Zirvəsində illər boyu qar, dağın

Zirvəsində illər boyu qar, dağın,
Hey olur örpəyi dumanlar dağın,
Ürəkdə zirvəyə qalxmaq həvəsi,
Olubdur vurğunu insanlar, dağın.

Kimlər söz qoşmayıb uca dağlara,
Yaşı bilinməyən qoca dağlara,
İnsanın qüdrəti, imkanı hanı
Qolboyun olmaqçün uca dağlara.

Xəqcərin yarası sağalar bir gün,
Söz yarası sağalmayır nə üçün?
Son qoysa böhtana, şərə insanlar,
Olmaz nə göz yaşı, nə haray, nə ün.

Hər şeyi yüz ölçüb bir biçsən əgər,
Öz həyat yolunu düz seçsən əgər,
Həmişə dünyada üzün ağ olar,
Haqqa, ədalətə and içsən əgər.

Qorxmaz olur bu dünyada mərd adam,
Xəbisliyə, bədxahlığa mən yadam,
Bilin qulağında yatan kəsləri
Kaş bacarıb sözlərimlə oyadam.

Bezdirib yormasın xoş hisslər səni,
Pis yola çəkməsin naqislər səni,
Aqilin, arifin sözünə bax ki,
Təntiyəni darda qoymaz o kəslər.

Çox oxuyan çoxca bilməz, deyiblər,
Çox gəzən çox bilər, gəz, deyiblər.
Gözlər görər, ağıl kəsər, kim bilir,
Hər nə itsə, bilik itməz, deyiblər.

Bir ömürdü onu yaşa mənalı,
Düzgün yol seç yetir başa, mənalı,
Müdriklərə hörmət var el içində,
El şairi nəğmə qoşa mənalı.

Göy gurladı, yenə çaxdı ildırım,
Palıdı yandırıb, yaxdı ildırım,
Bircə anda qılıncladı səmanı,
Göz qırpımı yoxa çıxdı ildırım.

Buludların nifrət səsi – şimşəkdi,
Asimanın kişnəməsi – şimşəkdi,
Bu hikmətdi, de kim bilir sirrini?
Göyün yerə söz deməsi – şimşəkdi.

Özün yıxılıbsan – ağlama barı,
Az olar qaldıran yıxılanları.
Götür-qoy et, yoxla getdiyin yolu,
Halallıqla qazan dövləti, varı.

Ölçürsən hər şeyi öz arşınınla,
Ölçürsən ölç barı düz arşınınla,
Kiminsə haqqında fikir söyləsən,
Onu yaxşı tanı, onu tez anla.

Diqqətli ol, heç kimsəyə şər atma,
«Məqsədimə çatım», – deyə şər atma,
Günahsız insana qara yaxaraq
İşindən eləyib, başını qatma.

Öz xeyrini, öz cibini güdənin,
Hər yetənin arxasınca gedənin
Nə qazancı, nə hörməti olacaq,
El içində özünü xar edənin.

Başmaqçı olarmış başına gələn,
Yaxşı dərs alarmış başına gələn,
Nəticə çıxara bilməsə əgər,
Ortada qalarmış başına gələn.

Kim bilmir ki, taylı tapar tayını,
Oxunu gizlədib atar yayıvnı,
Babam mənə kor deyibbdir, söyləsən,
İtirərsən, vurduğunun sayını.

İt yatıb qayanın kölgəsində bax,
Zənn edir o ködgə onundur ancaq.
Hər sözü müdriklər yerində deyib,
Arxalı köpəklər qurdu basacaq.

Ülvi məhəbbəti oyuncaq sayma,
Sən gəl iftiranı, yalanı yayma,
Qoru öz eşqini göz bəbəyitək,
Hər şeydən doysan da, yarından doyma.

Çöp düşəcək qorxan gözə, anla sən,
Qulaq asıb dürlü sözə, anla sən,
Olan olub, keçən keçib dünyada,
Keçən sözü vurma üzə, anla sən.

Yaxın qonşu uzaq qohumdan yaxşı,
Məhəbbət yolunda qoysan can, yaxşı,
Bir-birini unutmasa aşiqlər,
Olar bir-birinə mehriban, yaxşı.

5 avqust 2002
Rusiya, İvanovo şəhəri