Güzgünün önündə çox durma, ay qız,
Öz gözün özünə dəyər, amandır.
Sevgidir ürəyin bəzəyi yalnız,
Vəfasız qapını döyər amandır.
Ayıq ol, qədrini bil gözəlliyin,
Yazda ətir saçar güllər, çiçəklər.
Öz təmiz eşqinlə fəxr elə, öyün,
Ülvi məhəbbətdən gülr ürəklər.
Demirəm sən mələk, ya da pəri ol,
Sadiq ol əhdinə, qəlbdən sevil sən.
Elimin xoşbəxti, bəxtəvəri ol,
Bil, ay qız, yarının qədrini bil sən.
Günəştək təmizsə eşqin, ismətin,
Onda həsrət nədir, intizar nədir?
Gül açsın hər arzun, saf məhəbbətin,
Sevəndə görərsən sadiq yar nədir.
Yenə yaxınlaşır qızılı payız,
Sevənlər sayırlar günləri bir-bir.
Könül ver sevdiyin oğlana, ay qız,
Aşiqlər «Vağzalı» həsrətindədir.
Güzgünün önündə çox durma, ay qız,
Öz gözün özünə dəyər, amandır.
Sevgidir ürəyin bəzəyi yalnız,
Vəfasız qapını döyər amandır.
Dekabr 1986