60 yaşın romantikası

Bir az həyəcanlı, bir az kövrəyəm mən,
Alın tənhalığın əlindən məni.
Sirdaşım dörd divar, bir də sevinc, qəm.
Niyə tək qoymusan, gülüm, sən məni?

Bu gün ad günümdür, həyəcanlıyam,
İllər necə keçdi, çatdım altmışa.
Demək şad günümdür, həyəcanlıyam,
Zəhmət də ziynətdir ömürə, yaşa.

Oğlumun yanında qonaqsan indi,
Məni sevindirdi telefon zəngi.
Vətəndən, evindən uzaqsan indi,
Ruhumu dindirdi telefon zəngi.

Eşidib şad oldum təbrikinizi,
Xoş sözlər qəlbimi dağa döndərdi.
Elə bil bağrıma basdım mən sizi,
Nəvəm Aytacım da təbrik göndərdi.

Gələrsiz bu günü qeyd edərik biz,
Məclisdə şadlanar Aytac balam da.
Xoş hisslə çırpınar ürəklərimiz,
Quştək qanadlanar Aytac balam da.

Gecə İstanbuldan zəng çaldı Müşfiq,
Ay ata, ad günün mübarək, – dedi.
Yenə gözlərimdə ucaldı Müşfiq,
Sənin yüz yaşını kaş görək, – dedi.

Ömür gəlib keçdi bircə an kimi,
Yadıma salıram toy günümüzü.
Varmı ittihamçı bu zaman kimi,
Yüz dəfə ağladıb, güldürüb bizi.

Nə yaxşı arzular, xatirələr var,
Təkəm, yad elədim ötən anları.
Ürək də boşalar, ürək də dollar,
Qaytarmaq çətindir itən anları.

Bir də nəzər saldım ömür yoluna,
Həyatın enişi, yoxuşu vardır.
Qayıdıb həsrətlə baxırsan ona,
İlin həm baharı, həm qışı vardır.

Qayıtdım ömrümün döngələrinə,
Bir qədər əyləndim xatirələrlə.
Qol atdım dayazda, getdim dərinə,
Bu yolda üzləşdim bir gör nələrlə.

Çətində insanlar tutdu əlimdən,
Yaxşılıq etdilər yaxşılar mənə.
Şirin nəğmələrim axdı dilimdən,
Arxa, kömək oldu sadiq yar mənə.

Ömrün bu çağında döndüm geriyə,
Tarixi anları bir də yaşadım.
Yamanca kövrəldim, bilmirəm niyə?
Göydə qanad çaldım, yerdə yaşadım.

Bu alın yazısı, tale qisməti,
On iyun gününü tənha keçirdim.
Amma unutmuram bu həqiqəti,
Bütün ailəmi yanımda gördüm.

Üç oğlum, arvadım yanımda idi,
Onları qəlbimdən çıxarmaq çətin.
İki gəlinim də xoş sözlər dedi,
Hiss etdim gücünü mən sədaqətin.

Tək-tənha keçirdim altmış yaşımı,
Həm yalqız, həm də ki, əzizlərimlə.
Gördüm üç oğlumu, qəlb sirdaşımı,
Min ümib bəslədim hər gələn ilə.

Qarşıda nə qədər ad günləri var,
Onları birlikdə qeyd edək gərək.
Kövrəyəm altmışa çatandan bəri,
Kövrək arzularla çırpınır ürək!

10 iyun 1998