Mənə qalıb

Nazlanan bahardır, qış uzaqlaşıb,
Bülbül mənə qalıb, gül mənə qalıb.
Odlu ürəyimdə söz aşıb-daşıb,
Min hava çaldığım tel mənə qalıb.

Çiçəkli, səfalı yaylaq gözəldir,
Dodağı nəğməli bulaq gözəldir,
Yamaclar gözəldir, oymaq gözəldir,
Çəmən mənə qalıb, çöl mənə qalıb.

Bu uca dağları mən də dolaşdım,
Dumanda dolaşdım, çəndə dolaşdım,
Kim deyir bu yerdən gendə dolaşdım?
Zirvəyə uzanan yol mənə qalıb.

Endim yastanadan, keçdim meşədən,
Baharın ətrini içdim meşədən,
Min avaz xoşladım, seçdim meşədən,
Yarpağı dindirən yel mənə qalıb.

Çəmən şehdir ayağımı soyunum,
Leysanında bir doyunca yuyunum,
Dərə boyu, yal boyunca yuyunum,
Yağış sənə qalıb, sel mənə qalıb!

10 iyun 1983