Bu uzun yolların yolçusu insan

Bu uzun yolların yolçusu insan,
Qorxmur nə enişdən, nə uçurumdan,
Gedib son mənzilə yetişən olur,
Tutan hanı yorulanın qolundan?

Bu dünyada yol uzundu, yol qısa,
Yorularsan dizdə taqət olmasa,
İnsanda iradə, dözüm gərəkdi,
Qalsa yarı yolda batmasın yasa.

Bu cığır zirvəyə uzanıb gedir,
Zirvələr insana hər gün əl edir,
Zirvədən zirvəyə yenə də yol var,
Şəhidlik zirvəsi bir əfsanədir.

Kainatın dərəsi var, düzü var,
Həm zülmət gecəsi, həm gündüzü var,
Bəzən uçurumdan keçər yolumuz,
Mətin olmalıyıq yormasın yollar.

Ürəyi pak olsun gərək insanın,
İsmətidir halal çörək insanın,
İnamla, ümidlə yaşayırıq biz,
Qanadıdır arzu, dilək insanın.

Yel əsdikcə dalğalanır biçənək,
Qəribsəyib, bizi anır biçənək,
Çiçəkləyib ətir saçır otlar da,
Ay biçinçi, səni anır biçənək.

Yetişibdir yenə taxıl zəmisi,
Dənizdirmi görünməyir gəmisi?
Torpağa düşməsin havayı bir dən,
Halal çörək düşündürür hər kəsi.

Çoban sürüləri çölə yayınca,
Qoyunlar göy otdan yeyir doyunca,
Mal-qara bəsləyib ulu babalar,
Bu örüşdü, bu taroadı, bu yonca.

Lilparlı bulaqdan içdim nuş oldu,
Gülləri iylədim mənə xoş oldu,
Yaylaqları seyr elədim, sevindim,
Ürəyimdə yeni nəğmə doğuldu.

Dinləyin meşədə ağacdələni,
Öz yerini, öz işini biləni,
İnsan nəfəsinə həsrət qalıbdır,
Salamlayır ora qonaq gələni.

4 avqust 2002
Rusiya, İvanovo şəhəri