Zər qədrini…

Kitabım xoşuna gəlib, dedin sən,
Ürəkdən sevinib, gülüb, dedin sən,
Nəğmənin qədrini bilib, dedin sən,
Zər qədrini zərgər bilər, əzizim.

Hər bir dəyərli söz dəryada inci,
Oxuyan, axtaran tapar birinci,
Gözəl şeir bir incidi, bir inci,
Zər qədrini zərgər bilər, əzizim.

Şairin nəğməsi, sözü el üçün,
Qəlbinin hər səsi, sözü el üçün,
Axtarır, arayır gözü el üçün,
Zər qədrini zərgər bilər, əzizim.

Daim yazmaq gərək, yaratmaq gərək,
Söz ilə dil açıb, boy atmaq gərək,
Susmuş könülləri oyatmaq gərək,
Zər qədrini zərgər bilər, əzizim.

Nəğməylə, sənətlə hər ülfət gözəl,
Yalan yox, həyatda həqiqət gözəl,
Şairə bəslənən məhəbbət gözəl,
Zər qədrini zərgər bilər, əzizim.

Hər sözümü aramısan, seçmisən,
Hər hikməti şərbət kimi içmisən,
Misralarla ürəyimə köçmüsən,
Zər qədrini zərgər bilər, əzizim.

Yaxşıya yaxşı de, pislə barışma,
Ən dayaz, ötəri hisslə barışma,
Gümüşün yanında mislə barışma,
Zər qədrini zərgər bilər, əzizim.

Nəğmələr yazılır insanlar üçün,
Həyatda sənəti duyanlar üçün,
Dərdli anlar üçün, xoş anlar üçün,
Zər qədrini zərgər bilər, əzizim.

Söz sənəti uludan da uludur,
Əli Vəkil öz xalqının quludur,
Qəlbi hər an odlu sözlə doludur,
Zər qədrini zərgər bilər, əzizim!

3 avqust 1999