənin gözəli, ey dağlar qızı,
Göyün parçasıdır, aynadır suyun.

 

İnəkdağı

İnəkdağı yenə gördüm hüsnünü,
Qoy dincəlim bir sinəndə doyunca.
Neçə vaxtdır arzuladım bu günü,
Heç düşərmi ələ fürsət de bunca.
Qoy dincəlim bir sinəndə doyunca.

Min nəğmə dinlədim bu yerlərdə mən,
Quzu da otardım yaşıl güneydə.
Könlümü oxşayıb alardı həmən
Çobanın həvəslə çaldığı ney də.
Quzu da otardım yaşıl güneydə.

Ruhumu oxşardı quşların səsi,
Nə qədər dinləsəm doymazdım yenə.
Bulaq şırıltısı, çay zümzüməsi
Min sevinc, səadət verərdi mənə.
Nə qədər dinləsəm doymazdım yenə.

Sinəndə boynunu bükür bənövşə,
Yoxsa ki, o səndən inciyib, a dağ?
Gün keçir, tellərin tökür bənövşə,
De kimdir həyatda daimi qonaq.
Yoxsa ki, bənövşə inciyib, a dağ?

Bir zaman donunu geyirsən dümağ,
Qoynunda başlanan həyat lal olur.
Elə bil yuxuya dalır hər oymaq,
Səndə başqa hikmət, başqa hal olur.
Qoynunda bir qədər həyat lal olur.

 

Arxalı dağlar

Səf-səf dayanmış dağlar
Burda baş almış göyə.
Bir-birinə söykənmiş
Yıxılmasınlar deyə.

 

 

Kənd həyatı

Yaratmaq eşqilə yaşayan şair,
Sən ilham almağa kəndə gəl barı.
Baharın ətrini duymaq istəsən,
Doyunca gəz, dolan uca dağları.

Salınan küçələr gör nə genişdi
Bəxtəvər ellərin ürəyi kimi.
Hər kəsin qayəsi əməkdi, işdi,
Kaş yaza biləydim gördüklərimi.

Tez ötmə yanından hər yaşı bağın,
Bəlkə şeiriyyatı duya biləsən.
Hörməti böyükdür kənddə qonağın,
Səni qarşılayar hamı gülər, şən.

Coşdurar qəlbləri kənd axşamları,
Yüksələr hər evdən şənlik nəğməsi.
Kökləyər həvəslə neçə gənc tarı,
Şirindir aşığın sazının səsi.

İliç lampaları alışan zaman,
Nura qərq olur yüz-yüz aynabənd.
Adı dildə gəzən neçə qəhrəman,
Bəsləyir qoynunda bizim doğma kənd.

Qəlbində iftixar oyan səhərlər,
Seyr elə ordakı qaynar həyatı.
Çıxaraq yol üstə dayan səhərlər,
Gör nələr yaradır vətən övladı.

Gözəldir, əzizim, bilsən nə qədər,
Sürünün, nazırın çöldən gəlməsi.
Gah insan səslənər, gah qoyun mələr,
Eşidən unutmaz heç vaxt o səsi.

Düşünmə tanışım yoxdur deyərək,
Kimi istəyirsən qona qol ona.
Qonağa bir quzu kəsilsin gərək:
Söyləyər can deyə ağbirçək ana.

Gözəl olur kənddə məhsul bayramı,
Anbarlar taxılla, nemətlə dolur.
Ürəkdən sevinir, şadlanır hamı,
Toy edib evlənmək bir adət olur.

Sənə layla çalar coşqun kənd çayı,
Yuxudan quşların səsi oyadar.
Səfalıdır kəndin payızı, yayı,
Getməz xatirindən ətirli bahar.

Suyundan içdiyin hər sərin bulaq,
Qəlbində əbədi çağlayacaqdır.
Qoynunda gəzdiyin hər dağ, hər oymaq,
İzini yadigar saxlayacaqdır.

 

 

Buludların izi

Yoxa çıxdı bir anlığa
Günəşin al şüaları.
Çiskin yağış yağa-yağa
Axıb getdi dağa sarı.

Kəsdi yağış, açıldı göy
Görünmədi səmada iz.
Otlar üstə buludların
Damla-damla izi qaldı
Büllur kimi şəffaf, təmiz.

 

 

Dağ saxladı

Duman çökdü dağlara,
Bənd-bərəni bağladı.
Duman dağı gizlədi,
Dağ dumanı saxladı.

 

 

Durnalar

Yaraşıqdır Vətənin
Göllərində durnalar.
Daraq oldu göylərin
Tellərinə durnalar.

 

 

Dağlar

(Gənc geoloqun dilindən)

Açılsın yamacın, ərisin qarın,
Sıyrılsın dumandan başın, a dağlar.
Mən ki, vurğunuyam o yamacların,
Çıxdım axtarışa başına, dağlar.

Qalxım aşırımları, dərədən keçim,
Ayna bulaqların gözündən içim.
Axtarıb qəlbindən incini seçim,
Qızıldır, gövhərdir, daşın, a dağlar.

Burda Ələsgərin sözü səslənib,
İmanın köksündə nələr əbslənib,
Şirlər qabağında tülkü həslənib,
Şahiddir, yaddaşın, yaşın, a dağlar.

Öpsün saçlarımı səhərin mehi,
Qonsun ayağıma otların şehi,
Mən yorğan eyləyim qövsi-quzeyi,
Döşəyim, yastığım, daşın, a dağlar.

 

Dalğalar

Öpüşərək küləklə
Qucursuz sahilləri.
Qayalara yazdınız
Ötüb keçən illəri.

Baş vurur qağayılar,
Köpüklü sinənizə.
Siz ki yaraşıqsınız
Mavi rəngli dənizə.

Bərq vurun günəş altda
Nə ağsınız dalğalar.
Dənizin göy şalına
Saçaqsınız dalğalar.

 

Dağ və təpə

Təpə dağa dedi ki,
Aşağı en sən bir az.
Dağ öz dağ vüqarılə
Etdi buna etiraz.
– Dedi çalış dünyada
Daim yüksələsən sən.
Cəhd etmə başqasını
Endirəsən zirvədən.

 

 

Yoxsa utandı üfüq?

Yenə göylər sultanı
Yoxa çıxdı üfüqdə.
Közərmiş dəmir kimi
Parıldadı üfüq də.
O gizlətdi qoynunda
Günəşi bu cahandan.
Bəlkə elə onunçün
Üfüqün yanaqları
Yandı utandığından.

            ***

Yetişəndə meyvələr
Ellər həvəslə yığır
Bağlardakı bol barı.
Payız isə küləklər
Qoparır budaqlardan
Qızılı yarpaqları.

 

 

Yorğan oldu

Kəhlənini çaparaq
Payız gəzdi dünyanı.
Sarı rəngə boyadı
Hər tərəfi, hər yanı.
Başa vurub ömrünü
Yenə soldu yarpaqlar.
Düşüb yerin köksünə
Yorğan oldu yarpaqlar.
Ağaclara can verən
Yeri örtdu ki, onlar
Doğma ana torpağı
Üşütməsin şaxta, qar.

 

İki qəlbin işığı

Divardakı düyməni
Sən sıxarkən, gözəl qız.
Bircə anda işığa
Qərq olur otağınız.
Əlinlə yanıb-sönür
Evinizdə çil-çıraq.
Əzizim, dinlə məni,
Sənə sözüm var ancaq.
– Axı səni gözləyən
Könül işıqlarım var.
«Sevirəm» deməyinlə
Şəyəq saçacaq onlar.
Qoy gecə-gündüz yansın
Sevən ürəklər barı.
İki qəlbi isitsin
Məhəbbət işıqları.

 

Sən getdin…

Sən getdin… qəlbimdəki
çağlayan təlatümü,
ağrıları duymadın.
Sən getdin bu könlümə
həmdəm olub, gözəlim,
nədən məhəl qoymadın.
Sən getdin demirəm ki,..
dövlətimi, varımı,
ya incimi apardın.
Sən getdin yalnız mənim
atəşli ürəyimi,
sevincimi apardın.
Sən getdin söylə görüm
qəlbimdəki həyəcan,
həsrət, intizar nədir?
Sən getdin lakin hələ
sözlərin qulağımda,
əksinsə gözümdədir.

 

 

Yolunu gözləyirəm

Səmada ay ucaldı,
Hər yana şölə saldı,
Gözüm yolunda qaldı,
Gəlib çıxmadın, ay qız.
Niyə oldun vəfasız?

Gözləyirəm səni mən,
Niyə döndün sözündən.
Gəl eylə qəlbimi şən,
Göydə çoxalır ulduz.
Gəl çıx, ay etibarsız.

Çay da axır şırhaşır,
Yarpaqlar pıçıldaşır,
Yenə xəyalım çaşır,
Durmuşam burda yalqız,
Gəlib çıxmadın, ay qız.

Könlümə həmdəm gözəl,
Sözünü unutma gəl,
Mənimsən axır, əzəl,
Olma belə vəfasız.
Könlümü güldür, ay qız.

 

 

Sən olmadınmı?

Süzgün baxışınla azad qəlbimi,
Hər dərdə, kədərə bu yad qəlbimi,
Daima sevincli bu şad qəlbimi,
İlk dəfə oxlayan sən olmadınmı?

Bir zaman sevirəm deyərək candan,
Xoş deyib gülərdin, gülərdin hər an.
O şirin vədlərlə məni yolumdan
Döndərib saxlayan sən olmadınmı?

Uyaraq dünyanın əbəs varına,
Kəc baxdın eşqimin ilk baharına.
İnanıb əğyarın etibarına
Halını yoxlayan sən olmadınmı?

 

 

Hörüklər

Hörüklər qulac-qulac,
Hörüklər dəstə-dəstə.
Toxunmayın onlara
Oynasın gərdən üstə.

Vaxt olar tək hörülər
Gah da qoşa hörüklər.
Gözəllərçün yaranmış
Bir tamaşa hörüklər.

Qoşa hörüb, qoşa da
Çatın o hörükləri.
Leyli kimi arxaya
Atın o hörükləri.

Neçə aşiq onları
Şahmara bənzədibdir.
Neçə qəlbi o saçlar
Özünə bənd edibdir.

Hörüklər qalmış bizə
Nənələrdən yadigar.
Koroğlunun, Babəkin
Onlarda əl izi var.

Həcər də duran zaman
Düşmənlərin qəsdinə.
Aşıb düşdü hörüklər
Aynalının üstünə.

Tərciqqalı tellərə
Vaqif də çox söz dedi.
Pərilərə ürəkdən
Neçə şeir söylədi.

Söyləyin bu dünyada
Kim sevib-sevilməyib?
Hörüklərin qədrini
Hansı bir xalq bilməyib?

 

Gözlərin

Mənalı-mənalı baxaraq hərdən
Odları qəlbimə saldı gözlərin.
Özüm də doğrusu bilmirəm nədən
Nitqimi əlimdən aldı gözlərin.

Sevib-seviləndə başqa hal olur,
Hərdən şeyda bülbül, hərdən lal olur.
Eşqinsə mənimçün bir xəyal olur,
Bəs nədən fikrə daldı gözlərin?

İnsaf et, nə olar, bir ötərgi bax,
Əlini odlara gəl az yandır, yax.
Axırda bircə söz deyirəm ancaq,
Qəlbimdə yadigar qaldı gözlərin.

 

Doymayıram

Vurulmuşam səntək yara,
Aşiqinəm çəkmə dara.
Örpəyintək, ay qız, qara
Tellərindən doymayıram.

Səndən ayrı düşsəm, canan,
Darıxaram mən həmin an.
Sən qolumdan tutan zaman,
Əllərindən doymayıram.

Hərdən dönüb baxanda sən,
Ürəyimi yaxanda sən.
Döşümə gül taxanda sən,
Güllərindən doymayıram.

 

 

Zəfər çələngi

(poema)

Azəri xalqının mərd oğlu Dadaş Tahirovun xatirəsinə ithaf edirəm.

Söhbət düşdü davadan
Ey insanlar, insanlar.
Odla oynayanlara
Ürəyimdə sözüm var.
İstəyidir bəşərin
Sülh, Azadlıq və Əmək.
Hərb silinsin tarixdən
Xalqlar olsun qardaştək.
İyirmi il keçibdir
Şanlı zəfər günündən.
Faciəli anları
Düşünürəm hərdən mən.
Ürəklərin ağrısı
Təzələndi yenə də.
Qövr eylədi yaralar
Neçə-neçə sinədə.
Ey insanlar, eşidin,
Qulaq asın bircə an.
Gəlin xalqı qoruyaq
Qanlı vuruşmalardan.

***

Tarix boyu çox olmuş
Göz tikən bu torpağa.
Yadları heyran qoyan
Hər bağçaya, hər bağa.
Xam xəyala düşənlər
Öz başını itirmiş,
Vuruşa qoşa gələn
Yoldaşını itirmiş.
Napoleon da göz tikdi
Bu yerlərə bir zaman.
Ordusuz geri getdi
O, rus torpağından.
Düşmədi yad əllərə
Puşkin vəsf edən diyar.
Böyük rus xalqının
Şöhrəti var, şanı var.
Üç yüz illik xaniman
Devrildi xalq əlilə.
Yeni dünya yaratdıq
Çox oldu düşmənimiz.
Fəqət hər bir döyüşdən
Zəfərlərlə çıxdıq biz.
Məğlub etdik hünərlə
Denikini, Kolçağı.
Neçə azğın düşməni,
Neçə mənfur alçağı.
Əsir edib xalqları
Yaman qudurdu Hitler.
Günahsız insanların
Qəsdinə durdu Hitler.
Tarixin dərslərini
Sanki tamam unutdu.
Axırda ölkəmizə
Hücum yolunu tutdu.
İtirərək ağlını
Cəllad yamanca çaşdı.
O bir alabaş idi
Gəlib filə sataşdı.
Ordusunu, özünü
Məğlubedilməz saydı.
Faşizmi kim əzərdi
Xalqımız olmasaydı?
Ey insanlar, eşidin,
Qulaq asın bircə an.
Gəlin xalqı qoruyaq
Qanlı vuruşmalardan.

***

Bu gün zəfər günüdür,
Seyrə çıxdım Vətəni.
Onun gözəllikləri
Qoynuna aldı məni.
Neçə çöldən adlayıb,
Neçə çaydan keçdim mən.
Baş vuraraq Volqaya,
Göy Dunaydan keçdim mən.
Dost Ukrayna torpağı
Aldı məni qoynuna.
İndi qardaş diyarı
Girmişdir başqa dona.
Hər tərəfi bağça-bağ,
Hər yanı tarlalardır.
Baharda bu yerlərin
Özgə səfası vardır.
Əllərində gül-çiçək
İnsanlar dəstə-dəstə
Qalxırlar yavaş-yavaş
Yaşıl bir təpə üstə.
Çəmənliklər içində
İki qoşa məzar var.
Dörd yanına onların
Çiçək düzmüş insanlar.
Xatırlayır gələnlər
Keçən ağır anları.
Çiçəklərlə yad edir
Onlar qəhrəmanları.
Döşündə parlaq ulduz
Kimdir məğrur dayanan.
Məzar üstə baş əyib
Xəyala dalan insan?
Ah, deyəsən baxışlar,
Gözlər mənə tanışdır.
Qəlbim bu an hökm edir,
Tez ol onu danışdır.
Azərbaycan balası,
O, qafqaz övladıdır.
Əlifev familiyası,
Əjdər onun adıdır.
Keçibdir hərbin ağır
Alovundan, odundan.
Sadiq qalmış Vətənə
Ömrü boyu hər zaman.
O, çox həyəcanlıdır,
Çatılıbdır qaşları.
Burda qoşa uyuyur
Öz cəbhə qardaşları.
Bu anda söz onundur
Qələm götürürəm mən.
Söhbət edir aramla
Əjdər gördüklərindən:
– Mənimlə bir vuruşmuş
Bu iki qorxmaz qardaş.
Ukraynalı Savçenko,
Bir də azəri Dadaş.
Burda mərd şahinləri
Mən özüm dəfn etmişəm.
Yaddan qisas almaqçün
Berlinədək getmişəm.
Faciəli günləri
Biz üçlükdə görmüşük.
Bircə parça çörəyi
Birgə bölüşdürmüşük.
İgidliklə, mərdliklə
Onlar həlak oldular.
Doqquzu May günündə
Yenidən doğuldular.
– Davam edir sözünə,
Davam edir Əjdərim.
Gah da xəyala dalıb
Fikrə gedir Əgdərim.
– Sülhü şüar eyləyib
Ədaləti qoruduq.
Qanımızla qurulan
Bir dövləti qoruduq.
«Düşmənə ölüm» – deyib
Dərhal səfərbər olduq.
Böyük, kiçik hamımız
Mübariz əsgər olduq.
Dörd il qızıl qanımız
Töküldü səngərlərə.
Ölüm küləyi əsdəi
Neçə kəndə, şəhərə.
Qardaş xalqlar yurdumda
Çiyinp-çiyinə durdu.
Hər addımda düşmənə
Sağalmaz yara vurdu.
Qidamız Vətən eşqi,
Suyumuz arzu oldu.
«Bizimlədir qələbə» –
Qayəmizsə bu oldu.
Patiyanın adını
Qəlbimizdə yaşatdıq.
Gah havada vuruşduq,
Gah da səngərə yatdıq.
«Faşizmə ölüm» – jejik,
Bu oldu parolumuz.
İstəyimiz qələbə,
Azadlıqsa yolumuz.
Dörd bahar yola salıb
Dinclik, yuxu bilmədik.
Nə toy gördük, nə şənlik,
Nə ürəkdən gülmədik.
Çaldığımız qələbə
Zəfərli, çətin oldu.
Cəbhədə iradəmiz
Poladdan mətin oldu.
Böyük Lenin dühası
Qolumuza güc verdi.
Partiya bizlə birgə
Döyüşə sinə gərdi.
Düşmənə heç bir zaman
Arxa çevirmədik biz.
Vətənimiz eşqinə
Al boyandı sinəmiz.
Göylərdən başımıza
Od yağdı, od töküldü.
Bizdən biri öldüsə,
Düşməndən onu öldü.
Yadlar ərzəyə düşdü
Şahinlər şığıyanda.
Hər igid sadiq qaldı
Əzəl içdiyi anda.
– Əjdər susmur, danışır,
Hamı dinləyir onu.
Qalib gəlmiş əsgəri,
Azərbaycan oğlunu.
– Şanlı Azərbaycanım
Verdi min-min qəhrəman.
Onların igidliyi
Unudulmaz heç zaman.
Mərd Koroğlu nərəli
Babək cürətli xalqım.
Mehdi, Həzi hünərli
Gəray qüdrətli xalqım.

***

Aldı mühasirəyə
Yadlar Leninqradı.
Hitler xəyal etdi ki,
Odlar Leninqradı.
Doqquz yüz gün biz onu
Qanımızla qoruduq.
İnqilab beşiyini
Canımızla qoruduq.
Bu şəhər göylərində
Qanad çaldı Hüseynim.
Neçə xaçnişanlını
Vurub saldı Hüseynim.
Qafurum da qorudu
Qəhrəman Sevastopolu.
Canından əziz bildi
O hər an Sevastopolu.
Həsrət qaldıq sevincə,
Həsrət qaldıq biz toya.
Bu şən həyat yolunda
Öldü Oleq və Zoya.
Bitib tamamlanmadı
Şeiri Musa Cəlilin.
Bəslədi gecə-gündüz
Düşmənə qəlbində kin.
De indi kim tanımır
İsrafili, Nelsonu?
Doqquzu Mayda çatdı
Duşmən ömrünün sonu.
Biz nahaq qan tökmədik,
Biz Vətəni qoruduq.
İnqilabın barını,
Bir də şanı qoruduq.
Qoruduq ki, yurdumuz
Yad əllərə keçməsin.
Vətən bulaqlarından
Düşmənlər su içməsin.
Qoruduq ki, bəşəri
Çətin gündən qurtaraq.
Hitlerin tələsindən,
Qəm yükündən qurtaraq.
– Ona neçə göz dikilib,
Qalxıb-enir sinəsi.
Yarasımı ağrıyır,
Nədən titrəyir səsi?
Danış, doğma qardaşım,
Danış, dilinə qurban.
Kəpəzinə, Kürünə,
Doğma elinə qurban.
– Olduqca ağır keçdi
Döyüş imtahanımız.
Torpağın sinəsində
Qurumayıb qanımız.
Qana boyandı sular,
Qan ağladı gül-çiçək.
Matəm nəğməsi dedi,
Ötən quş, əsən külək.
Söylədikcə, dedikdə
Dərdim çoxalır mənim.
Hədəf oldu gülləyə
Neçə mərd həmvətənim.
Körpələrin naləsi
Hələ qulaqlardadır.
Anaların göz yaşı
Hələ yanaqlardadır.
Qəlbimizdə hələ də
Güllələrin izi var.
Əsirlərin üzündə
Sillələrin izi var.
Ölüm yayan bombalar
Dağıtdı evimizi.
Qapımızda nə qədər
İncitdi düşmən bizi.
Bəzən də tapdalandı
Eşqimiz, ismətimiz.
Ölüm, işgəncə oldu
Payımız, qismətimiz.
Günahsız məhv edildi
İyirmi milyon insan.
Tarix cavab istəyir
Faşist cəlladlarından.
Unutmaq mümkünmüdür
Heç o çətin anları.
Xalqım ağıllandırır
Yolunu azanları.
Əvəzsiz ki qalmadı
Tökdüyümüz qızıl qan.
Birə-on qisas aldıq
Qudurmuş yağılardan.
Qurbanlar bahasına
Yetişdi zəfər günü.
Qələbə şad eylədi
Bəşəri – yer üzünü.
Həqiqət qalib gəldi,
Susmadı haqqın səsi.
Puça çıxdı Hitlerin
Qanlı müharibəsi.
Reyxstaq üstündən
Faşist bayrağı endi.
Dünya şənlik eylədi,
Bütün aləm sevindi.
Əbədi endirildi
O xaçnişanlı bayraq.
Ölüm qorxusu verən
Qadalı, qanlı bayraq.
Berlin üstə sancıldı
Qalibiyyət bayrağı.
Ədalətin simvolu,
Sülh, səadət bayrağı.
Günəş də bərq vurdu ki,
Olsun əmin-amanlıq.
Dəxi qan ağlamasın
Qoy dünyada insanlıq.
Hər tərəfdən ucalan
Azadlıq cəngi oldu.
O alqış bizim üçün
Zəfər çələngi oldu.
– Nitqini qurtarsa da,
Köksü sözlə doludur.
Berlinədək uzanan
Onun cəbhə yoludur.
Ehtiramla baş əydim
Qoşa yatan qartala.
Əiyevdən ayrılıb
Yenidən düşdüm yola.
Ey insanlar, eşidin,
Qulaq asın bircə an.
Gəlin xalqı qoruyaq
Qanlı vuruşmalardan.
Seyr edirəm Vətəni
Dolanıb gəzə-gəzə.
Görün nələr bəxş edib
Dörd illik döyüş bizə.
Enlikürək bir igid
Qarşıma çıxır mənim.
Həyəcandan, qəzəbdən
Əsir bütün bədənim.
İtiribdir qılçasın
Qoruyarkən Vətəni.
Ondakı qəhrəmanlıq
Məftun eyləyir məni.
Baxın, onun ayağı
İndi ağacdan olub.
Məgər elə anadaq
Ağac qıçlı doğulub?
Bəzən ötür önümdən
Gözləri kor bir cavan.
Sönmüş o qara gözlər
Müharibə odundan.
Baxa bilmir dəxi o,
Bu gözəl təbiətə.
Gözlər şüşədən olub,
Dəhşətə bax, dəhşətə!
Gülüşünü görməyir
O öz doğma oğlunun.
Dərdi dənizlər qədər,
Dağlar qədərdi onun.
Hərdən də rastlaşıram
Qolları yox birilə.
Bir vaxt o nələr etmiş
Qüvvətli əllərilə.
Nəzərimi cəlb edir
Alicənab bu insan.
Fəxr edir xalq önündə
O şikəst olmağından.
– Qürurlu ol, əzizim,
Uca saxla başını.
Qorumusan Vətənin
Torpağını, daşını.
Gənclər tanyıram ki,
Ata üzü görməyib.
Gəlinlər var ölkəmdə,
Hələ də ər gözləyir.
Öz həyat yoldaşından
Yenə xəbər gözləyir.
Bacılar var doyunca
Görmədi qardaşını.
«Atam oğlu gəl» – deyə
Ağardıbdır başını.
Qızlar da var ağsaçlı,
Qocalmış toy görməmiş.
Nişanlandığı gənclə
Xoşbəxt ömür sürməmiş.
Neçə ana saxlayır
Oğlunun məktubunu.
Gecə-gündüz həsədlə
Öpüb yad edir onu.
Bu kədəri, bu qəmi
Çəkə bilməz hər ürək.
Dərd varmıdır dünyada
Deyin, mənim dərdim tək.
Ey insanlar, eşidin,
Qulaq asın bircə an.
Gəlin xalqı qoruyaq
Qanlı vuruşmalardan.

Ölkəmi qarış-qarış
Gəzib dolanıram mən.
Bir vaxt yanmış şəhərlər
Keçir gözüm önündən.
Yeni görkəm alar
Bu gün dəyişmiş onlar.
Nə dağılmış bir məktəb,
Nə də uçmuş bina var.
Tarmar olmuş evləri,
Sağaltmışıq, qurmuşuq.
Vətənin keşiyində
Sayıqlıqla durmuşuq.
İyirmi ildə yurdum
Dəyişmiş başdan-başa.
Hər guşəsi olubdur
İndi sanki tamaşa.
Dünyaya örnək olub,
Görün nələr yaratdıq.
Xəyallara sığmayan
Əfsanələr yaratdıq.
Əlimizlə dağıldı
Quşqonmayan qayalar.
Adımıza yazılmış
Neçə-neçə zəfər var.
Bir anadan doğulmuş
On beş doğma qardaşıq.
Dostluq dühası verir,
Vətənimə yaraşıq.
Şəhər saldıq özü də,
Təzə oldu adı tək.
Sülh eşqilə döyünür
Köksümüzdə bu ürək.
İndi bütün dünyada
Sönməz bir günəşik biz.
Göyün yeddi qatından
Eşidildi səsimiz.
Üstü gerbli vımpelim
Ayın sinəsindədir.
Deyin atom əsrində
Odla oynamaq nədir?
Elmimizin qüdrəti
Ərzin köksünü dəldi.
İgid kosmonavtlarım
Göyləri gəzdi gəldi.
Bu gün yeganə deyil,
Bir ordudur bax onlar.
Sabah hökmən Marsa da
Gedib çatacaq onlar.
Siz ey hərb düşkünləri,
Gəlin işdə yarışaq.
Dinc yanaşı yaşayıb,
Yüksəlişdə yarışaq.
Baharda yaranmışıq,
Onunla ekizik biz.
Şəfəqindən doğulduq.
Hər işdə iradəli,
Yenilməz, mətin olduq.
Ey insanlar, eşidin,
Qulaq asın bircə an.
Gəlin xalqı qoruyaq
Qanlı vuruşmalardan.

Doğulduq ki, yaşayıb,
Dünyanı dəyişdirək.
Doğulmadıq döyüşdə
Gülləyə sinə gərək.
Sarayları qurduq ki,
İçində yaşayaq biz.
Qurmadıq ki, atomla
Dağılsın evlərimiz.
Niyə məhv olsun insan?
Niyə uçsun binalar?
Hər abidə əməkdən
Qalmış bizə yadigar.
Dünyaya sülh istəyir
Yer üzü başdan-başa.
Dostlar, gəlin qoymayaq
Heç vaxt atom alışa.
Barıt iyi verməsin
Qoy nə hava, nə də su.
Hər zaman çiçək açsın
İnsanların arzusu.
Övladsız bir ananın,
Dərdinə şərik olmaq.
Hərdən də sevinc kimi
Axıb qəlblərə dolmaq.
Biləsiniz könlümü
Nə qədər sevindirir.
Sülh yolunda hər addım
Ürəyimi dindirir.
Tutub qandallayağın
Odla oynayanları.
Hərbə sürükləməsin
Qoy onlar insanları.
Qoy yer üzü bir daha
Müharibə görməsin.
Analar yas saxlayıb,
Ahlı ömür sürməsin.
İsitsin könülləri
Vahid arzu, xoş dilək.
Sülh hər yana nur saçsın,
Əbədi bir günəştək.
Azad qurub yaradaq
Xoş gələcək naminə.
Nə qədər şən yaşasaq,
Deyək ki, azdır yenə.
Yolumuzda mayakdır
Leninin əməlləri.
Kommunizmə aparır
O, bu doğma elləri.
Ey insanlar, eşidin,
Qulaq asın bircə an.
Gəlin xalqı qoruyaq
Qanlı vuruşmalardan!

 

 

 

KİTABIN İÇİNDƏKİLƏR

Biz insanlar üçündür………………………………………………………..2
Vyetnam……………………………………………………………….…….…..4
Bakı………………………………………………………………………………..6
Yollar………………………………………………………………………………7
Ana…………………………………………………………………………………8
İlk addım………………………………………………………………….…….10
Göyçə……………………………………………………………………….…….11
Günəş və ay…………………………………………………………..………..13
İstərəm ki……………………………………………………………….………14
Müəllim………………………………………………………………….………15
Borclu qaldı………………………………………………………….…………16
Xəyalım və mən…………………………………………………….…………17
Şeirlə danışaydı………………………………………………….……………18
Gərək ol………………………………………………………………………….19
Bahar gəlir……………………………………………………..…..………….20
Sevan…………………………………………………………………………….22
İnəkdağı…………………………………………………………………..…….23
Arxalı dağlar…………………………………………………………………..24
Kənd həyatı…………………………………………………………….………25
Buludların izi…………………………………………………………..……..27
Dağ saxladı……………………………………………………………….……28
Durnalar………………………………………………………………….…….29
Dağlar……………………………………………………………………..…….30
Dalğalar…………………………………………………………………………31
Dağ və təpə………………………………………………………………….….32
Yoxsa utandı üfüq?…………………………………………………………33
Yetişəndə meyvələr………………………………………………………….34
Yorğan oldu……………………………………………………………………35
İki qəlbin işığı………………………………………………………..…….…36
Sən getdin……………………………………………………………..……….37
Yolunu gözləyirəm…………………………………………………..………38
Sən olmadınmı?………………………………………………………………39
Hörüklər…………………………………………………………………..…….40
Gözlərin………………………………………………………………………….41
Doymayıram……………………………………………………..…………….42
Zəfər çələngi (poema)……………………………………………………….43