Səninlə üz-üz gəldiyim andan
Dünyama gur işıq saçdı gözlərin.
Gülüm, sağollaşıb ayrılan zaman
Köçdü bəbəyimə, köçdü gözlərin.
Gəzdim yamacları, dağlardan aşdım,
Kəssə də yolumu çən-duman, aşdım,
Meşələri, yaylaqları dolaşdım,
Tanış cığırları seçdi gözlərin.
O qaynar, mənalı gözünə baxdım,
Gözəl görkəminə, özünə baxdım,
Günəşi andıran üzünə baxdım,
Uçdu xəyalımla, uçdu gözlərin.
Baxışların, gözün yatdı gözümdə,
Xoşbəxt oldu, kama çatdı gözümdə?
Onlar sirli kainatdı gözümdə,
Dünyaya gözümü açdı gözlərin.
Əli Vəkil hər baxışı duyandı,
Hər gülüşü, gözdə yaşı duyandı,
Söz sərrafı deyil naşı, duyandı,
Dan söküldü, məndən qaçdı gözlərin.
27 avqust 2002