YADİGAR

ƏLİ VƏKİL

(Bir pərdəli, iki şəkilli pyes)

Bakı-1986

YADİGAR

(Bir pərdəli, iki şəkilli pyes)

 

 

İŞTİRAK EDİRLƏR:

ELMAN – Döyüşçü-bənna, 25 yaşında
GÜLDƏSTƏ – Elmanın anası, kolxozçu, 45 yaşında
SƏNUBƏR – Elmanın arvadı, kolxozçu, 20 yaşında
YADİGAR – Elmanın oğlu, gənc rəssam
GÜLTƏKİN – Yadigarın nişanlısı, tələbə qız, 20 yaşında
SAVÇENKO – Müharibə veteranı, 65 yaşında

 

 

Əhvalat 1941-ci ilin yayında, Azərbaycanın dağ kəndlərindən birində vaqe olur. Hadisələr əsasən qabaqcıl kolxozçu qadın Güldəstə xalanın çox da zəngin olmayan evində və həyətindəki tut ağacının altında cərəyan edir. Elmanla Sənubərin toyundan 10 gün keçib. Gəlin həyətdə təkdir. Səbrsizliklə ərinin yolunu gözləyir. Elman fit çala-çala gəlir.

ELMAN – (gülə-gülə) Güldəstə ananın təzə gəlininə atəşin salam!
SƏNUBƏR – (ayağa qalxıb ərinə tərəf gedir) Güldəstə ananın yeganə oğluna, təzə bəyə odlu salam!
ELMAN – Nə olub, gözümə kefsiz görünürsən?
SƏNUBƏR – Kefsiz olmayım neyləyim? Gözləməkdən gözümün kökü saraldı, gəlib çıxsana?..
ELMAN – Gəlib çıxdım də… Bəs gəlmək necə olur?
SƏNUBƏR – Vallah, ay Elman, elə ki, bir az gecikirsən, bütün ev-eşik mənə dar gəlir. Yenə Güldəstə xala evdə olanda o qədər darıxmıram.
ELMAN – Sənu (Elman Sənubərə Sənu deyə müraciət edirdi) anam gözümə dəymir?
SƏNUBƏR – Ananmı? Bir az əvvəl bacısıgilə getdi. Dedi bəlkə gecə gəlmədim, narahat olmamyın.
ELMAN – Vallah arvada elə alışmışam ki, bir gün görməyəndə dözə bilmirəm… Sənu, axı, anam mənim üçün həm ata olub, həm ana. Cavanlığını, həyatını mənə qurban verib… Kaş ki, bir övlad kimi onun borcunun yüzdən birini qaytara biləydim. Onda heç dərdim olmazdı…
SƏNUBƏR – Darıxma, ay Elman, hələ ən gözəl günlərimiz qabaqdadır. Borcunu da qaytararsan, hələ bir az da üstəlik.
ELMAN – Yox, mənə elə gəlir ki, ana borcunu qaytarmaq o qədər də asan deyil. Hər bir övlad ömrü boyu ananın keşiyində dayansa belə, uşaq xəstələnəndə qadının bir gün keçirdiyi iztirabların əvəzi ola bilməz… Analar, analar, müqəddəs insanlar. Onların barəsində nə qədər yazılsa yenə də azdır.
SƏNUBƏR – Düz deyirsən, Elman. Hələ o da Güldəstə ana kimi bir insanın haqqında. Elə bil toydan sonra Güldəstə xala bir az da cavanlaşıb. Heç bilirsən necə sevinir? Uçmağa qanadı yoxdur…
ELMAN – Bəs sevinməsin neyləsin, ay Sənu. Gözünün ağı, qarası mənəm. Hərdən ona baxanda özümdən asılı olmayaraq kövrəlirəm. Deyirəm taleyin işinə bax, lap cavan yaşında atamı itirsə də, gələcəyə inamını, övladına sonsuz məhəbbətini itirməyib.
SƏNUBƏR – Elə ona görə də kənddə hamı onu barmaqla göstərir. «Kişi qeyrətli qadındır» – deyirlər.
ELMAN – Əslində elədir. Sənu, sən bilirsənmi ki, atam qolçomaqlar tərəfindən öldürüləndə mənim vur-tut 10 yaşım olub? 15 ildir mənə həm atadır, həm ana.
SƏNUBƏR – Söhbətə başımız qarışıb yemək yadımızdan çıxdı. Doğru deyirsən ki, Güldəstə xala həm kişidir, həm qadın. Özü toyuğu tutub kəsdi və təmizlədi. Mənə dönə-dönə tapşırdı ki, bişirib hazır qoy, balam işdən gələndə doyunca yeyin. Belə ananı hardan tapmaq olar?
ELMAN – Elə ananı yalnız bizim evimizdən, vəssalam. Yox, Sənu, zarafat edirəm, hamının anası özünə şirindi. (Sənubər süfrə açır. Ər-arvad Sənubərin qızartdığı toyuq ətini iştaha ilə yeyirlər. Sənubər gülə-gülə sözə başlayır).
SƏNUBƏR – Hə, indi mənə de görüm, mədəniyyət evinin hörgü işini haçan qurtarırsan?
ELMAN – Ürəyin haçan istəyir onda.
SƏNUBƏR – Zarafat bir yana qalsın, dünən çöldə iş yoldaşlarım səndən danışırdılar.
ELMAN – Sənu, nə danışırdılar? Yoxsa ərini pisləyirdilər?
SƏNUBƏR – Necə? Səni pisləsinlər? Heç elə iş olar?
ELMAN – Niyə olmur, Sənu. Dünyada nə istəsən olar.
SƏNUBƏR – Hə, düz deyirsən, hər şey olar, səni pisləməkdən savayı.
ELMAN – Sənin ərinəm ona görə?
SƏNUBƏR – Mənim ərim olduğuna görə yox, əllərinin qızıl olduğuna görə. Yaraşıqlı evlər tikdiyinə görə. Ən başlıcası insanlığına görə.
ELMAN – Yaxşı, yaxşı, məni o qədər təriflədin ki, az qalıram özümü tanımayım. Axı, söhbət nədən düşmüşdü?
SƏNUBƏR – Söhbətmi? Kəndimizdə ucaltdığın yaraşıqlı mədəniyyət evindən, tikdiyin gözəl yaşayış evlərindən. Hamı məhədiyyət evinin gözəlliyindən danışırdı. Deyirlər, ay Sənubər, Elman qardaşa de ki, mədəniyyət evini tez tikib qurtarsın, işdən sonra gedib kinoya-teatra baxaq.
ELMAN – Bəs nə cavab verdin?
SƏNUBƏR – Nə cavab verim, dedim ki, xahişinizi Elmana çatdıraram. Hələ bir çoxunun arzusu odur ki, onlara da yeni yaşayış evləri tikəsən.
ELMAN – Hamının arzusuna əməl edəcəyəm, təki sağlıq, əmin-amanlıq olsun.
SƏNUBƏR – Bilirəm, hamının arzusuna əməl edəcəksən. Bəs mənim arzum?
ELMAN – Nə arzun var, əmr elə yerinə yetirim.
SƏNUBƏR – Əmr etmərəm, amma xahiş edərəm. Atalar demişkən aləmi bəzər, özü lüt gəzər. Bəs özümüz üçün haçan ev tikəcəksən?
ELMAN – Sənu, qoy bircə mədəniyyət evini tikib qurtarım. Ondan sonra gör sənin üçün necə bir imarət salacağam. Yəqin ki, memarı da sən olacaqsan…
SƏNUBƏR – Heç məndən də memar olar?
ELMAN – Olar, niyə olmur. Sənin zövqünə bələdəm. Bilirəm elə ev layihəsi verəcəksən ki, hamının xoşuna gələcək.
SƏNUBƏR – Təki sən deyən olsun, amma gerçək olsun!
ELMAN – Heç məndə yalan görmüsən? (Sənubərin əlini ovcuna alıb oxşayır) Sənu, heç bilirsən arzularım nə qədərdir?
SƏNUBƏR – Niyə bilmirəm, dünya qədər, dənizlər qədər.
ELMAN – Hələ ondan da çox. Ən böyük arzularımdan biri odur ki, sənə layiq ər olum. İkinci arzum odur ki, bir neçə övladımız olsun. Onların hərəsini bir peşənin sahibi eləyim.
SƏNUBƏR – (başını aşağı salır) Məsələn, nə sənət sahibi?
ELMAN – Birini memar, birini rəssam, birini…
SƏNUBƏR – Yaxşı arzulardır. Amma bəlkə onlar sənin xoşladığın həmin peşələri sevmədilər, bəs onda?
ELMAN – Necə yəni sevmədilər? Heç elə də şey olar? Heç övlad da atanın, ananın sözündən çıxar? Əgər mənim atam yaşasaydı, namərdlər onun həyatına qəsd etməsəydilər, yəqin ki, mən də ali məktəb qurtarar, memar olardım. Amma, ehtiyacın üzü qara olsun. Lap uşaq vaxtından anamın dadına çatmalı, kolxozda işləməli oldum. Çox şadam ki, sevdiyim bir peşəyə – bənnalıq sənətinə yiyələndim. Lakin sağlıq olsun, övladlarımı oxutdurmalıyam, vəssalam.
SƏNUBƏR– Hə, hə, yaxşı arzudur, memar övladının layihəsi əsasında gözəl evlər tikərsən.
ELMAN – Tikərəm və tikməliyəm. Axı insan uçurmaq üçün yox, tikmək üçün, qurub-yaratmaq üçün yaranıb. İnsan əbədi deyil, amma onun yaratdığı möhtəşəm nə varsa əbədidir. (Elman cib dəftərçəsini çıxarıb Sənubərə nəsə göstərir). Bax, hətta bu gün fasilə vaxtı çəkdiyim bu şəkil də.
SƏNUBƏR – Şəkil nədir, ay Elman, hələ ver görüm?
ELMAN – Sənin şəklin, mənim üçün müqəddəs olan şəklin. Al bax gör surətini xəyalımdan kağıza köçürə bilmişəm, yoxsa yox?
SƏNUBƏR – Aman Allah, sənin şairliyindən başqa rəssamlığın da varmış. Bu ki, mən özüməm.
ELMAN – Bəs sən özün olmayanda kim olacaq?
SƏNUBƏR – Elman, heç bilirsən mənə yazdığın məhəbbət məktublarındakı şeirlər necə xoşuma gəlib. Hətta əzbərləmişəm də. İstəyirsən birini deyim?
ELMAN – Daha istəyirsən nədir? De görüm, hansını deyəcəksən?
SƏNUBƏR

Dünya mənə dar olur
Səni görmədiyim gün.
Qəlbim kədərdə dolur
Səni görmədiyim gün.

Çıxmayırsan fikrimdən,
Xəbər alım de, kimdən?
Yol azmış gəmiyəm mən
Səni görmədiyim gün.

Sənsizləşir bu həyat,
Sanki boşdur kainat,
Ömür olur amanat
Səni görmədiyim gün.

ELMAN – Sənu, nə yaxşı əzbərləmisən? İndi mənə qəribə gəlir. İnana bilmirəm ki, onu mən yazmışam.
SƏNUBƏR – Belə də, yoxsa şairlikdən əl çəkib rəssamlığa keçirçən? Onsuz da nə yazsan, nə çəksən xoşuma gələcək.
ELMAN – Əlbəttə gələcək. Heç kəs ayranına turş deməz. (Elmanla Sənubər həmin gecə xeyli deyib-gülür, zarafatlaşırlar. Güldəstə xala həmin gün bacısıgildə qalır. Gənc ər-arvad səhər yuxudan ayılanda acı, dəhşətli xəbər onları ilan olub sancır, xəncər olub ürəklərinə batır. 1941-ci il 22 iyun. Dünyaya fəlakət gətirən bir səhər səhnə arxasından Levitanın səsi…)
(Elmangilin evi. Müharibənin başlanmasından üç gün keçib. Elman bu gün cəbhəyə yola düşməlidir. Sənubər onun yoluna sor-sovqat, bağlama düzəldib. Güldəstə xala və Sənubər onun yoluna sor-sovqat, bağlama düzəldib. Güldəstə xala və Sənubər xısın-xısın göz yaşı tökürlər)
ELMAN – Ana, ay ana, daha ağlamağa dəyməz. Tezliklə nemeslərin dərsini verərik. Sən bircə özündən muğayat ol.
GÜLDƏSTƏ – Gözlərim kor olaydı, ay oğul, sizin bu ayrılığınızı görməyəydim. Axı, sizin toyunuzdan vur-tut yarım ay keçib. Sənubərin üzünə necə baxacağam?
ELMAN – Cəlladlar hücuma keçməyə ölkə tapdılar? Barı imkan vermədilər ki, mədəniyyət evini tikib qurtarım…
SƏNUBƏR – Sən mədəniyət evindən sarı narahat olma. Təki faşistləri ölkəmizdən qovun. Sağlıq olsun, qayıdıb gələndən sonra tikərsən.
ELMAN – Doğru deyirsən, Sənu, nə olursa olsun, yalnız Vətənimiz yadlara qismət olmasın.
GÜLDƏSTƏ – Sinəmə çal-çarpaz dağ çəkdilər, ay bala, Allah nemesin bəlasını versin. Axı, hələ toyunun səsi qulaqlardan, hənanın qızartısı barmaqlardan getməyib. Belə də zülm olar? Gül kimi açıldığınız bir vaxtda bu nə tufan, nə şaxtaydı? Mən sənsiz necə yaşayacağam, ay Elman?..
ELMAN – Ay ana, əzizim, narahat olma, elnən gələn toy-bayramdır, deyiblər. Axı, cəbhəyə tək mən getmirəm. Bu gün böyük Vətənimizin milyonlarla mərd oğlu, qızı onu müdafiəyə yollanırlar. (Güldəstə xala bir anlığa bayıra çıxır. Elmanla Sənubər tək qalırlar. Sənubər başını Elmanın sinəsinə söykəyib ağlayır).
ELMAN – Ağlama, Sənu, ağlama. Daha olacağa çarə yoxdur. Mətin ol, qeyrətlə, namusla yaşa, anamı sənə, səni isə Allaha tapşırıram.
SƏNUBƏR – Ay Elman, ölməyib sənin davadan zəfərlə qayıtdığın günü görəydim. Nə bilim, vallah…
ELMAN – Bir də, Sənu, səndən bir xahişim var. Bu ölüm-dirim müharibəsi uzana bilər. Əgər övladımız olsa…
SƏNUBƏR – (daha bərkdən ağlayır) Axı niyə belə oldu?..
ELMAN – Bu, müharibədir, birdən əlaqə saxlaya bilmərik. Əgər qızımız olsa adını Səhər, oğlumuz olsa Yadigar qoyarsan.

II ŞƏKİL

(Elmanın evi tərk etməsindən il yarım keçib. O, cəbhəyə yola düşəndən sonra dünyaya gəlmiş oğlu Yadigar artıq oturur. Sənubər uşağın şəklini çəkdirib döyüşçü ataya göndərmişdir. Güldəstə xala ilə Sənubər evdə təkdirlər. Sənubər Elmanın məktubunu açıb oxuyur)
SƏNUBƏR – Əzizim, ana, canım-ciyərim Sənubər və Yadigar, salam! Məktubunuzu və Yadigarın şəklini alıb ürəkdən sevindim. İndi özümü hamıdan xoşbəxt sayıram. Yadigarın şəklini sol cibimdə, ürəyimin başında gəzdirirəm. Qudurmuş canavarları yuvalarına qədər qovmalıyıq ki, Yadigarım beşiyində şirin-şirin yuxlasın. Komandirim, mayor Pavel Nikolayeviç Savçenko xatirimi çox istəyir. Bu günlərdə çətin bir tapşırığı şərəflə yerinə yetirdiyim üçün məni Qırmızı ulduz ordeni ilə təltif etdilər.
Ana can, yenə də təkrar edirəm, özündən muğayat ol. Sənubər və Yadigar amanatı. Darıxmayın, tezliklə görüşərik. Məktubu səngərdə yazdım. Bir də gördüm Yadigara deyəcəyim ürək sözlərim şeirə çevrildi:

Ürək sözlərimi yazmasam olmaz,
Ata nəsihəti gərəkdir sənə.
Unutma, ay oğul, tökülən dolmaz,
Öyüdüm havadır, çörəkdir sənə.

Dayan əsgər kimi həyatın boyu,
Bu ana Vətənin keşiyində sən.
Halaldır müqəddəs çörəyi, suyu,
Öz övlad borcunu qaytara bilsən.

Pak ürək döyünsün köksündə sənin,
Adını, elini qorumalısan.
Dadına çatacaq dar gündə sənin
Təmiz ata adı, ləkəsiz vicdan.

Həyatın enişi, yoxuşu vardır,
Qarşına dəniz də, çay da çıxacaq.
Ömrün həm baharı, həm qışı vardır,
Yaşamaq kef-damaq deyildir ancaq.

Bir adla bir ölkə fəxr edə bilər,
Layiqli övlad ol, gözümün ilki,
Sevimli yurdumuz şadlanar, gülər,
Anadır, Vətəndir sözümün ilki.

Sən mənim oğlumsan, mən də Vətənin,
Borcluyuq anamız Azərbaycana.
Neçə toy-düyünü öndə Vətənin,
Biz yaşıl pöhrəyik, torpaqsa ana!

GÜLDƏSTƏ – Anan sənə qurban, ay bala. Gör necə də qiymətli sözlərdir. Yoxsa oğlum həsrətdən, ayrılıqdan şair olub, ay Sənubər? Qoy bircə dav qurtarsın, Elmanım sağ-salamat evimizə qayıtsın, vallah deyəcəyəm yenə şeirlər yazsın, lap qəzetlərə də versin.
SƏNUBƏR – Ay ana, Elman elə burda da şeirlər yazırdı. Amma sizə göstərmirdi.
GÜLDƏSTƏ – Bunu mən də hiss eləmişdim, ay qızım, hərdən elə şair kimi danışırdı. Deyirəm, ay bala, gün o gün olaydı ki, dava qurtaraydı, balam evimizə dönəydi. Yadigarla Elmanın görüşünə doyunca tamaşa eləyəydim. Ondan sonra ölməzdim.
SƏNUBƏR – Allah ağzından eşitsin, ay ana, təki bizimkilər nemeslərin sonuna çıxaydılar. Hər dəfə mədəniyyət evinin yanından keçəndə ürəyim sancır, dözə bilmirəm. Axı o niyə yarımçıq qalaydı?
GÜLDƏSTƏ – Anan öləydi, ay Elman, vayısın evi yıxılsın, çırası keçsin. İndi soyuqda, şaxtada neyləyirsən, ay bala? Davada nə tapıb yeyirsiniz? Qızım, Sənubər, di tez ol, kağız, qələm götür, oğluma ətraflı məktub yaz. Yaz ki, bizdən sarı neyran olmasın, özüneə yaxşı baxsın.
SƏNUBƏR – Baş üstə, ana can, bu saat yazaram.
GÜLDƏSTƏ – Yaz ki, anan yaman fikir eləyir, deyir birdən əyni-başı yuxa olar, üşüyüb-eləyər. Yaz ki, toxuyub göndərdiyim isti corablardan, əlcəklərdən ona da çatdımı? Yaz ki, anan yenə yun darıyır. Əyirib onun üçün əlcək, corab toxuyacaq.
SƏNUBƏR – Mütləq yazaram, ay ana, sən narahat olma. (Sənubər Güldəstə xalanın xahişinə əməl elədi. Yenə də Elmana ətraflı məktub yazdı. Amma cavab məktubu Elmandan yox, onun komandiri Pavel Nikolayeviç Saveçnkodan gəldi. Güldəstə xalanın ünvanına göndərilən məktubda Elman Qurbanzadənin Kiyevin azad edilməsi yolunda qəhrəmanlıqla həlak olmasından danışılırdı.)
SƏS – (çəhnə arxasından) 1945-ci ilin Doqquzu May günü – Böyük Qələbə günü gəlib yetişdi. Zəhərli ilanın başı əzildi. Döyüşlərdən salamat çıxanlar evlərinə qayıtdılar. Yarımçıq qalan işlər yenidən davam etdirildi. «Yeni yol» kolxozsunun əməkçiləri üçün bənna Elman Qurbanzadənin hörgü işlərini başa çatdıra bilmədiyi yarımçıq binanın inşasını cəbhədə həlak olmuş ğolunun əvəzindən Güldəstə xala özü tikib tamamladı. Elman cəbhəyə gedəndən sonra dünyaya göz açmış Yadigar artıq atası yaşındadır. 25 yaşlı bu gənc Tbilisi Rəssamlıq Akademiyasının axırıncı kursunda oxuyur. Qiyabi olaraq İnstitutda təhsil alan Gültəkinlə nişanlanmış Yadigarın toyu atasının tikdiyi kənd mədəniyyət evində olmalıdır. Lakin Yadigar hələlik toya razılıq veprmir. «Atam hücuma keçir» adlı tablomu tamamlayıb toy günümdə mədəniyyət evinin divarından asmayınca, atamı sənətimlə cana gətirməyincə toy edən deyiləm. Güldəstə nənə ilə Sənubər xala da yaman darıxıblar. Onlar öz halal zəhmətləri hesabına ikimərtəbəli, yaraşıqlı ev tikdiriblər. Bircə arzuları qalıb, Yadigarın toyunu eləmək!
(Budur, Yadigar qış tətilinə gəlib. Gültəkinlə görüşə çıxıblar)
YADİGAR – Bu günün pioner baş dəstə rəhbərinə, sabahın ədəbiyyat müəlliməsinə salam!
GÜLTƏKİN – bu günkü tələbəyə, sabahkı görkəmli rəssama salam!
YADİGAR – Necə, sabahın görkəmli rəssamına? Özü də görkəmli ha?
GÜLTƏKİN – Bəs necə, mənim üçün görkəmli, hələ bir az da o yana…
YADİGAR – Gülü, ay Gülü, vallah adını çəkəndə özümdən asılı olmayaraq Cəfər Cabbarlının sənətinə heyran qalıram. Axı, bu görkəmli ədibin yaratdığı adlar qalereyası da əsərləri kimi əbədidir, ölməzdir… Nə yaxşı ki, sənin adını Gültəkin qoyublar.
GÜLTƏKİN – Həə, belə de… Deməli, sən mənim özümə yox, adıma aşiq olmusan, eləmi? Yəqin ki, mənə özgə ad qoysaydılar, xoşuna gələn deyildim, hə?
YADİGAR – Yox, Gülü, sən məni düzgün başa düşmədin. Demıək istəyirəm ki, sən ayrı ad daşıya bilməzdin. Yəni adın özünə yaraşır, özün də adına. Elə dünyaya da mənim üçün gəlmisən və mənim Gültəkinimsən.
GÜLTƏKİN – Yaxşı, Yadigar, zarafat bir yana qalsın, söylə görüm dərslərin necədir? Diplom işin hazırdırmı?
YADİGAR – Dərslərim əla. Fərqlənmə diplomu almalıyam. Diplom İşim də hazırdır.
GÜLTƏKİN – Yadigar, bircə qurtarıb gəlsəydin. Nənən də, anan da yaman darıxıblar, yolunu həsrətlə gözləyirlər.
YADİGAR – Maraqlıdır, Gülü, belə çıxır ki, məndən ötrü darıxan və həsrətlə yolumu gözləyən yalnız nənəmlə anamdır? Bəs sən?
GÜLTƏKİN – Mən də gözləyirəm, amma onlar üçün sən hava, su qədər lazımsan. Onlar üçün həyatsan.
YADİGAR – Gültəkin, siz məndən sarı narahat olmayın. Dərslərim də, işlərim də yaxşıdır. Diplom işimi – hərbi-vətənpərvərlik mövzusunda kompozisiyamı qurtarmışam. Sağlıq olsun, dörd-beş aydan sonra qırmızı diplomla kəndimizə qayıdaram, hər ikimiz taleyimizi əbədi olaraq bu kəndlə bağlayarıq, elə deyilmi, Gültəkin?
GÜLTƏKİN – Elədir, Yadigar, elədir. Ata yurdunu, ata ocağını atıb şəhərə qaçan gənclərə nifrət edirəm. Mən kəndə, öz elimə-obama vurğunam, vəssalam!
YADİGAR – Lap ürəyimdən xəbər verirsən, Gültəkin, axı müəllim kənddə də müəllimdir, şəhərdə də. Rəssam şəhərdə də rəssamdır, kənddə də. Əslinə qalsa, həqiqi rəssam yalnız kənddə – təbiətin qoynunda yaşamalıdır.
GÜLTƏKİN – Hə, yaxşı yadıma düşdü. Yayda deyirdin ki, mənim portretimi yaradacaqsan, bəs nə oldu?
YADİGAR – Düz deyirsən, vəd eləmişəm. Hətta başlamışam da. Amma yaman çətin imtahan qarşısındayam. Bir neçə ay bundan əvvəl başlasam da, hələ tamamlaya bilməmişəm.
GÜLTƏKİN – Niyə? Məgər mənim portretim o qədər mürəkkəbdir?
YADİGAR – Bəli, Gülü, çətin və mürəkkəbdir. Axı sən heç kimə bənzəmirsən.
GÜLTƏKİN – Necə yəni çətin və mürəkkəbdir? Heç nə anlamıram.
YADİGAR – Çox sadə. Sənin portretini çəkmək ona görə çox çətindir ki, sən həm gözəl, həm də ağılılsan.
GÜLTƏKİN – Yaxşı, yaxşı, o qədər tərifləmə, gözə gələrik. Bir də ki, ağıllı olmağın şəklə nə dəxli var?
YADİGAR – Var, özü də çox dəxli var. Sənin portretində zahiri gözəlliyinlə yanaşı, daxili gözəlliyini də göst ərməyə çalışmalıyam. «Tələbə qız» adlalandırdığım həmin əsərim sənin surətini dolğun əks etdirməlidir.
GÜLTƏKİN – Yadigar, xahiş edirəm məni tərifləmə, çatışmayan cəhətlərimi göstər, ləğv eləyim. Axı, məndən beş yaş böyüksən.
YADİGAR – Orası elədir, Gülü, səhvin olsa, hökmən deyərəm. Amma unutma ki, ağıl yaşda deyil, başdadı.
GÜLTƏKİN – Sən məni öz söhbətlərinə sənətə, ədəbiyyata qırılmaz tellərlə bağlayırsan.
YADİGAR – Çünki sən mənim tərifə layiq, nəğməyə layiq Gültəkinimsən. Üç il Tbilisidə səndən ayrı qalmaq, həsrətinə dözmək məni həm rəssam edib, həm də şair. (Yadigar cibindən vərəq çıxarır)
GÜLTƏKİN – Necə? Nə dedin, həm də şair?
YADİGAR – Əgər etiraz etmirsənsə, sənə həsr etdiyim ilk şeirimi oxuyum.
GÜLTƏKİN – Maraqlıdır.
YADİGAR

Adın əzbər olub diliimdə mənim,
Gözələ hbrmət var elimdə mənim,
Dolan çəmənimdə, çölümdə mənim,
Sənintək bir gülü üzən olmuşam.

Mənim hər arzum da, diləyim də sən,
Köksümdə döyünən ürəyim də sən,
Əbədi hakimsən ürəyimdə sən,
Həsrətə tablaşıb dözən olmuşam.

Xəyalın gözümdən getməyir bir an,
Ayrılıq, intizar yamandır, yaman,
Barı insafa gəl, ay dəli ceyran,
Ovçutək arxanca gəzən olmuşam.

GÜLTƏKİN – Aman Allah, nə böyük xoşbəxtlik. Sən ki, peşəkar şairsənmiş? Qoşmanın qayda-qanunlarını necə də qorumusan. Bəs bizim adaxlandığımız bu üç il ərzində bu barədə mənə niyə heç nə deməmisən?
YADİGAR – Nə deyəydim, Gülü, bu, elə-belə şeirdir. Həvəskar kimi sənin məhəbbətinin təsirindən yazmışam. Unutma ki, böyük rus şairi Nikolay Tixonov deyib ki, Azərbaycan xalqı şair xalqdır.
GÜLTƏKİN – Yadigar, çox xahiş edirəm həmin şeiri ver qoy cib dəftərçəmə köçurum.
YADİGAR – Buyura bilərsən. Hələ bundan savayı başqa şeirlərim də var, verərəm hamısını köçürərsən. Gülü, axı bütün bunlar mənə atamdan miras qalıb. Akademiyaya qəbul olduğum il anam atamın xatirə dəftərçəsini və cəbhədən göndərdiyi məktublarını mənə verdi. Atamın həm şairlik, həm də rəssamlıq istedadı olub. Öz xatirə dəftərində onun həm maraqlı şeirləri, həm də çəkdiyi şəkillər var. Hətta cəbhədən mənə «Ata nəsihəti» adlı şeir də göndərib. Həmin şeir ömrüm boyu mənim üçün mayak olacaq.
GÜLTƏKİN – Yadigar, xahiş edirəm, Elman əminin xatirə dəftərini mənə də göstərəsən.
YADİGAR – Baş üstə, gələn görüşümüzdə. İndi mənim qarşımda duran başlıca məqsəd onun arzularını yaşatmaq, özünü isə fırçamın gücü ilə həyata qaytarmaqdır. «Atam hücuma keçir» adlı əsər üzərində çoxdan işləyirəm. Atamın komandiri, Kiyevdə yaşayan Pavel Nikolayeviç Sevçenko ilə məktublaşıram. Əsərimi tamamlamaq üçün Pavel Nikolayeviçlə görüşməli, atamın döyüşdüyü yerləri gəzməliyəm. Toyumuzda başımızın üstən mənim çəkdiyim «Atam hücuma keçir» adlı tablom asılmalıdır. Gülü, on ilə yaxındır ki, məni bir şey düşündürür, atamın portretini çəkmək və həlak olduğu anı kətana köçürmək. Bu, mənim üçün ən çətin sənət imtahanı, həyat imtahanıdır.
GÜLTƏKİN – Yadigar, lap ürəyimdən xəbər verirsən, axı, sən bizim fəxrimizsən. Sənin fırçana, sənin sabahına böyük ümid bəsləyirik. Sən bu ümidi doğrultmalısan. Biz buna əminik. Bizim üçün ən böyük toy Elman əminin portretinin yaranması olacaq. Deməli, o, bizim toyumuzda iştirak edəcək.
YADİGAR – Hə, Gülü, mənim planım belədir. Səhər gedib hər ikimiz üçün Bakıya bilet alaram. Qatarla Bakıya qədər bir gedərik. Sən orada qış imtahan sessiyalarına başlayarsan, mən də Bakıdan Kiyevə uçaram. Oradan komandirlə görüşüb, yaradıcılıq işlərimi səhmana salınca, sən də imtahanlarını verərsən. Sonra Bakıya qayıdaram, birilkdə gələrik. Necədir?
GÜLTƏKİN – Necə olacaq, əla. Axı sənin hansı planın pis olub ki?..
YADİGAR – Yaxşı, indi ki razılaşdıq, gedək səni evə ötürüm, sonra da evimizə yollanım, razısan?
GÜLTƏKİN – Ələbəttə razıyam… (Qol-qola verib gedirlər).
(Bayramsayağı bəzədilmiş kənd mədəniyyət evi. Yadigarla Gültəkinin toyudur. Yadigar rəssamlıq akademiyasını fərqlənmə diplomu ilə bitirib. Atasının yağlı boya ilə yaratdığı böyük portreti təzə bəylə təzə gəlinin başı üstündən asılıb. Oğul da ata yaşındadır. Onları bir-birindən seçmək olmur. Yadigarın Kiyevə səfəri çox uğurla keçib. Elmanın komandiri, ehtiyatda olan polkovnik Pavel Nikolayeviç gənc rəssama atasının portretini çəkməkdə xeyli kömək edib. Atanın döyüşdüyü və həlak olduğu yeri ona göstərib. Eyni zamanda, Elmanın qəhrəmanlıqla həlak olduğu anı əks etdirən şəklinin dərc olunduğu cəbhə qəzetini oğula hədiyyə verir. Yadigar həmin şəklin köməyi ilə «Atam hücuma keçir» adlı iri həcmli əsərini tamamlayıb sərgiyə təqdim edir və əsər mükafata layiq görülür. Yadigar Kiyevdə atasının igidliyi barədə şeir də yazıb. Toyda həmin şeiri aşıq ifa edir).

AŞIQ

Bu torpaqda özümü
Qonaq saymayıram mən.
Doğma ata evinə
Gəlmişəm öz evimdən.

Bu yerlərin hər daşı
Durub qəhrəman kimi.
Bu yurdun hər qayası
Danışır insan kimi.

Bu gün nağıla dönmüş
Ötənlərdən danışır.
Səngərlərdə öləndən,
İtənlərdən danışır.

Danışır yana-yana,
Söyləyir aram-aram.
Ona qulaq asdıqca
Göynəyir mənim yaram.

Onun hər qəlpəsində
İgidliklə Berlinə
Çatanı görürəm mən.
Onun hər kəlməsində
Atamı görürəm mən.

SƏS – (Səhnə arxasından) Bu kənddə iki toy olub. Biri 25 il əvvəl atanın – Elmanın toyu. Biri də bu toy – gənc, istedadlı rəssam Yadigarın toyu. Atanın toyu kiçik bir həyətdə, oğulun toyu isə geniş, yaraşıqlı mədəniyyət evində. O toydan sonra ata Vətənin müdafiəsinə getdi və bu xoş günlərimiz yolunda əbədiyyətə qovuşdu. Bu toy isə kəndə iki Elman gətirdi. Biri Yadigarın yaratdığı portret Elman, biri də gənc, Kiyev Dövlət Universitetinin II kurs tələbəsi kuraynalı Elman. Gəlin indi də sözü ukraynalı qonağa verək.
SAVÇENKO – Mən bu gün özümü çox xoşbəxt hesab edirəm. Ona görə ki, igidlər yurdu Azərbaycan torpağındayam. Bir də ona görə xoşbəxtəm ki, ən qonaqpərvər bir xalqın toy şənliyində iştirak edirəm. Həm də ona görə xoşbəxtəm ki, mən babamın – Pavel Nikolayeviçin həyatını düşmən gülləsindən xilas edərək qəhrəmanlıqla həlak olan bir qəhrəmanın – Elmanın adını daşıyıram. Bu, mənim üçün fəxrdir. Fox, yox, faşist güllələri Vətənin işıqlı gələcəyi naminə canlarından keçən igidləri sıramızdan ayıra bilmədi. Onlar cana gəldilər, heykəllərə çevrildilər. Onlar yüzlər, minlər, milyonlardır. Elmanlar yaşayıb, yaşayır və yaşayacaqlar..

SON