Əli Vəkil
(poema)
(Müharibədə həlak olmuş atam Vəkilin xatirəsinə ithaf edirəm. İlk və son məktubunu Kutaisi şəhərindən göndərmişdi)
Çətin bir imtahan qarşısındayam,
Bu gün əlimdə qələm
Çağlayan bir dənizəm,
Həm kükrəyən bir çayam.
Bu hisslərlə nə qədər
Alışmışam, yanmışam.
Vaxt olub oğrun-oğrun
Gah necə şam, yanmışam.
Gözümdə, xəyalımda
Qəhrəmanım dayanıb.
Mən nələri anmışam,
Yadigar nələr anıb?
Mənim qarşımda kağız,
Neçə yol sarsılmışam,
Qəlbim yaman odlanıb.
Yadigarsa çəkdiyi
Tabloların önündə
Bəzən dalğın görsənib,
Sənət eşqilə yanıb.
Yaratmaq istəmişik,
İəqsədimiz bir olub.
İlk arzumuz şərəfli,
Tutduğumuz yollar bir,
Seçilən iz bir olub.
Yadigar imtahandan
Çıxsın qoy alnıaçıq.
Sənədə ildırımtək
Çaxsın qoy alnıaçıq.
Yanırıq bir atəşlə,
Yanırıq bir odla biz.
Bu sınaq qarşısında
Bir döyünür qəlbimiz.
Kimsə bunu hiss etmir,
Kimsə bunu duymayır.
Alovlanan ürəyə
Kimsə məhəl qoymayır.
Yoxdur elə bir cihaz
Ürəklərin odunu,
Ürəklərin eşqini
Qavrayıb ölçə bilsin.
Yoxdur elə bir cihaz,
Könüldən keçənləri
Arayıb ölçə bilsin.
Bunu kimsə bacarmaz,
Yazıb, yaradan duyur.
Yalnız sənətkar sezir,
Bunu tək zaman duyur.
Kaş şərəflə yaratsın
«Atam hücuma keçir»
Tablosunu yadigar.
Gecə-gündüz düşünür
Bircə onu Yadigar.
Nhəs gündəmi, nəhs aydamı,
Nəhs ildəmi doğuldum?
Bəlkə günahkaram mən,
Bəlkə bəd uğur oldum?
Qəribədir təbiət,
Qəribədir bu dövran.
Mən dünyaya göz açdım,
Atam getdi cahandan.
Olsaydı öz əlimdə
Qırx bir qırx beş arası,
Əlli milyon insanın,
Uşaqların, qocanın,
Qadınların, cavanın
Günahsız ölümündən
Xəbər tutmayım deyə
Gəlməzdim dünyaya mən.
Qırx bir qırx beş arası
Doğulmazdım inanın.
Adım Yadigar olsun.
Deyərdim yer üzündə
Qoy, atalar var olsun.
Ah, görün nə söylədim,
Ah, görün mən nə dedim?
Yoxsa ki, sözlərimi
Bir az tərsinə dedim?
Nə olaydı həyatda
Daha tez doğulaydım.
Qanlı vuruşmalarda
Vətənimə,
Atama arxa, kömək olaydım.
Onunla bir sinəmi
Kaş ki, sipər edəydim.
İstərdim o sınaqda
Qorxmadan, çəkinmədən
Mən də qurban gedəydim.
Qırx bir qırx beş arası
Gəlməzdim bu cahana.
Ərsiz qalan mərd anam
Övlad qayğısı çəkib
Mənim oduma yana.
Nələr çəkdi başımız
Ağır keçən dörd ildə.
Necə oldu bilmirəm,
Gənc atamdan hədiyyə
Qalmadı bir şəkil də.
Mənə ondan yadigar
Yarımçıq tablo qalmış,
Yarımçıq «Göy göl» qalmış.
Rənglər vurbunu atam,
Tullayaraq fırçanı
Əlinə silah almış.
Ən gözəl əsərini
Tamamlaya bilməyib.
«Göy göl» sahibsiz qalıb,
Dilək yarımçıq qalıb,
İstək yarımçıq qalıb.
Həvəskar rəssam atam
Şadlanmayıb, gülməyib.
«Oğlum, böyüyəndə sən,
Canım qədər sevdiyim
Fırçama sahib olub,
Bitirə bilmədiyim
Rəsmi tamamla,» – deyib.
Nə səsimi eşitdi,
Nə üzümü gördü o.
Bilmədi ki, həyatda
Oxşayıram kimə mən?
Çox erkən məhrum oldum
Ata məhəbbətindən.
Atalara baxıram,
Atam yadıma düşür.
Yanıram aram-aram,
Günlər bir-bir ötüşür.
Mehriban uşaqların
Şaqraq gülüşlərində –
Atam yaşayır bu gün.
Əməkçi insanların
Eşqində, işlərində –
Atam yaşavyır bu gün.
Hər bir toyda, mağarda
Atam yaşayır bu gün.
Çəkdiyim tablolarda
Atam yaşayır bu gün.
41-45 arası
Dünyamızdan gedənlər,
Yaşaır bu gün.
Qorxmadan öz canını
Xalqa fəda edənlər
Yaşayır bu gün.
Ataların mərdliyi,
Ataların qeyrəti,
Hünərlərdən yoğrulmuş
İlə yadigar qalıb.
Neçə övlad mənimtək
Atalardan Vətənə,
Elə yadigar qalıb.
Deyirəm nə yaxşı ki,
Dünyaya gəlişimdən
Atam xəbər tutubdur.
Bircə parça kağızdan
Ruhlanan mərd əsgər,
Fərəhindən elə bil
Yenidən doğulubdur.
Düşmənə ölüm deüib,
Hər dərdi unudubdur.
Mən doğulanda anam
Məktub yazıb atama,
Xəbər verib sevincək.
Çırpınıbdır o anda
Yaralı bir quş kimi
Onun köksündə ürək.
«Gözün aydın, əzihim,
Gözün aydın, ay Elman,
Anadan olan oğlun,
Yeni doğulan oğlun
Sənə oxşayır yaman.
Arzun idi həyatda
Kaş bircə oğlun ola.
Ax, nə qədər sevindim,
Kiçik üçkütc məktubu
Bu gün salarkən yola.
Gözləyirik, ay Elman,
Yaxşı bir ad qoy ona,
Öz sevimli oğluna».
Cavab gözlədi ana,
Cavab yaman gec gəldi,
Cavab yaman yubandı,
Ana qulağı səsdə,
Ana xoş xəbər andı.
Neçə dəfə qapıdan
Gəlib keçdi poçtalyon .
Çox qapını döyərək
Ünvan seçdi poçtalyon.
Ana uçmaq istədi,
Ana qanadsız qaldı.
Gün keçdi, ay dolandı,
Övladı adsız qaldı.
Ürəyindən gəlmədi,
Bir ad versin oğluna.
Çətin gəldi cahanda,
Çətin gəldi bu ona!
Qanlı döyuüş gedirdi
Ukrayna torpağında.
Vuruşurdu igid el
Öz ana torpağında.
Hər kəs yenilməz ordu,
Hər kəs igid ər idi.
Əsgərlərin qayəsi,
İstəyi hünər idi.
Şevçenkonun elində,
Dnepr sahilində,
Məktub Elmana çatdı.
Məktub ünvana çatdı.
Bu xəbər gənc atanı,
Zirvələrə qaldırdı.
Səmalara ucaltdı.
Arvadı Sənubərin
Məktubunu səngərdə
Açıb oxudu Elman.
Sevincdən, fərəfdən
O, yüzlərlə düşmənə
Cavab verərdi bu an.
İndi onun dünyada
Bir oğlu, bir qızı var,
Bir cüt ciyər parası,
İşıqlı ulduzu var.
Susdu tanklar, tüfənglər,
Döyüş səngidi bir az.
Kənddən gələn məktubu
Cavabsız qoymaq olmaz.
Ürəkdən keçənləri
Yaş səngərdə söyləmək,
Bilsəniz nə ağırdı?
Göylərdən od yağırdı,
Göylərdən od yağırdı.
Elmanın qələmindən
Kağıza söz yağırdı.
«Eşqim, canım, Sənubər,
Mehribanım Sənubər.
Məktubunu döyüşdə,
Səngərdə almışam mən.
Yazdığın xoş xəbərdən
Göyə ucalmışam mən.
Vətən yolunda ölsəm,
Bunun üçün çəkmə qəm,
Yadigarım var mənim,
Bir vüqarım var mənim.
İzsiz ki, getməyirəm?
İndi qatil düşməni
Sarsıtmaq qüdrətim var.
Babəklər yurdundanam,
Azərbaycandır anam.
Koroğlu cürətim var,
Cavanşir nəslindənəm.
Mən böyük Vətənimi,
Öz yurdumu qoruyuram.
Xəzərimi, Muğanımı,
Bağlarımı qoruyuram.
Qoşqarımı, Şirvanımı,
Dağlarımı qoruyuram.
Ölkəmizin bir parçası,
Azərbaycan adlı – doğma
Diyarımı qoruyuram.
Namusumu, qeyrətimi,
Vüqarımı qoruyuram.
Biz ki, bahar övladıyıq,
Baharımı qoruyuram.
Məhəbbətim, nazlı pərim,
Ey həyatım, Sənubərim.
Qayıtmasam, mən döyüşdən,
Tökülən qan getməz hədər.
Uzaq deyil qalibiyyət,
Yaxındadır şanlı zəfər.
Yadigar qoy sən oğlumun adını,
Ölkmə yaşadacaq öz övladını.
Qoy məndən Vətənə Yadigar olsun.
Arzusu, istəyi ilk bahar olsun.
Yaşatsın fırçanın qüdrətiylə o,
Böyük istedadı qeyrətiylə o.
Yarımçıq tablonu bitirsin oğlum,
Arzumu yerinə yetirsin oğlum.
Yaratsın döyüşdən canlı bir səhnə,
Tufanlı bir səhnə, qanlı bir səhnə.
Cavab məktubunu yazdım səngərdə,
Sıxdı məngənətək məni səngər də.
Doyunca öpərsən oğlumun da,
Qızımın da üzündən.
Çıxmasınlar heç zaman
Onlar sənin sözündən.
Bəlkə də bir daha görüşmədik biz,
Hücuma keçəcək
İndi hissəmiz.
Hələlik, bu qədər, əziz Sənubər,
Tezliklə şadlanıb gülər bu ellər!»
Yazıb ünvanını qoydu cibinə.
O keçmək istədi hücuma yenə.
Bomba partlayanda, top gurlayanda
Yer titrədi, göy titrədi bir anda.
Hər igid aslana, pələngə döndü,
Qarşıda üç düşmən tankı göründü.
Aşıb-daşdı Elmanın
Bu dəm qəzəbi-kini.
Yerindəcə susdurdu
O, tanklardan birini.
Ona elə gəldi ki,
Tankı dayandırmasa,
Onları yandırmasa,
Gedib çatar Qafqaza,
Mərmi atar Qafqaza.
Quduzlaşmış qatillər
Doğma kəndə də girər,
Şirin yuxuda ikən
Hələ ad qoyulmamış
Oğlunu diksindirər.
Gözəl qızı Sevdanı,
Dostu, yarı məhv edər.
Dərhal tankın biri də
Susdu onun əlilə,
Çox sərrast nişanı,
Odlu qumbarasilə.
Üçüncü tankın üstə
Atıldı şahin kimi.
Bircə anda qəhrəman
Ölümcül yaralandı,
Yerindən qartal kimi
Şığıyanda mərd Elman.
Yetişdi haraya döyüş dostları,
Dedi igidlərə o, son sözünü.
Cibimdə məktub var yollayın barı,
Deyçrək əbədi yumdu gözünü.
Elmanın cürətindən,
Elmanın qeyrətindən
Yazdı bütün qəzetlər,
Bir neçə gün qəzetlər.
Üstündə qan ləkəsi,
Məktub anaya çatdı.
Atanın yazdıqları
Ürəkləri sızlatdı.
Elman o kağız ilə
Oğluna ad göndərdi.
Arvadına təsəlli,
Və qol-qanad göndərdi.
Bir ad dünyaya gəldi,
Bir ad dünyadan getdi.
Gültək açdı Yadigar,
Qorxmaz bir Elman getdi.
Bəzən verdiyini tez alır həyat,
Əsrlər boyunca yaşayır bir ad.
Ondan doğma oğluna
Yadigar qalan məktub,
Saralıb-solan məktub.
Ata vəsiffətidir,
Elmanın ürək sözü,
Elmanın niyyətidir.
Orda ata arzusu,
Orda ata istəyi,
Ata əməli vardır.
Elmanın igidliyi
Yadigarı yaşadan
Fərəhdir, iftixardır.
Doqquzu May günündə
Reyxstaq üstündə
Qalibiyyət bayrağı,
Əbədiyyət bayrağı
Günəşlə qoşa yandı.
Böyük zəfərimizdən
Bütün bəşər sevindi,
Hər yan nura boyandı.
Bütün analar kimi,
Bütün sonalar kimi,
Vüqarlı Sənubər də,
Sevdanı, Yadigarı
Boya-başa çatdırdı,
Yetkin yaşa yatdırdı.
O, fərəhlə, sevinclə
Baxdı övladlarına.
İftixarla nişan da
Taxdı övladlarına.
Gəlin köçdü Sevdası,
Nənə oldu Sənubər.
Uşaq qayğısı çəkdi,
Yaşa doldu Sənubər.
Yaşa doldu Elmanla
Birgə ömür sürmədən.
Yaşa dolu dünyada
Ər qazancı görmədən.
O, həyatda həm qadın,
Həm də ki, kişi oldu.
Çöldə, evdə çalışmaq
Ananın işi oldu.
Tez-tez nəzər də saldı
Yadigarın boyuna.
Ana hazırlaşırdı
Tək oğlunun toyuna.
Hərdən də gizli-gizli
Neçə qıza baxdı o.
Bir gəlin həsrətilə
Ürəyini odlara
Yandırdı o, yaxdı o.
Ali məktəb bitirmiş
Gənc rəssamdı Yadigar.
Bu sənət aşiqinin
Öz üslubu, yolu var.
Yadigarın ad günüdür,
Məclis qurulmuş bu gün.
Tanışları, dostları
Onlara gəlmiş bu gün.
Yadigarı, ananı
Təbrik edir qonaqlar.
Necə şəndir qonaqlar.
Fərəhlənir Sənubər,
Bəlkə şad olmamışdır
Ana bu günkü qədər.
Bağrına basır onu,
Öpür rəssam oğlunu.
«Xoşbəxtəm, ay bala, xoşbəxtəm inan,
Kaş ki tez görəydi toyunu anan.
Ata yadigarı, ömrün baharı,
Tale çox görməsin qoy səni mənə.
Fırçanla lazım ol doğma Vətənə».
Keçdi yan otağa bu an Yadigar,
Yaman fikirlidir, yaman Yadigar.
Əlində bir tablo qayıtdı geri,
Keçirdi nəzərdən evdəkiləri.
Əsərin üstündən örtüyü atdı,
Tablo qonaqları tamam sarsıtdı.
İyirmi beş il keçəndən sonra
Mərd atasının yarmçıq qalan,
İllərdən bəri yuxuya dalan
«Göy göl» rəsmini tamamlamışdır Yadigar bu gün.
Hakim kəsilmiş onun qəlbinə iftixar bu gün.
Sanki üstündən dağ gt ürülmüş,
Elə bil ki, o, dünyada çətin
Bir imtahanı şərəflə vermiş.
Yadigarın əlində
Göy göl dalğalanırdı,
Çəmən dalğalanırdı,
Sahil dalğalanırdı.
Bu tablonun altında
Yazılmışdır atanın,
Bir də oğulun adı.
Elmanın «Göy göl»ünü
Yadigar tamamladı.
Sanki oğulla ata
Bir canda birləşdilər,
Sənətdə birləşdilər,
Cahanda birləşdilər.
Eyni ahənglə vurdu
Bir canda iki ürək.
Ata-oğul tablosu
Sərgiləri bəzəyib,
Ölkələri gəzəcək.
Düşmənlərin gülləsi
Ayrı sala bilmədi
Atanı oğulundan.
Yaşayacaq atalar
Qəlbimizdə hər zaman.
Bu əsər bitən anda
Elə bil Ukraynada
Ata da cana gəldi.
Oğlunun ad günündə
Azərbaycana gəldi.
Bir məktub göstərdi
Qonaqlara Yadigar.
Üstündə atasının
Laxtalanmış qanı var.
O qan əzizdir ona
Doğma atası qədər.
Yaşamağa çağrışdır
Oradakı fikirlər.
Vətənim döyüşəndə,
Göydən yağış yerinə
Bomba, mərmi düşəndə,
Elmanın arzusunu,
Yadigarın adını,
Alovlardan keçirib
Evə daşıdı məktub.
Sənsən Yadigarın da,
Sən, həmyaşıdı məktub.
Onun ilə birilkdə
Sənin də ad günündür,
«Göy göl» tablosunun da.
Gənc rəssam söz alıb
Qonaqlara ürəkdən
Təşəkkür etdi sonda:
– Çox razıyam, a dostlar,
Siz, ey yaxın qohumlar,
Şənlik, sevinc, səadət
Daim olsun sizə yar.
Qucaqlayıb ananı
Dilə tutdu Yadigar:
– Şəklini tapmadığım,
Üzünü görmədiyim,
Sözlərini eşidib,
Özünü görmədiyim
Atamın həlak olan
Anını çəkməliyəm.
Bu istəklə yanıram,
Sanki bu gün dəliyəm.
«Atam hücuma keçir»
Tablosunu yaradıb,
Qurtaranda ay ana,
Onda hazırlaşarsan
Öz oğlunun toyuna.
Vidalaşdı qonaqlar,
Yola düşdü qonaqlar.
Elmanın qan tökdüyü,
Atanın vuruşduğu
Yerləri dolaşdı o.
Neçə dəfə yollanıb
Ukrayna torpağına
Dneprtək daşdı o.
Seyr elədi doyunca
Səfalı sahilləri.
Göz önünə gətirdi
O dəhşətli illəri.
Gəzdikcə bu yerləri
Gənc ata həsrətindən
Atəş doldu qəlbinə,
Alovlandı, yandı o.
Gah rəssam tək qovruldu,
Gah da bir şair kimi
Sahildə dolandı o.
Qəlbində Dnepr kimi
Aşıb-daşdı misralar,
Pıçıldaşdı misralar:
– Bir vaxt xəritələrdə,
Kinolarda gördüyüm,
Xəyalən qucaqlaşıb
Könlümə köçürdüyüm,
Kükrəyən Dneprin
Sularına baxıram.
Dalğalara qarışır,
Onunla bir axıram.
Qədim Kiyev şəhəri
Çayı bir kəmər kimi,
Bağlayıbdır belinə.
Dnepr çox doğmadır
Öz xalqına, elinə.
Dörd il doğma diyarım,
Hər bir gün ay vuruşdu.
Dnepr mərd dayandı,
Bu böyük çay vuruşdu.
Qəzəbindən çağladı,
Keçilməz qala olub,
Düşmənlərin qəlbini
Dönə-dönə dağladı.
Dalğalara baxdıqca
Vuruldum bu çaya mən.
Onun mavi qoynunda
Xeyli tamaşa etdim
Ulduza mən, aya mən.
Xəyalımda dəli Kür,
Xan Arazım çağladı,
Onlar dostluq rəmzidir,
İki eli, ürəyi
Bir-birinə bağladı.
Nə danışdı Yadigar,
Coşğun çaya nə dedi?
Həqiqəti söylədi,
Yoxsa əfsanə dedi?
Səslədi ki, ey sular,
Xəbər verin atamdan.
Bir yadigar, nişanə
Əks etdirin atamdan.
O susdu mənim üçün,
Susdu nəsillər üçün.
Susdu bu günüm üçün,
Gələcək illər üçün.
O susdu çox gənc ikən –
İyirmi beş yaşında.
Nəfəsini duyuram
Bu diyarın müqəddəs
Torpağında, daşında.
Ukraynada özümü
Qonaq saymayıram mən.
Sanki ata evinə
Gəlmişəm öz evimdən.
Bu yerlərin hər daşı
Durub qəhrəman kimi.
Bu yurdun hər qayası
Danışır insan kimi.
Bu gün nağıla dönmüş
Ötənlərdən danışır.
Səngərlərdə öləndən,
İtənlərdən danışır.
Danışır yana-yana,
Söyləyir aram-aram.
Ona qulaq asdıqca
Göynəyir mənim yaram.
Onun hər qəlpəsində
İgidliklə Berlinə
Çatanı görürəm mən.
Onun hər kəlməsində
Atamı görürəm mən.
Bu torpağa siz baş əyin,
Bu yerlərdə asta gəzin.
İgidlərə hörmət edin,
Bu şəhərdə asta gəzin.
Faşistlərlə vuruşlarda
Candan keçdi, yenilmədi
Şahinləri ölkəmizin.
Hər qarışda bir insanın
Qəlbi yatır, ruhu yatır.
Gələcəyi qoruyana,
El yolunda can qoyana
Min ehtiram, hörmət çatır.
Burda yatır insan eşqi,
Neçə insan məhəbbəti,
Neçə nakam sevgi hissi,
Neçə arzu, istək yatır.
Neçə igid mətanəti,
Neçə susmuş ürək yatır.
Bu torpağın köksündədir
Əsgərlərin cəsarəti.
Bu torpağın köksündədir
Neçə ölməz qəhrəmanın
Yer üzünə sığışmayan
Şücaəti, şan-şöhrəti.
Bu torpağa siz baş əyin,
Bu yerlərdə asta gəzin.
İgidlərin ürəyinə toxunarıq.
Xəyal olmuş arzusuna,
Dilçəyinə toxunarıq.
Bəlkə atam yeridiyim bu səkidə vurulubdur?
Ayağımın altındakı qara torpaq,
İndi mənim damarımda dövr eləyən
Al qanımla yoğrulubdur?
Bəlkə elə
Kölgəsində dayandığım,
Ata eşqi, ata sözü,
Doğma ata nəfəsilə odlandığım
Qol-budaqlı yaşıl çinar
Həmin yerdən ucalıbdır?
Ondan bizim xoş günlərə,
Daha nurlu gələcəyə
Bir yadigar qalan ağac,
Baş qaldırıb mavi göyə
Min insanın kədərini,
Ağrısını daşıyaraq
Görün nə tez qocalıbdır.
Neçə çinar boy atacaq,
Hər tərəfə qalın kölgə salacaqdır.
İyirmi beş yaşlı atam,
Nə qədər ki, dünya vardır,
O yaşda da qalacaqdır.
Bu dünyanın nə qəribə qanunları,
Nə qəribə işi varmış?
Oğul böyük,
Ata isə övladından
Yaşca kiçik də olarmış.
Ata daim cavan qalar,
Oğul isə qocalarmış.
Dolaşdı Yadigar,
Kiyevdəki qardaşlıq,
Dostluq xiyabanını,
Gül-çiçəkli qəbristanı.
Söylədi ki, zəhmətilə, arzusilə,
Yer üzünə sığmayanlar bu gün hanı?
Vətənini, torpağını,
Öz canından əziz sayan,
Neçə-neçə mərd qəhrəman,
Bir vuruşdu, arzuları, əməlləri vahid oldu.
Ellər üçün şəhid oldu.
Bu naməlum məzarların
Bəlkə biri atamındır?
Qəlbi nifrət, atəş dolu
Ərlər – əri atamındır.
Axtarıram sözlərinə
Həsrət qalan bir övlad tək.
Kösüm altda həyəcanla vurur ürək.
Təravətli yarpaqları nəfəsitək
Mən qoxlamaq istəyirəm.
Qart daşları ata deyib,
Qucaqlamaq istəyirəm.
Dolaşdı addım-addım,
Gəzdi o, qarış-qarış.
«Atam hücuma keçir»
Adlı böyük əsəri
Yaratmaq arzusilə
Apardı çox axtarış.
Arzxivdə sənədləri,
Saralmış qəxetləri
Dönə-dönə yoxladı.
Tarixi muzeyləri
Təkrar yenə yoxladı.
Çox adamla görüşdü,
Çox insanı dinlədi.
Atasını dəfn edən
Qəhrəmanı dinlədi.
Sevdi doğma elitək
Şevçenkonun yurdunu.
Ukrayna paytaxtına
Vurularaq könüldən
Tərənnüm etdi onu:
Qəhrəmandır, alnında vüqarı var,
Neçə güllü yazı, xoş baharı var,
Doğma Bakımıza çox oxşarı var,
Onları bağlayır bir ülfət teli.
Qayıtdı Yadigar Azərbaycana.
Yaman darıxmışdı Sənubər ana.
– Anan sənə qurban, ay əziz bala,
Həsrətlə gözümü dikmişdim yola.
Çəkdinmi atanın şəklini barı?
Danış, ay Elmanın tək Yadigarı.
Nişanlın Südabə yaman darıxıb,
Günlərlə dayanıb yollara baxıb.
Nə vaxt eyləyirsən şərtinə əməl,
Tez o lbu tərslikdən sən də götür əl.
De görüm nə zaman başlayaq toya,
Xəbər eləyimmi elə, obaya?
Yenə də xəyala daldı Yadigar,
Başını aşağı saldı Yadigar.
– Ay ana, bir qədər möhlət ver mənə,
Atamı tablomda gətirim cana.
Gəl, inan sənətin böyük gücünə,
Sonra təklifini elə oğluna.
Atam çox doğmadır, əzizdir bizə,
Şəkli qonaq gəlsin məclisimizə.
Özgə xəyalları mən atmalıyam,
Möhtəşəm bir əsər yaratmalıyam.
Kədərli oğlun da güləcək, ana,
Atam da toyuma gələcək, ana.
O günü Yadigar sarsıldı yaman,
Günəşdən, göylərdən istədi aman.
Üz tutdu o mavi, geniş səmaya,
Yalvardı ulduza, yalvardı aya.
Ümidim sənədir, ay anam günəş,
Xəbər ver atamdan, de görüm hanı?
İstərəm sənintək ha yanam, günəş,
Bəşərin həyatı, göylər sultanı.
Sənə yalvarıram, mən yalnız sənə,
Vurğunam dünyada böyük adına.
Sənə üz tuturam mən dönə-dönə,
Kömək et Elmanın gənc övladına.
Sənə yalvarıram, a parlaq günəş,
Birdir gözlərində, birdir hər insan.
Nədir ürəyimi yandıran atəş?
Xəbər ver atamdan, o qəhrəmandan.
Həyata gözünü yumanda atam,
Dönüb sənə baxdı, tək səni andı.
Çətin dəqiqədə, o ağır gündə
Oğul həsrətilə od aldı, yandı.
Məlhəm olmadınmı yarasına sən?
O susdu ən parlaq gələcək üçün.
Alışdın səmadan, baxdın göylərdən,
Yaxşı seyr etdinmi onu həmin gün?
Kaş onda səmadan baxaydım mən də,
Verəydim sinəmi gülləyə qabaq.
Canımdan keçərdim lazım gələndə,
Düşməsin yad elə deyəydim torpaq.
Ata həsrətilə çırpındı ürək,
Doğma atasına həsr edəcəyi
Tablonu Yadigar çatdırıb sona
Yeni sərgisində göstərsin gərək.
Xəyallara qərq oldu
Gənc rəssam bu gecə.
Oğlan həyəcanlıdır,
Həyəcanlıdır necə.
Elə bil ki, təbiət
Bu an insafa gəldi.
Əsgər geyimli ata
Evə pənah gətirdi.
Xoş gəldi, səfa gəldi,
Alnında qızıl ulduz
Qucaqladı oğlunu.
– Xoş gördük, əziz balam,
Deyib yuxuda Elman
Bağrına basdı onu.
– Aman Allah, bu nədir?
Yuxudur, yoxsa ki, əfsanədir?
Çox sarsıldı Yadigar,
İnanmadı gözünə.
İyirmi beş ildən sonra
Oğul qulaq asırdı
Atasının sözünə.
İyirmi beş il sonra
Qucaqlaşdı iki gənc,
Bir oğulla, bir ata.
Yadigarla yaşıddır,
Gör necə gəncdir ata.
– Atam özüm yaşdadır,
Atam çox cavan qalıb.
Onunla bir doğulan
Atalarsa həyatda
Yaşa dolub, qocalıb.
Xəyalımda mən onu
Yaratmışdım beləcə.
Yaddaşımda həkk olan
Gənc atama oxşayır,
Oxşayırdı o, necə.
Görün qanlı döyuşlər
Nələr gətirdi, nələr
İnsanların başına.
Ata iyirmi beş yaşlı,
Oğul isə adlayıb
İyirmi altı yaşına.
Sanki ata-oğul yox,
Bir cüt almaya bənzər
Əkizlər idi onlar.
Bir-birinə çox oxşar
Əzizlər idi onlar.
– Demə ki, ölmüşəm,
Mən yoxam, oğlum.
Yaşaram qəlblərdə
Qurbanın olum.
Həvəslə, ilhamla fırça götürüb,
Yam-yaşıl çəməni, çölü çək, oğlum.
Yaz gəlib dağlarda əriyəndə qar,
Çayları çək, oğlum, seli çək, oğlum.
Sənətdə öz yolun, öz izin olsun,
Köksünün altında qoy közün olsun,
Tablonda Qoşqarın, Kəpəzin olsun,
Xəzəri, Muğanı, Mili çək, oğlum.
Gəz Odlar yurdunu, qədim Gəncəni,
Vəsf elə dağlarda dumanı, çəni,
Vətənə layiq ol, sevindir məni,
Al-əlvan çiçəyi-gülü çək, oğlum.
Bəhruzun fırçası, Əzim sənəti,
Sənə qazandırsın el məhəbbəti,
Əməklə dünyada qazan hörməti,
Həyatı bəzəyən əli çək, oğlum.
Məftun ol dağlara, məftun ol yaza,
Sənətkar gərək ki, ürəkdən yaza,
Ədalət mizrabı vuranda saza,
Dil açıb danışan teli çək, oğlum.
Bu sözləri söyləyib
Xəyala döndü ata,
Tez yoxa çıxdı Elman.
Yoxsa ki, şimşək idi,
Bir anda çaxdı Elman?
Yadigar yuxudan sərsəm oyandı.
Ürəyi yaratmaq eşqilə yandı.
Nurlandı elə bil
Emalatxana.
Tezliklə şah əsər
Yetəcək sona.
Gözündə əks oldu
Qəhrəman atanın
Döyüş səhnəsi.
Onun qulağında
Səsləndi bu an
Əlində qumbara
Tankın üstünə
Atılan Elmanın
Güclü nərəsi.
Tabloda canlandı hünərvər ata.
Böyük qələbənin ərəfəsində
Qayıtdı kəndinə bir səhər ata.
Bu gün həmişəkindən
Xeyli şəndi Yadigar.
Bəlkə də insalara
Deyiləcək sözü var?
Ana onu şad görür
Dağa dönür ürəyi.
Çiçək açır bu anda
Hər arzusu, diləyi.
Yadigar qorxa-qorxa
Söyləyir Sənubərə:
– Qurban olum, ana can,
Zəhmət olmasa gedək
Bax çəkdiyim əsərə.
Ata tablosunu görəndə ana,
Sanki gəncliyini verdilər ona.
Yaşardı bu anda gözləri onun,
Elmanı bu qədər canlı görəndə.
Büküldü titrəyən dizləri onun.
Keçmişi xəyala gətirdi ana,
Ordaca huşunu itirdi ana.
Böyük Qələbənin ildönümündə
Bu tablo asıldı
«Göy göl»lə qoşa.
Sərgiyə axışan
Yüzlərlə insan
Hər iki əsərə
Etdi tamaşa.
«Atam hücuma keçir»
Layiq görüldü, dostlar,
Birinci mükafata.
Əsrlər də dolansa,
Oğlunun sənətində,
Elin məhəbbətində
Yaşayacaq gənc ata!
İgid, qoçaq gənc ata!
11 fevral 1975
Bakı