Hər gün məni yad edib, anan varsa, nə dərdim?
İşarədən mətləbi qanan varsa, nə dərdim?
Çoxdur gülər üzlülər, mənə sadiq yar gərək,
Məhəbbətin oduna yanan varsa, nə dərdim?
Gözəllərin sayı çox, mənən gözəl yar hanı?
Üzü, ürəyi gözəl ceyran varsa, nə dərdim?
Bu misralar yazıldı nazlı yarın eşqinə.
Məhəbbət budağına qonan varsa, nə dərdim?
Nəğmə vurğunu çoxdur, yazıb-yaratmaq lazım,
Şeirimi din-imanı sanan varsa, nə dərdim?
Sözümü ünvanladım sədaqətli insana,
Həyəcandan, həsrətdən donan varsa, nə dərdim?
Həqiqi məhəbbətin yolçuları nə çoxdur,
Əli Vəkil, bu adda Sənan varsa, nə dərdim?
12 avqust 2002
Rusiya, İvanovo şəhəri