Biz insanlar üçündür

Qəlbimizi oxşayan
Çiçəklərin ətri də,
Çaylar üstə əyilmiş
Ağacların çətri də,
Dünyanın keşikçisi,
Məğrur dayanan dağlar,
Min bir nemət yetirən
Gül-çiçəkli bu bağlar,
Gözəl anlar üçündür,
Biz insanlar üçündür.

Bizim üçün darayır
Günəş də öz telini.
Bizim üçün bitirimiş
Təbiət hər gülünü.
Şəlaləli çayların
Könülaçan səsi də,
Min həvəslə oxuyan
Quşların nəğməsi də
Güllü bahar üçündür,
Biz insanlar üçündür.

Əlimizlə hər zaman
Dilə gələn incə tar,
Ümman kimi daima
Aşıb-daşan arzular,
Təbiətə can verən
Yağan yağış, dümağ qar,
Şən yaşamaq naminə
Yer üzündə hər nə var
Sülhü bayraq eyləyib
Yaşadanlar üçündür,
Biz insanlar üçündür.

İnsan ömrü əzizdir
Yaranırıq bir dəfə.
Bəs nə üçün səngərdə
Çevrilək biz hədəfə.
Yaddır bunlar həyatda
Yaşayışa, varlığa.
Yaddır insan oğluna,
Yaddır bəxtiyarlığa.
Qoy dönsün alətlərə
Ölüm yayan top, tüfəng.
İsitsin könülləri
Vahid arzu, xoş istək.
Bir insan tək dünyada
Yaşamaq da, gülmək də,
Günləri şən keçirib
Sevmək də, sevilmək də,
Əsrimizi davadan
Qoruyanlar üçündür.
Biz insanlar üçündür.
Biz insanlar üçündür!