ALLAHA YAXIN ADAMLAR

Əli VƏKİL

 

 

(novella)

(Mustafa Kamal Paşa Atatürkün anadan olmasının 125 illiyinə ithaf olunur)

 

Gözəgörünməzin, ulu Tanrının adıyla başladım söhbətimə. Onu çağıran, ona üz tutan darda qalmaz deyiblər. Əminəm ki, bu hekayəti İlahinin köməkliyi ilə yazıb qurtaracaq, uzun illər ərzində qəlbimdə yaşatdığım düşüncələrimi, məni narahat edən duyğularımı qələmə almaqla faydalı bir iş görmüş, yaşanılan sevincli, kədərli anları bu yazıda əbədiləşdirmiş olacağam. Axı hər insan bir ömür yaşayır. Onun bu ömrü uzun da ola bilər, qısa da. Məsələ ömrün uzun, yaxud qısa olmasında deyil, fərdin mənalı yaşamasındadır. Unutmayın ki, bütün bunları qələmə almaqda sözümün canı var. Elə bu yerdə möhtərəm oxucularla tanış olmağı lüzumlu sayıram.
Mən Osmanlı türküyəm. Belə bir xalqın övladı olmağımla həmişə fəxr etmişəm. İxtisasca tarixçi aliməm. Buna görə qürur hissi keçirirəm. Adım Mustafa, soyadım Özərdir. İstanbulda yaşayır, ali məkiəblərdən birində Azərbaycan tarixindən dərs keçirəm. Atayam, babayam. Millətimi dəlicəsinə sevir, digər xalqlara da rəğbət bəsləyirəm. Ona görə öyünürəm ki, dünyanın ən cəsur, qəhrəman xalqlarından biri olan, hətta belə demək mümkündürsə, birincisi olan türk övladıyam. Yəqin ki, məni daha yaxından tanımaq, bu hekayəti nə məqsədlə yazdığımı bilmək istəyirsiniz. Buna haqqınız var.
Qərara almışam ki, hər şeyi olduğu kimi sizə – hörmətli oxuculara çatdırım.
1938-ci il noyabr ayının 10-u türk millətinin tarixində ən kədərli, ən matəmli gün kimi daxil oldu. Hamıya yaxşı məlumdur ki, türk xalqının dahi oğlu, xalqın əvəzolunmaz rəhbəri Mustafa Kamal Paşa Atatürkün alovlu ürəyi saat ona beş dəqiqə işləmiş Qazinin Dolmabaxça Sarayında əbədi dayandı. Atatürkün Türk bayrağını sarılmış tabutu 16 noyabr 1938-ci ildə Dolmabaxça Sarayının böyük təntənə salonunda bir katafalk üzərinə qoyularaq, millətin ziryarətinə çıxarılmış, 19 noyabr 1938-ci ildə Dolmabaxçadan top arabasına qoyularaq, qatarla Sarayburnu sahilinə, buradan Zəfər torpedosu vasitəsi ilə zirehli gəmiyə qoyulmuşdur. Bu gəmi ilə İzmirə gətirilmiş, yenə Zəfər torpedosuna qoyularaq quruya çıxarılmışdır. Cənazə saat 20:00-da xüsusi qatarla Ankaraya gətirilmiş, 20 noyabr 1938-ci ildə saat 10:00-da Respublika prezidenti başda olmaqla Böyük Millət Məclisinin sədri, Baş nazir, nazirlər, Baş ştab komandanı, millət vəkilləri, dövlət və ordu rəhbərləri tərəfindən stansiyada qatarla qarşılanmışdır.
Atatürkün tabutu qatardan düşürdülərək, top arabasına qoyulmuş, böyük bir hüzn ilə Türkiyə Böyük Millət Məclisinə gətirilmiş və Məclis qarşısında hazırlanan katafalkaya yerləşdirilmişdir. 21 noyabr 1938-ci ildə müvəqqəti qəbir kimi ayrılmış Etnoqrafiya Muzeyinə gətirilmiş və hazırlanmış mərmər qəbrə qoyulmuşdur. Tabut 10 noyabr 1953-cü ildə vəfatından 15 illiyi günündə böyük bir hüzn ilə Anıtqəbrə qoyulmuş və Atatürkün fani vücudu vətən torpağına təslim edilmişdir.
Böyük bir insan, dahi bir şəxsiyyət, Türkiyə Dövlətinin yaradıcısı – 57 yaşında əbədiyyətə qovuşmuşdur. Sözün həqiqi mənasında Böyük Qazi ürəklərdə əbədi məskunlaşmışdır.
Fenomen şəxsiyyət Böyük Atatürk qısa bir ömür yaşadı. Yüzlərlə adamın, xadimin görə bilmədiyi əfsanəvi işlər gördü. Mənalı fəaliyyəti ilə ağıla sığmayan əfsanələr yaratdı və özü də əfsanələşdi.
Məqsəddən uzaqlaşmayaq, mətləb üstə qayıdaq. Bəli, türk milləti üçün matəm günü sayılan 10 noyabr 1938-ci ildə – Böyük Öndərin vəfatı günü mən dünyaya göz açmışam. Atatürkün ölümünə göz yaşı axıdan atam Məhmət təskinliyini almaq üçün adımı dahinin xatirəsinə Mustafa qoyur. Ağlım kəsəndə mənə məsləhət verir və inamla deyirdi ki, oğlum, Böyük Qazinin – Atatürkün adını daşımaq şərəfli olduğu qədər də məsuliyyətlidir. Digər tərəfdən, yadından çıxarma ki, Mustafa Kamal adını minlərlə türk övladı daşıya bilər, amma ölməz, əbədiyaşar Atatürk isə neçə yüz ildə bir dəfə doğulan nadir şəxsiyyətlərdəndir. Onu Allahım Türkiyəni məhv olmaq təhlükəsindən qorumaq, millətin, məmləkətin adını ucaltmaq üçün göndərmişdi.
Atam çox ağıllı, bilikli tarixçi idi. Onun yolu ilə getməyi də mənə özü tövsiyə etmişdi. Üz tutub dönə-dönə xahiş edərdi ki, Atatürkün yaratdığı, qoruyub inkişaf etdirdiyi bir ölkənin layiqli vətəndaşı kimi yaxşı oxuyum, davranışım, biliyim, istedadımla hamıya örnək olum. Bu gün ata öyüdünə, nəsihətinə layiqincə əməl etdiyim, Dahi Öndərin adını şərəflə qoruduğum üçün Tanrıma, atama minnətdaram. Həmişə adımın Mustafa olduğuna görə mənə hörmət etmiş, səmimi münasibət bəsləmişlər.
Atamın tövsiyələri heç vaxt yadımdan çıxmır. O mənə deyirdi ki, oğlum, dostunu, düşmənini yaxşı tanı. Saxta yazılmış tarixi faktlara inanma.
Dünyanın, öz xalqının, öz ölkənin tarixinə doğma münasibət bəslə. Mustafa, unutma ki, ermənilər Türkiyədə olduğu kimi, qardaş, qonşu Azərbaycanda da qırğınlar, soyqırımlar törətmiş, 1918-ci il mart ayının sonlarında Bakı şəhərində onminlərlə azəri türklərini qətlə yetirmiş və Azərbaycanın paytaxtını ələ keçirmişdilər. Bundan iki ay sonra – 1918-ci il mayın 28-də qardaş ölkədə Azərbaycan Demokratik Respublikası yaradıldı. Oğlum, cəmi 23 ay ömrü olan, Məmməd Əmin Rəsulzadənin rəhbərlik ediyi azad, suveren Azərbaycan Dövlətini 1920-ci ilin aprelində bolşeviklər Leninin göstərişi ilə devirdilər. Eyni zamanda, minlərlə görkəmli xadimin həyatına son qoydular…
Atam danışdıqca həyəcanlanır, tarixi həqiqətlərdən ağızdolusu söhbət açırdı:
Mustafa, oğlum, təsəvvür edirsənmi, 1918-ci ilin mayında elan olunan Azərbaycan Demokratik Respublikasının suverenliyini ilk tanıyan ölkələrdən biri Türkiyə olmuşdur. Ən maraqlısı və dəhşətlisi ondan ibarətdir ki, Bakı şəhəri daşnak ermənilərin əlində olduğundan paytaxt Gəncə şəhəri seçilmişdi. Belə bir vəziyyət qardaş türk xalqını narahat etməyə bilməzdi. Qardaş azəri xalqına Türkiyədən savayı kimlər arxa durar, kömək edərdi? Ənvər Paşanın rəhbərliyi, komandirliyi ilə Gəncəni, Bakını və digər bölgələri erməni tör-töküntülərindən xilas etməyə yollanan türk ordusunun əsgərləri arasında mənimlə birlikdə böyük qardaşım İsmət də, doğma Kamal əmim də var idi.
Atam kədərlənir və düşmənə, ermənilərə, onların havadarlarına sonsuz nifrət hissini gizlədə bilmirdi. O anları, qanlı döyüş səhnələrini göz önünə gətirir, hələ ailə həyatı qurmamış 25 yaşlı İsmətin Bakının azad olunması yolunda qəhrəmanlıqla həlak olduğunu, namərdlərin onu arxadan gözlənilmədən vurduqlarını, qatili susduraraq qardaşının – əmimin qanını yerdə qoymadığını nağıl etdikcə göz yaşlarını saxlaya bilmirdi. Ağır, qanlı döyüşlərdən sonra 1918-ci il sentyabrın 15-də Bakı şəhərini düşmən əsarətindən xilas etdikldərini, hökumət və dövlət rəhbərlərinin Gəncədən Bakıya – paytaxta gəldiklərini söyləyir və işğalçılara, nahaq qan tökənlərə nifrətini bildirirdi. Atam Atatürkü, onun ideyalarını çox sevirdi. Bizə tövsiyə edirdi ki, vətəni, milləti sevməkdə Böyük Qazinin əbədiyaşar kəlamlarından istifadə etmək hər kəsin müqəddəs borcudur. Atatürk yazırdı: «Türkiyə türklərindi; iştə millətpərvərlərin şüarı budur».
Ölməz Dövlət başçısı 1922-ci ildə yazırdı ki, «hər millətin öz müqəddəratına özünün hakim olması hüququnu biz yer üzündə yaşayan millətlərin hamısı üçün tanıyırıq; bizim də bu hüququmuzun qeydsiz-şərtsiz tanınmasını istəyirik. Bu müqəddəs və haqlı istəyimizi tanımamaq üzündən axan və axacaq olan qanların məsuliyyəti, şübhəsiz səbəb olanların üzərinə düşür».
Xalq arasında böyük hörmət sahibi olan, Atatürkün əsərlərini mütaliə etməkdən doymayan tarixçi alim, professor Məhmət Özər 5 övlad böyüdüb tərbiyə etdi. Biz üç qardaş, iki bacı keçən əsrin 80-ci ilində – 85 yaşında dünyasını dəyişən atama – müqəddəs bir insana, millətini, ölkəsini məcnunsayaq sevən qeyrətli kişiyə ömrümüz boyu minnətdar olacağıq. Onun faydalı məsləhətləri, tövsiyələri bu gün də yolumuzu işıqlandırır, qəlbimizi isindirir.
Atam qardaşımın birinin adını Azərbaycanda şəhid olmuş qardaşının xatirəsinə İsmət qoydu. Həm də dönə-dönə vurğuladı ki, gün gələcək Azərbaycan Sovet imperiyasının caynağından xilas olacaq, sərhədlər açılacaq. O zaman sənin üçün ikinci doğma vətən olan qardaş ölkəyə gedər, Bakıda şəhid olmuş türk əsgərlərinin, qardaşım İsmətin, doğma Kamal əminin xatirələrinə gələcəkdə ucaldıcalaq abidəni ziyarət edər, ruhlarına rəhmət diləyərsən.
Azərbaycanın müstəqilliyə, azadlığa qovuşduğu keçən əsrin 91-ci ilini atam görməsə də, xoşbəxtlikdən onun övladları və nəvələri gördü. Atamın arzu etdiyi kimi, SSRİ dağılandan sonra iki ölkə arasındakı sərhədlər açıldı. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə yenə də Türkiyə Respublikası oldu.
Cəmi-cümlətanı 23 ay mövcud olan Azərbaycan Respublikasının varisi yeni, suveren, müstəqil bir dövlətin yaradılması millətin, məmləkətin xoşbəxtliyi demək idi. Lakin bu azadlığa sevinməyənlər, ona mane olanlar da yox deyildi. Türkiyə Respublikasının yaradıcısı, Türkiyə dövlətinin memarı Mustafa Kamal Atatürkün məmləkəti üçün həyata keçirdiyi əfsanəvi tədbirlər Azərbaycanda da lazım gəlirdi. Xüsusən, ən qorxulu düşmən, uzun illər Azərbaycandan torpaq iddiası ilə yaşayan, azəri və osmanlı türkləri üçün bəla sayılan erməni daşnakları fürsət axtarırdılar. Azərbaycan hakimiyyətində səriştəsiz rəhbərlər AXC və Musavat liderləri vaxtında lazımi tədbirlər görmədikləri, vahid milli ordu yaratmadıqları üçün erməni millətçiləri fürsəti əldən vermədilər. Rus ordusunun köməyi ilə Azərbaycan ərazisinin bir hissəsi, ayrılmaz parçası Dağlıq Qarabağı işğal etdilər.
Təəssüf ki, onda xalqın dahi övladı, Öndər Heydər Əlirza oğlu Əliyev Bakıdan uzaqlarda – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi. Türk xalqı kimi azərbaycanlılar da ölkəni məhv olmaq təhlükəsindjən xilas etmək üçün dahi Öndəri, Azərbaycanın Atatürkünü – Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etdilər. Dahi Heydər Əliyev millətin təklifini qəbul edərək yenidən Azərbaycana rəhbər oldu.
Ölkənin suverenliyini, dövlətçiliyini məharətlə qorudu; məmləkəti erməni təcavüzündən xilas etdi. Dövləti idarəetmə sükanını əlində möhkəm saxlayan Heydər Əliyev Azərbaycanın xarici və daxili siyasətində dönüş yaratdı. İlk növbədə Türkiyə Respublikası ilə mehriban qonşuluq münasibətləri yaradaraq, iki dost ölkə arasındakı qardaşlıq münasibətlərinə yüksək qiymət verərək, məşhur kəlamını söylədi: «Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir».
Hikmətli, mənalı və dəyərli qiymətdir. Heydər Əliyev Atatürkü və Atatürk ideyalarını sevən dövlət rəhbəri idi. Yəqin ki, Mustafa Kamal Atatürkün 1925-ci ildə yazdığı aşağıdakı kəlamlarını Azərbaycanın dahi oğlu da fəaliyyət proqramı kimi qəbul edirdi: «Mən və mənim kimi bir çox vətəndaşlar, yoldaşlar, millətin, əsl vətənin ümidsiz fəlakətə düşdüyü zaman vicdanla, namusla, heysiyyətlə borclu olduqları vəzifəni yerinə yetirməli oldular. Bunu əlbəttə, edəcəkdilər; lakin bilmək lazımdır ki, etmələri çətin idi, vicdani idi, insani idi, milli namus gərəyi idi. Mən bu müqəddəs əsaslardan kənarda hərəkət edə bilərdimmi? Əfəndilər, əlbəttə edə bilməzdim. Türk millətinin heç bir fərdi bu gərəklərdən kənar hərəkət edə bilməzdi. Mən əlbəttə, bu ürək parçalayan mənzərə qarşısında vicdanımın əmrinə qarşı, milli namusumuza zidd hərəkət edə biliməzdim. Mənsub olmaqla öyündüyüm yüksək cəmiyyətin yüksək heysiyyətinə, əlbəttə, zidd hərəkət edə bilməzdim. Məncə, mənsubiyyəti ilə öyündüyüm millətin heç bir fərdi bu namus gərəyindən əsla kənara çəkilməmişdir. Əgər bundan müstəsna olanlar varsa, əziz namuslu vətəndaşlar, əmin olun, onların qəlb və vicdanı millətimizin müştərək təmiz vicdanından heç ilham almamış qapqara səfil vicdanlardır».
Əziz oxucular, yəqin ki, siyasi hadisələrdən söz saldığıma, tarixi gerçəkləri sadaladığıma görə məni suçlayacaqsınız. Unutmayın ki, mən müasir dünya hadisələri, dövlətlərarası münasibətlər üzrə mühazirələr oxuyan 68 yaşlı qocaman bir tarixçiyəm. Bütün bu nağılladıqlarım isə yeni əsrin reallıqlarıdır. Həm də yazdıqlarım iki dövlətin, bir millətin oxucuları vətəndaşları üçündür. Hər halda müstəqilliyinə qovuşan Azərbaycan respublikasında rus əlifbasından latın əlifbasına keçmək osmanlı və azəri türklərinin istənilən əsəri sərbəst, həvəslə mütaliə etmələrinə şərait yaratdı.
Maraqlı söhbətimizin sonuna hələ xeyli var.
Bu məqamda sizə ailəm, övladlarım, nəvələrim barədə ətraflı məlumat verməyi özümə borc bilirəm.
Bütün gənclər kimi mən də muqəddəs borcumu, əsgəri xidmətimi başa vurduqdan, İstanbul universitetinin tarix fakültəsini bitirdikdən sonra özümün bəyənib, sevdiyim, valideynlərimin xoşladığı əsilli, nəcabətli bir türk ailəsinin ali təhsilli həkim qızı – Zübeydə xanımla ailə həyatı qurduq. Atam Məhmət müqəddəs bir ad daşıyan xanımın ailəmizin üzvü olmasına hamıdan çox sevindi və bunun təsadüf deyil, zərurət olduğunu bildirdi. Axı, Mustafa Kamal Paşa Atatürkün anasının adı Zübeydə idi. Toyumuzdan sonra məni yanına çağıran atam gülə-gülə dedi: «Oğlum, Mustafa, sənə vacib bir tövsiyəm var. Tanrıdan diləyim ondan ibarətdir ki, mənim sağlığımda üç övladın dünyaya gəlsin – iki oğlan, bir qız! Allahın köməyi ilə iki oğul nəvəmə Əli və Rza adlarını verməyi əhd eləmişəm. Axı Böyük Qazi Atatürkün atasının adı Əlirza idi. Tanrının bəxş etdiyi qız nəvəmin adını isə Lətifə qoymalıyam. Mustafa Kamal Atatürkün 42 yaşında sevib seçdiyi, ailə qurduğu müqəddəs türk qadınının adını. Mən həmin sevincli günləri görməsəm belə, tövsiyəmə əməl etməlisən. Bunu mən yuxuda görmüşəm. Deyiblər ki, üç nəvən dünyaya göz açacaq. Onlara bu müqədjdəs adları verməlisən. Mənə söylədilər ki, ocağınız bərəkətli, cibiniz daim pullu olacaq. Heç zaman ehtiyac hiss etməyəcəksiniz. Hər bir istəyiniz, arzunuz həqiqət olacaq. Çünki siz Allaha yaxın adamlardansınız. Bütün bu deyilənlərə əməl etdikdən onra ailəniz hər bir qəzadan, bəladan, çətinlikdən uzaq olacaq, eviniz ziyarətgaha çevriləcək.
Oğlum, Mustafa, əgər Allah ömür versə, yaşasam bunları özüm əməl edəcəyəm. İşdi, haqq evinə köçsəm, sən mütləq arzumu yerinə yetirməlisən. Yoxsa ruhum narahat olar».
Atamın yanında bu mövzuda danışmağı özümə rəva bilməyərək yalnız utana-utana başımın hərəkətiylə razılığımı bildirdim. Sən demə, doğrudan da atam Allaha yaxın adam imiş. Söylədikləri həqiqət oldu. 1964-cü ildə doğulan ilk nəvəsinə niyyət etdiyi kimi Əli adını verəndə onun sevinci yerə-göyə sığmırdı. İki il sonra Tanrının töhfəsi kimi ikinci övlad – Rza dünyaya göz açdı. Atamın qanadı olsaydı, uçardı. Bu yuxunu məndən qeyri heç kəsə danışmadığına görə məni ürəkdən təbrik edər və bığaltı gülümsəyirdi.
Doğrudan da atam Allah adamıymış. Söylədikləri həqiqət oldu. Üçüncü uşaq – Lətifə anadan olanda elə bil atam da yenidən dünyaya gəldi.
Doğrudan da hər bir övlad doğulanda özü ilə evimizə xeyir-bərəkət gətirdi. Gəlirimiz çoxaldı. Ehtiyac nə olduğunu hiss etmədik. Özümüz üçün İstanbulun ən yaxşı guşəsində iki mərtəbəli, yaraşıqlı ev tikdirdik. Ən bahalı «Mersedes» maşın – araba əldə etdik. Zübeydə özəl bir tibb mərkəzində cərrah-həkim işləyirdi. Atamın və mənim yeni kitablarımız işıq üzü gördü. Övladların üçü də məktəbdə əla qiymətlərlə oxuyurdu.
Təzadlarla dolu dünyada insan ömrünün əvvəli və sonu var. Qəribə də olsa, atam 1980-ci ilin noyabr ayının 15-də dünyasını dəyişdi. Sanki onun arzusunu Tanrı yerinə yetirdi.
Arzu edirdi ki, kaş mən də Atatürkün vəfat etdiyi ayda dünyadan köçüm. Dediyi kimi də oldu. Noyabrda onu canı qədər sevdiyi müqəddəs torpağa tapşırdıq.
Ən böyük istəyi Əlini ali məktəb tələbəsi görmək idi. Lakin əcəl buna imkan vermədi. Böyük nəvəsi 16 yaşında olanda sevimli dünya ilə vidalaşdı. Xoşbəxtlikdən müqəddəs adlar daşıyan nəvələrinin üçü də müxtəlif ali məktəbləri əla qiymətlərlə bitirərək ailə qurdular, ev-eşik sahibi oldular. Mən də atama hörmət əlaməti olaraq, onun xatirəsinə ilk nəvəmə – Əlinin oğluna Məhmət adı verdim. Elə həmin gün atam yuxuma girdi.
Baba olmağımla əlaqədar məni ürəkdən təbrik etdi. Adını nəticəsinə verdiyimizə çox sevindi.
Hörmətli oxucular, sizə deyəcəyim sözlər çoxdur. Lap çox. Axı atam dönə-dönə mənə demişdi ki, Azərbaycana, azəri türklərinə hədsiz hörmət bəslə, oranı özünə ikinci doğma vətən say. Axı, mən və əmim İsmət o torpağın azadlığı yolunda qəhrəmanlıqla vuruşmuşuq. Mən qalib əsgər kimi evə döndüm. Əmim İsmət isə şəhidlik zirvəsinə yüksələrək orada əbədi yuxuya daldı.
Oğlum, Mustafa, yadından çıxarma ki, haçansa Azərbaycan müstəqil olacaq. Onda sən tez-tez ora səfər edər, Azərbaycan haqqında kitab yazar, türk oxucularına çatdırarsan.
Qeyd etdiyim kimi, 1918-ci ildə erməni və bolşevik təcavüzü zamanı ailəliklə Türkiyəyə pənah gətirən və İstanbulda sığınacaq taparaq yaşayıb-yaradan Əli Vüqarlının ailəsi ilə qapıbir qonşuyduq. Keçən əsrin sonlarında dünyasını dəyişən Əli babanın ağıllı övladları, nəvə-nəticələri var. Əli Vüqarlının bütün qohumları Bakıda yaşayırlar. Sovet rejimi, kommunist hakimiyyəti Azərbaycanda hökm sürdüyü vaxt gedib-gəlməyə, əlaqə saxlamağa ehtiyat edirdi. Oğlumun adını Əli qoyanda Əli əmi hədsiz dərəcədə sevindi, dedi ki, bu mənə, adıma hörmətdir. Ruhu şad olsun. O da atam kimi Azərbaycanın müstəqilliyini, azadlığını görmək arzusu ilə yaşayırdı. Pəhləvan cüssəli bir oğlu, mələk timsallı iki qızı olan Əli dayı uşaqlarına vəsiyyət etmişdi ki, mütləq Bakıya getsinlər, doğmalarla görüşüb qayıdanda məzarının üstə tökməyə torpaq və dibçəkdə gül gətirsinlər.
Əli kişi Əli adlı böyük nəvəsinə tapşırmışdı ki, məni də Bakıya aparsın. Orada əmimin məzarını ziryarət edim.
Sözün həqiqi mənasında Əli dayının ailəsi, övladları ilə uzun illər etdiyimiz qonşuluq və qohumluq məndə Azərbaycana, azəri türklərinə qarşı, sonsuz məhəbbət hissi oyatmışdı.
Nəhayət, uzun illərdən bəri qəlbimdə gəzdirdiyim istəyim həqiqətə çevrildi. Azərbaycan müstəqil dövlət oldu.
Əli dayının nəvəsi ilə Bakıya qonaq getdim. Nədənsə hər qarışı doğma bilir, azəri türklərinin qonaqpərvərliyinə heyran qalırdım.
Paytaxtın ən yüksək yerində – Dağüstü parkda salınmış Şəhidlər Xiyabanı məni kövrəltdi. Axı müstəqil Azərbaycan dövlətinin qərarı ilə 1918-ci ildə Bakı şəhərini, eləcə də digər bölgələri düşməndən azad edərkən şəhid olmuş türk əsgərlərinin xatirəsinə də abidə ucadldılmış və orada ölkənin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmiş 1130 nəfərin adları mərmər lövhəyə yazılmışdır. Həmin abidənin qarşısında diz çökərək önünə təzə-tər gül dəstəsi düzdüm.
Bakıya bu səfərim qəlbimi iftixar hissi ilə doldurdu.
Dost ölkədən qayıtdıqdan sonra «Bir millət, iki dövlət» adlı kitabım üzərində yaradıcılıq işimi davam etdirdim. Azərbaycanda özümə yeni-yeni etibarlı dostlar tapdım. İki soyqırım – 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordu hissələrinin Bakıya daxil olaraq ağılasığmayan qətl hadisələri törətmələri, 132 nəfər dinc sakinin – qadının, qocanın, uşaqların tankların altında qalaraq öldürülmələri, günahkarların cəzasız qalması, Azərbaycanın itnformasiya blokadasına salınması, dövlət televiziyasının enerji blokunun partladılması, bir sözlə, insanlığa xas olmayan faciənin törədilməsi, bir günün içərisində Şəhidlər Xiyabanının yaradılması, bu dəhşətli hadisə ilə əlaqədar ölkədə 40 gün matəm elan olunması barədə oxuduqlarım, gördüklərim və eşitdiklərim məni tədqiqatı davam etdirməyə ruhlandırdı.
Digər soyqırım hadisəsi 1992-ci il fevralın 26-da Dağlıq Qarabağın azəri türkləri yaşayan bir gecədə yerlə-yeksan edilərək xəritədən silinməsi, 613 nəfərin erməni cəlladları tərəfindən işgəncələrlə qətlə yetirilməsi, minlərlə dinc sakinin əsir götürülməsi, bir sözlə, analoqu oolmayan bir faciənin törədilməsi barədə necə yazmayasan? Dünya ictimaiyyətinə necə çatdırmayasan? Beləliklə, Azərbaycana rəsmi nümayəndə heyətlərinin tərkibində, eləcə də qonaq kimi səfərlərim başladı. Bir dəfə həmkarlarımdan biri mənə «Ədəbiyyat qəzeti»nin 12 noyabr 2004-cü il sayını verdi. Dedi ki, 1918-ci ildə Naxçıvanda şəhid olmuş türk əsgərinin xatirəsinə şeir dərc olunub. Dostum əmimin Bakıda şəhid olduğunu bildiyi üçün həmin şeiri oxumağımı məsləhət gördü. Şairə Kəmalə Nəsrinin şeiri «Əli çavuşun xatirəsinə» adlanırdı. Başdaşında bu sözlər yazılıb: «23 iyun 1918-ci ildə türk əsgəri, 4-cü kol ordu 11-ci Qafqaz tüməni ərbaşlarından Əli çavuş Mustafa oğlu Bayatlı ermənilərə qarşı Naxçıvan döyüşlərində şəhid olub. Məzarı şəhid olduğu torpaqda – Sədərəkdədir:

Türk əsgəri,
Can verdiyin torpaq –
Sədərək də sənə vatan.
Fərq etməz türkə
Nə Qafqaz, qırğız,
Qazax çölləri,
Nə də Anadolu elləri.
Türkün vətəni Turan,
Çanaqqala,
Mənim də daş abidəm.
Sənin də ismin qazılıb,
Naxçıvanda soyqırım anında
Axan qanın torpağımın
Bir yaralı əsgəri yatar qoynunda.
Uniforma əynində,
Ağı deməz analar,
Uşaqlar marşlar oxur şanına,
Ölümünə savaşdın,
Şəhid düşdün Atatürkün sanına.
Mənim də dədəm
Sarıqamış qazisi idi,
Orası da Naxçıvan tək,
Ona doğma, əziz idi.
Dikilibsən yurduma
Minillik palıd kimi.
Sağımda düşman,
Etməzəmmi onu
Düşmanlığına peşman.
Məzarın nurla dolsun,
Rahat yat, atam, qardaşım.
Ən uca heykəlisən
Bizim burda savaşın.
Məzarına gül tökdük,
Biz ağladıq qürurdan.
Düşman çöp də alammaz
Şəhidlər bitən yurddan».

Şeiri oxuyub kövrəldim. Hətta deyərdim ki, gözlərim yaşardı. Elə zənn etdim ki, əmim İsmətin xatirəsinə yazılıb. Digər tərəfdən qəribə hisslər keçirdim.
Axı, çavuşun, türk səgərinin öz adı Əli, atasının adı isə Mustafadır. Unutmaz olmaz ki, mənim böyük oğlum da Əli Mustafa olğludur. Bəlkə də bu, təsadüf yox, zərurətdir.
Bir sözlə, Azərbaycanla, azəri türkləri ilə yaxından tanış olduqda o qənaətə gəldim ki, bu qonaqsevər xalq türk millətini və Türkiyəni ürəkdən sevir. Bunu mən elə-belə yox, faktlara əsaslanıb deyirəm.
Qeyd etdiyim kimi, Bakı şəhərindən Türkiyəyə pənah gətirmiş Əli dayının övladları, nəvələri ilə uzun illər qonşuluq etdiyimiz üçün bu qənaətə gəlmişəm.
Azərbaycan sovet imperiyasının tərkibində olduğu illərdə belə azəri türk qardaşlarımız, qonşularımız, gizli yolla da olsa doğma Vətənləri ilə əlaqa saxlayır – Azərbaycandan aldıqları qəzetləri, jurnalları bizimlə bir oxuyurdular.
Keçən əsrin 80-ci illərində, SSRİ-nin paytaxtı Moskvada qızlar arasında dünya gözəllik yarışı keçirildi. Onda türk qızı, Türkiyə Respublikasını təmsil edən Məltəm Haqqarar birinci yeri tutdu və gözəllik tacının sahibi oldu. Qonşularımız əldə etdikləri məlumata əsasən bildirdilər ki, həmin şad xəbəri Azərbaycanda sevinc hissi ilə qarşılayıb, hədsiz dərəcədə sevniblər. Sonra isə rəsmi olaraq türkiyəli dünya gözəlini Azərbaycana qonaq dəvət ediblər.
Odlar yurdunu qarış-qarış gəzən Məltəm xanım ölkəyə, Azərbaycan gözəllərinə heyranlığını gizlətməyib: «Bakıdakı qızlar məndən də gözəldirlər» – deyə fikir söyləyib.
Respublika Televiziyası və mətbuatı Məltəm xanım barədə geniş məlumat vermiş, televizorda çıxışını təşkil etmişlər. Azərbaycanın peşəkar şairlərindən biri türk gözəlinə həsr olunmuş «Gözəllik ilahəsi» adlı şeirini yazmış və 1989-cu ilin iyun ayında mətbuatda çap etdirmişdir. Hansı yollarlasa qonşumuzun əldə etdiyi kitabda dərc olunmuş həmin şeiri həm yaddaşıma, həm də cib dəftərçəmə yazdım:

 

Gözəllik ilahəsi

Məltəm Haqqarara

Başında dünyanın gözəllik tacı,
Xoş gəldin yurduma – Azərbaycana.
Sən bizim qızlara bacısan, bacı,
Açdı qollarını gör neçə ana?!

Dünən Moskvaya uçdu gözəllər,
Yarışa göndərdi kimlər qızını?
Elə bil ekranda açıldı güllər,
Ölkələr axtardı öz ulduzunu.

Gözlədik həsrətlə, həyəcanla biz,
Qızların içində axtardıq səni.
Yaman narahatdı ürəklərimiz,
İzlədik yarışı – müsabiqəni.

Siyahı tutuldu sonuncu oldun,
Seçilən gözəllər iyirmi səkkiz.
Növbə gözləməkdən bezdin, yoruldun,
Nə hisslər keçirdin, hardan bilək biz?

Özünə vurğundu öndə gələnlər,
Arxada dayandın, az-az göründün.
Özünü hamıdan qəşəng bilənlər
Gözəllik tacını umurdu o gün.

Ulu Türkiyənin gənc ilahəsi,
Sonuncu gəlsən də, birinci oldun.
Şəninə ucaldı min alqış səsi,
Cahanın gözündə bir inci oldun.

Adın dodaqlara, dilə yaraşıq,
Şirin söhbətimiz, sözümüz bizim.
Üzün al günəşdir, üzün gur işıq,
Baxanda qamaşır gözümüz bizim.

Təkcə öz ananın qızıydın dünən,
Bu günsə bəşərin fəxri övladı.
Qonaq gedəcəksən ölkələrə sən,
Yazacaq qəlbinə hamı bu adı.

Gözəllik tacını qəbul edəndə
Elə bil dünyanı verdilər bizə.
Hamımız sevindik, kövrəldin sən də,
Məhəbbət bəslədin Vətənimizə.

Yamyaşıl geymişdin, bahar qızısan,
Damağı çağ idi Türkiyənin də.
Yad etdi atan da, anan da hər an,
Heykələ çevrildin, dayandın öndə.

Gözəllər gözəli Məltəm Haqqarar,
Oldun Türkiyənin iftixar tacı.
Həqiqi insanlar hər vaxt haqq arar,
Adın «yaz küləyi», sən bahar tacı.

Ürəkdən xoşladın bizim məkanı,
«Məndən də gözəldi Bakıda qızlar.
Cənnətdir, behiştdir, ona tay hanı?
Hər gələn qonağı sevər, əzizlər!

Gözəllər, küləklər şəhəri Bakı,
Vallah əfsanədir, canlı əfsanə.
Burda gördüklərim yuxudu sanki,
Gələrəm qonağın olaram yenə».

Odlar diyarına özündən qabaq
Yarışda qələbən, sədan yetişdi.
Səni doğma saydı hər el, hər oylaq,
Adın nəğmələrə, dillərə düşdü!

Görürsünüzmsü, əziz oxucular, türk-azəri dostluğunu, Türkiyə-Azərbaycan münasibətlərini özündə əks etdirən nə qədər maraqlı faktlar, nümunələr var. Mən bir alim kimi, türk vətəndaşı kimi azəri türklərinin, azəri yazarlarının qardaş Türkiyə Respublikasına, onun insanlarına nə qədər doğma münasibət bəslədiklərinin şahidi olur və o qənaətə gəlirəm ki, «Gözəllik ilahəsi» şeirini Azərbaycan şeiri yox, məhz türk qələm sahibi yazmışdır.
Belə bir xalqı, belə bir məmləkəti sevməmək, onu doğma diyar saymamaq mümkünmüdür?
Məni bu ölkə ilə çox şey bağlayır. Bəlkə də bu məhəbbət vaxtı ilə atamın Azərbaycanı düşmənlərdən, erməni daşnaklarından təmizləmək üçün başlanan azadlıq mübarizəsinin, ölüm-dirim müharibəsinin iştirakçısı olması, həmin müharibədə şəhid olan İsmət əmimin bu torpaqda uyuması ilə bağlıdır? Bəlkə də erməni cəlladlarının əlindən salamat qurtarıb İstanbula pənah gətirmiş alicənab Əli dayının Odlar yurdu haqqında maraqlı söhbətləri Azərbaycana hədsiz rəğbət bəsləməyim üçün əsas amillərdəndir? Hər halda qəti qərar verməyə çətinləşirəm. Qeyd etdiyim kimi, İstanbulda gözəl, yaraşıqlı, bağlı-bağatlı həyət-bacamız var. Meyvə ağacları ilə zəngin bağımızdakı bir çox alma, armud, şaftalı, ərik, gavalı, nar ağaclarının tumu, tingi Odlar yurdundan gətirilib. Həmin meyvələrin dadından doymaq olmur. Onların bir çoxu Əli dayının hədiyyəsi, qalanlarını isə Azərbaycana səfərlərimdə özüm əldə edib gətirmişəm. Əziz oxucular, mənim bağım, həyətyanı sahəm əsl cənnəti xatırladır. Bağ-bağçamızı həm də toxumu, tingi qardaş ölkədən – Xəzər sahilindən gətirilmiş qızılgül, zanbaq, qərənfil, yasəmən, lalə, bənövşə kolları bəzəyir.
Ağacların kölgəsində oturub gülləri, çiçəkləri qoxlayanda elə zənn edirəm ki, əmim İsmətin nəfəsi də Azərbaycan güllərinin ətrinə qarışıb.
Əzizlərim, gəlin tələsməyək. Hələ deyiləsi sözlərim çoxdur. Bayramlarda, təntənələrdə, yubiley şənliklərində iki qardaş xalq həmişə bir-birinin yanında olur. Mustafa Kamal Paşa Atatürk əbəs yerə deməyib ki, «azəri qardaşlarımız harda, Türkiyə də orda».
Böyük Qazinin bu dəyərli kəlamları hər yerdə, hər işdə özünü doğruldur. Sözlərimə aydınlıq gətirmək üçün yenə də maraqlı faktlara müraciət etməyi lazım bilirəm.
17 avqust 1999-cu il. İstanbulda baş verən, dünyanı sarsıdan dəhşətli zəlzələ, onminlərlə adamın həyatını qeyb etməsi. Onda bütün dünyanın nəzəri ulu Türkiyəyi yönəlmişdi. Xalqın belə bir təbii fəlakətlə üzləşməsi bütün dünya xalqlarını, o cümlədən öz maddi yardımı ilə türk millətinə həyan olan Azərbaycan Respublikasını da sarsıtdı.
Xalqın matəmli günlərində kədərini, təəssüfünü poeziyanın dili ilə izhar edən sevimli, istiqanlı bir Azərbaycan şairi 17 avqust üçün 17 bəndlik şeiri ilə dərdimizə şərik çıxmışdı. Şəkillərlə bir səhifədə yerləşdirilmiş həmin şeirin dərc olunduğu qəzet (24 avqust 1999) Bakıdan qonşumuz Əli dayının nəvəsinə göndərilmişdi. Yazdığım kitabda işıq üzü görəcək «Türk qardaşım, mətin ol» adlı şeiri əzbərləmişəm. Onu bu yazının oxucularına çatdırmağı da özümə borc bildim:

Ay aman, nə yaman bəd xəbərdi bu,
Qardaşım, mətin ol, türk, mətin dayan!
Heykəl oldum, daşa döndüm doğrusu,
Çətindir bu sınaq, çox çətin, dayan!

On yeddi avqust da qara yazılsın,
Faciə günüdür qəhrəman elin.
Hara həkk olunsun, hara yazılsın?
Kədərli tarixi bu yanan elin?

De hara yazılsın, ay ulu Tanrım?
Bu dərdi çəkməyə tərəzi yoxdur.
Bəs niyə bağladın hər yolu, Tanrım?
Türkün düşmənindən sevinən çoxdur.

Qoy gəlsin başına sevinənlərin,
Matəmə şadlanıb, dərdə gülməzlər.
Böyük türk elinin yarası dərin,
Mətindir bu millət – mərdə gülməzlər.

Niyə sevindirdin düşməni, Allah?
Bu yara min illər sağalan deyil.
Bəs nədən ağlatdın sən məni, Allah?
On minlər uçqunda sağ qalan deyil.

Ya Rəbbim, belə də dəhşət olarmı?
Böyük elə, ulu xalqa sitəmdi.
Bu qədər göz yaşı, möhnət olarmı?
Südəmər körpələr niyə qan əmdi?

Gətirəydin düşmən ilə üz-üzə,
Türk qardaşım mövqe tutardı, inan,
Dayanardı qatil ilə göz-gözə,
Sərrast nişan alıb atardı, inan.

Bir anın içində günahsızları
Ay Allah, nə üçün məhv elədin Sən?
Lərzə saldı yeri, göyü ahları,
Nə üçün o yeri silkələdin Sən?

Yumdu gözlərini hamilə ana,
Əlində oyuncaq körpələr susdu.
Göz aça bilmədi uşaq cahana,
Nişanlı oğlanlar, qızlar qan qusdu.

Ankara, İstanbul yas içindədi,
Cəsur millət ağır dərdə sarsılmaz.
Gözəl qız, mərd oğul yas içindədi,
İmtahandı, ol sərkərdə, sarsılma.

Dostun çoxdur, sənə arxa – yer üzü,
Məğrur dayan, qorxma qəddin əyilməz.
Qəbul eylə kədər dolu hər sözü,
Dar ayaqda dostu ara, dostu gəz.

Matəmə çevrildi ilin toyları,
Osmanlı elinin dərdi ümmandı.
Sonuncu faciə olaydı barı,
Bir də yas göstərmə, Tanrım, amandı.

Əsrin faciəsi sondaymış demə,
Niyə qismət oldu türk qardaşıma?
Dəhşətli bəd xəbər çatdı ölkəmə?
Matəm gəldi torpağıma, daşıma.

Ay Allah, bu sınaq nə ağır oldu,
Bu dərdə, matəmə neyləsin ürək?
Yerin də, göün də gözləri doldu,
Yoxdur bir fəlakət bu faciə tək.

Ürəyim ağlayır, qələm ağlayır,
Yəqin xəbər tutdu Ay da, Günəş də.
Dünya kədərlənir, aləm ağlayır,
Bu yasdan sönübdür od da, atəş də.

Dağılan şəhərlər qurulacaqdır,
Qalacaq tarixdə bu matəm günü.
Göylər də, qəlblər də durulacaqdır,
Yaddaşa yazıldı qüssə, qəm günü.

On yeddi avqustu unutmaq çətin,
On yeddi bənd oldu mənim şeirim də.
Mətindir türk oğlu, mətindən mətin,
Cəsurluq rəmzidir, yaşar şeirimdə.

Necə yazmayasan, necə iftixar hissi keçirməyəsən? Belə yerdə Azərbaycan xalqının dahi oğlu, bir sözlə azəri türklərinin Atatürkü, Dahi Öndər Heydər Əliyevin qiymətli sözləri yada düşür: «Bir millət, iki dövlət».
Türkiyə Respublikası, türk xalqı, ona bəslənən sonsuz məhəbbət, Atatürkə ümumxalq sevgisi digər Azərbaycan şairləri üçün də baş mövzu olub və baş mövzu olaraq da qalır. Sənədlər qovluğumda azəri türklərinin şairlərindən Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün, Qalibin, Zəlimxan Yaqubun, Abbas Abdullanın, Rəfiq Zəka Xəndanın və başqalarının Atatürkə həsr olunmuş maraqlı şeirləri var. Bakıda «Atatürk Mərkəzi»nin yaradılması da Azərbaycan hakimiyyətinin Böyük Qazinin şəxsiyyətinə, Türkiyə dövlətinə, osmanlı məmləkətinə sonsuz məhəbbətin ifadəsi deyilmi?
Sənədlər qovluğumda Azərbaycan-Türkiyə xalqlarının sarsılmaz dostluğuna və qardaşlığına həsr olunmuş əsərlər içərisində 2004-cü ildə Azərbaycan Atatürk Mərkəzinin oxuculara təqdim etdiyi maraqlı bir kitab da var: «Türküm mənim – Atatürküm» adlanan və üz qabığında Böyük Qazinin rəngli fotoşəkili verilmiş məcmuədə Azərbaycan şairlərinin Atatürkə həsr olunmuş şeirləri toplanmışdır. Onlardan biri diqqətimi daha çox cəlb elədi:

Yüz iyirmi üç il əvvəl cahana
Tanrının töhfəsi oldu Atatürk.
Döşündən süd verdi müqəddəs ana,
Öndər idi, mərd doğuldu Atatürk.

Vətəni Turkiyə, şəhər Salonik,
Sevindi nurlu bir səhər Salonik,
Yeni sakin – ər oğlu ər, Salonik,
Nə yaxşı, nə yaxşı gəldi Atatürk.

Keçən əsr, qanlı on səkkizinci il,
Təhlükədə türk dünyası, bütün el.
Xalq ağır günləri unudan deyil,
Qələbə yolunu buldu Atatürk.

İtalyan, fransız, ingilis gəlib,
İşğalçı, hiyləgər yüz iblis gəlib.
«Çarpışın, vuruşun!» Haqdan səs gəlib,
Torpağı yağıdan aldı Atatürk.

Dörd böyük ölkənin ordusu min-min,
Onlar qələbəyə oldular əmin.
«Millət, dur ağaya, daha susma, din»,
El sənin ardınca gəldi, Atatürk.

«İstiqlal, ya ölüm» – şüyarın buydu,
Xalq Böyük oğlunu dinlədi, duydu,
Olmasaydın Türkiyənin sonuydu,
Məğlub etdin, yad qovuldu, Atatürk.

Lloyd Corc – baş naziri İngiltərənin,
Düşməniydi həm xalqının, həm sənin,
Oldu alqışlayıb, tərif deyənin,
Sözləri tarixdə qaldı, Atatürk.

«Dünyada az olur belə dahilər,
Bəlkə də yüz ildə bir dəfə gələr,
O insan həyatda gör etdə nələr?
Əfsanədi, həm xəyaldı Atatürk».

Qurduğun bir dövlət – Anadoluda,
Düşmənə kin-nifrət – Anadoluda,
Sənə sonsuz hörmət – Anadoluda,
Məmləkəti ana bildin, Atatürk.

Əbədi məşəldi əməlin sənin,
Ölkəni bəzəyir heykəlin sənin.
Doğru yol göstərir tunc əlin sənin,
Qara bulud, çən çəkildi, Atatürk.

Fəxrlə oğlum, deyir cüt Ağrı dağı,
Önündə baş əyir cüt Ağrı dağı,
Zirvəyə səsləyir cüt Ağrı dağı,
Millətin qədrini bildi Atatürk.

Tarixdə ən nadir bir şəxsiyyətsən,
Ali şəxsiyyətsən, pir şəxsiyyətsən,
Səni «Ata» sayan millətə əhsən,
Hamı deyir: Zəfər çaldı Atatürk.

«Torpaqsız, Vətənsiz yaşamaq olmaz,
Kölə xalqın üzü heç vaxt ağ olmaz».
Xalqın Öndərisən, el darda qalmaz,
Zaman özü fikrə daldı, Atatürk.

Böyük Qazini – Atatürkü millət Öndəri Heydər Əliyev qədər sevən, adlarını qoşa çəkən azəri qardaşlarımı alqışlayıram. Mən Odlar yurdunu ikinci ana Vətənim sayıram. Bakıda Dağüstü parkdan – «Şəhidlər Xiyabanı»ndan mavi Xəzəri seyr etdikcə,
Yaraşıqlı, gündən-günə gözəlləşən şəhərə nəzər saldıqca ürəyim dağa dönür. Səma altında muzey adlanan qədim və əfsanəvi «İçərişəhər»i nə qədər dolaşsam, yoruldum demirəm. Suraxanıdakı «Atəşgah»a baxdıqca, «Yanardağ»da təbii əbədi məşəlin alovunu gördükdə Zərdüşt yada düşür. Bu qədim ölkənin nə üçün «Odlar yurdu» adlanmasına bir daha inanırsan.
Qobustanda qaya rəsmləri millətin qədim mədəniyyətə malik olduğunun əyani nümunəsi deyilmi? Qədim «Qız qalası»nın damına çıxıb Xəzərin mavi sularına tamaşa edəndə qəlbindən keçir ki, Allaha daha yaxınsan. Ölkənin qədim şəhərlərindən olan Gəncədə dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etməyən qonaq, belə demək mümkünsə, Azərbaycanda olmayıb.
Əzizlərim, bu gün Azərbaycan müstəqillik qazandıqdan sonra sərhədlərin açılması azəri qardaşlarımızın Türkiyəyə, türk iş adamlarının isə Odlar yurduna gəlmələri ölkələri bir-birinə daha da yaxınlaşdırıb, doğmalaşdırıb. Axı, indi Bakıda mənim də ev-eşiyim var. Böyük oğlum Əli və nəvəm Mustafa Bakı şəhərində yaşayırlar. Nəvəm Azərbaycan Tibb Universitetinin tələbəsidir.
Ali məktəbi bitirib Zibeydənin cərrahlıq sənətini davam etdirəcək.
Bunun da qəribə bir tarixi var. Keçən əsrin sonlarında kompüter proqramının mütəxəssisi Əli – ürəyi istədiyi münasib yer tapıb fəaliyyət göstərə bilmirdi. Hətta bir müddət işsiz qaldı. Doğrudan da Allaha yaxın adamlar darda qalmır. Bərk həyəcan keçirirdim. Bir gün maraqlı bir yuxu gördüm. Mənə ürək-dirək verərək röyada dedilər ki, oğlun Əli Bakıya getsin, orada onun peşəsinə ehtiyac var. Oğlunun bol çörəyi Azərbaycandadır. Gedib fəaliyyətə başlasa, ailəlikcə firavan, varlı yaşayacaq, böyük oğlu isə gələcəkdə Bakıda istədiyi ali məktəbdə təhsil alacaq.
Atamın yuxusu kimi mənim də yuxum çin oldu. Bakıdakı dostlarımın köməyi ilə oğlum paytaxtda komputer mərkəzi açdı, həm də Türkiyədən yaxşı tanıdığı iş adamı Əhməd Başbilənin şirkətində müştərək olaraq kommersiya fəaliyyəti ilə məşğul olmağa başladı. Az vaxtda halal qazancı ilə özünə şəhərin mərkəzində üç otaqlı mənzil aldı. Ailəsi ilə Bakıda yaşayıb işləyən Əli Türkiyədə orta məktəbi qurtaran böyük oğlu Mustafanın sənədlərini Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə verdi. Yüksək balla ali məktəbə qəbul olunan Mustafanın da, ata-anasının da, nənəsinin də, onlarla bərabər mənim də istəyimiz həqiqət oldu. İndi evim həm Türkiyədədi, həm də Azərbaycanda. Deməli, atamın vuruşduğu, əmimin şəhid olduğu bu müqəddəs torpaq mənim ikinci vətənimdir. Bəli, Azərbaycan güllərinin ətrini Türkiyədə də uduram, Bakıda da. Bəxtəvər ata, mehriban baba kimi həm İstanbulda oluram, həm də Azərbaycanın paytaxtında. Dostluq, qardaşlıq əlaqələrimizə aid o qədər maraqlı misallar var ki, heç bilmirsən hansını nümunə gətirəsən.
Yaxından tanıdığım, Türkiyədə tanış olduğum hörmətli bir cərrah tanıyıram. İndi Bakıda professor, tibb elmləri doktoru, plastik cərrah Vaqif Qələndəri tanımayan az adam tapılar. Hətta deyərdim heç tapılmaz.
1992-ci ildə Azərbaycan Tibb Universitetinin II kurs tələbəsi olan Vaqif Qələndər təhsilini davam etdirmək üçün İstanbul Dövlət Universitetinə göndərilir. Fitri istedada, misilsiz cərrahlıq qabiliyyətinə malik Vaqif ali məktəbi bitirdikdən sonra Türkiyənin xəstəxanalarında fəaliyyət göstərmiş, doqquz ildən sonra öz doğma ölkəsinə tibb elmləri doktoru, professor, mahir plastik cərrah kimi qayıtmışdır.
İndi Bakıda 38 yaşlı gənc həkimin növbəsinə bir neçə ay əvvəl yazılırlar. Qəbul zamanı gündə 100 nəfərdən çox xəstəni müayinə edən Vaqif həkim bütün nailiyyətləri üçün Türkiyəyə, türk xalqına minnətdar olduğunu gizlətmir. Onun haqqında nəzmlə yazılmış «Cərrah Vaqif möcüzəsi» kitabında bu sevginin, məhəbbətin şahidi oluruq.
Doğrudan da cərrah Vaqif dünyada iki ən nadir cərrahi əməliyyatı məharətlə həyata keçirərək iki türk gəncinin üzülüb düşmüş qollarını cərrahi üsulla yerinə bərpa etmiş və sağaltmışdır. Bəli, 28 yaşlı türk gəncinin qolu bədbəxt hadisə nəticəsində üzülüb düşür. İtanbuldakı xəstəxanalardan birində fəaliyyət göstərən Vaqif Qələndər Mustafa Əkərin üzülmüş qolunu doqquz saata yerinə bərpa edir. Bununla da Vaqif təbabətdə yenilik yaradır.
Digər bədbəxt hadisə üç il bundan sonra 2002-ci ildə Bakı şəhərində baş vermişdir, türkiyəli iş adamı, türk vətəndaşı Sirrin Ervincin qolu üzülüb düşmüş, 7 saatdan sonra xəstəni Vaqif Qələndərin işlədiyi xəstəxanaya gətirirlər. Sirrin Ervincin üzərində çətin əməliyyat 9 saat davam edir və uğurla başa çatır. Bu əməliyyatda da onun köməyinə İstanbul Universitetinin Çapa xəstəxanasında topladığı təcrübə çatır.
Beləliklə, üzülmüş qolun yerinə bərpası üzrə təbabət sahəsində keçirilən 5 nadir cərrahiyyə əməliyyatının ikisini Vaqif Qələndər həyata keçirir və Beynəlxalq Plastik Cərrahiyyə Konqresinə üzv seçilir.
Bu möhtəşəm qələbə həm Türkiyəyə, həm də Azərbaycana başucalığı gətirdi.
Ən maraqlı cəhət ondan ibarətdir ki, «Cərrah Vaqif möcüzəsi» kitabında görkəmli cərrah türk xalqına minnətdar olduğunu dönə-dönə izhar etmişdir. O, Türkiyəyə qədəm basdığı anı belə təsəvvür edir:

Yollanıram məğrurların yurduna,
Salam, doğma diyar, salam, Türkiyə.
Hörmətim var Atatürkün adına,
Salam, doğma diyar, salam, Türkiyə.

Xoşdur gedib qalım İstanbulda mən,
Dərin bilik alım İstanbulda mən,
Kaş ki, zəfər çalım İstanbulda mən,
Salam, doğma diyar, salam, Türkiyə.

İllər boyu can atmışam qoynuna,
Adının çəkmişəm mən yana-yana,
Qəbul elə, mən övladam, sən ana,
Salam, doğma diyar, salam, Türkiyə.

Dünyaya bəllidir türkün qeyrəti,
Sonsuz olur düşmənlərə nifrəti,
Görən qəlbdən sevir bu məmləkəti,
Salam, doğma diyar, salam, Türkiyə.

Dinimiz də, dilimiz də eynidir,
Adətimiz, elimiz də eynidir,
Məqsədimiz, yolumuz da eynidir,
Salam, doğma diyar, salam, Türkiyə.

Bir gün ordan alnıaçıq dönüm mən,
El yanında cərrah kimi dinim mən,
Səni hər vaxt yad eləyim, anım mən,
Salam, doğma diyar, salam, Türkiyə.

Vaqif Qələndərin ulu Türkiyəyə məhəbbəti, rəğbəti bununla bitmir. O, ona dərin bilik verən, görkəmli cərrah olması üçün əllərindən gələni əsirgəməyən cərrahları, həkimləri, müəllimlərini – xocalarını bir an da olsun unutmur. Təbabətdə uğurlarını onların adı ilə bağlayır:

Dünyaya bəzəkdir aqil olanlar,
Zəkasıyla aləmə səs salanlar,
Türkiyədə şöhrətli bir cərrah var –
İbrahim Yıldırım – xeyirxah Xocam.

Çətin anlarında olub dayağım,
Yol göstərib, büdrəməyib ayağım,
Qaranlıqda şölə saçan mayağım var –
İbrahim Yıldırım – xeyirxah Xocam.

Nə qədər borcluyam mən ona, Allah,
O arif, o müdrik insana, Allah,
Unutmam getsəm də hayana, Allah var –
İbrahim Yıldırım – xeyirxah Xocam.

Cərrahlığı öyrənmişəm mən ondan,
Olmamışam heç bir zaman gen ondan,
Bəhrələndim sənətindən, adından var –
İbrahim Yıldırım – xeyirxah Xocam.

Əmidən, dayıdan, dostdan irəli,
Həyata vuruldum onu görəli,
Təntimədim burda ömür sürəli var –
İbrahim Yıldırım – xeyirxah Xocam.

Nələr öyrənmədim, nələr, müəllim,
Hədiyyədir bu biliklər, müəllim,
Xatirələr dilə gəlir, müəllim var,
İbrahim Yıldırım – xeyirxah Xocam.

Mənəm sənətinin pərəstişkarı,
İstedad insanın dövləti, varı,
Səndə olub cərrahlığın açarı var –
İbrahim Yıldırım – xeyirxah Xocam.

Türkiyə deyəndə – Mustafa Kamal Paşa Atatürkü, Atatürk deyəndə isə Türkiyəni yad etmək lazımdır.
«Cərrah Vaqif möcüzəsi» kitabında Böyük Qazinin böyüklüyü, dahiliyi də yaddan çıxmayıb:

Osmanlı dünyası – Öndər Atatürk,
Həm Mustafa Kamal, həm Böyük Qazi,
Yox, ölməyib, öndə gedər Atatürk,
Millət ondan, o millətdən çox razı.

Hikmət vurğunudur Vaqif Qələndər,
Dərindən öyrənib ədəbiyyatı.
O yerdə Atatürk ən Böyük Öndər,
Millətin atası, nurlu həyatı.

Türkiyənin xilaskarı sayılır,
Nəğmə bəstələnir onun adına.
Doğma elin Bayraqdarı sayılır,
Dövlət də sadiqdir öz Ustadına.

Yurdun Atatürkü – Mustafa Kamal,
Yeni Türkiyəni qurdu, qorudu.
Kimdə vardı onda olan o kamal,
Söylədi: ölkənin səksən yaşı var.

Türkiyə dövləti – səksən yaşı var,
Möhtəşəmdir, qüdrətlidir nə qədər,
Yer üzündə ad çıxarıb bu diyar,
Yenilməzdir, şöhrətlidir nə qədər.

Azərbaycan övladı Vaqif Qələndər Türkiyəni, onun dahi oğlu Atatürkü o qədər ürəkdən sevib ki, görkəmli türk şairlərinin Böyük Qaziyə həsr etdikləri ən yaxşı şeirləri əzbərləyib. Vaqif Qələndər qeyd edir ki, Rəşad Feyzi Yüzüncünün bu şeirini orada – Türkiyədə əzbərləmişəm. Lazımi yerlərdə həmin şeiri iftixar hissilə söyləyirəm:

«Öz yurdumda özümün xaqan olduğum gündür,
Üfüqlər də dar gəlir içimin sevgisinə.
Türklüyümü dünyaya hayqırdığım bir gündür,
Mən bü gün diş keçirdim soysuzun zəncirinə.

Dünya dursa, seyr etsə bü ən böyük bayramı,
Öylə bir güc alar ki, Qazi ordusu kimi.
Ey yerlərin, göylərin sən ən böyük bayramı,
Sevincin sardı bizi tufandakı su kimi.

Qucaqdakı favrudan ağ saçlı analara
Kədər, göz yaşı daddıq, yüz illərcə bu yurdda.
Bu gün gülsək yeridir, qapandı artıq yara,
Sevin şəhid anası, gözlərini qurut ta!

Kin bəsləyir yabançı uzaqda için-için,
Görmədinsə böylə gün, saçma, qısqanma bizi.
Böylə böyük bayrama şanla qovuşmaq üçün,
Hər millət türk olmalı, hər rəhbər Böyük Qazi».

Hörmətli oxucular, bu uzun hekayəmizin sonu yaxınlaşır. Təki ömürlərin sonu tez yaxınlaşmasın. Söhbətimizdə Allaha yaxın adamlar, Allah adamlarından söz saldıq. Görürsünüzmü, müqəddəs adları ləyaqətlə qorusaq, həmin isimlər yolumuzu və qəlbimizi işıqlandırır. Alicənab, müdrik insandırsa, o heç zaman darda qalmır. Böyük adamlar dünyalarını dəyişəndən sonra da insanların dadına yetir. Onlara doğru yol göstərirlər.
Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, atamın yuxusu da, mənim yuxum da çin oldu.
Atam Məhmətin yuxusuna və mənim yuxuma girən adamın kimliyini açmadım. O müqəddəs insanın, Böyük şəxsiyyətin adı Mustafa Kamal Paşa Atatürkdür. Dar ayaqda bu gün də Allaha yaxın adamlara yol göstərən Böyük Qazi.
Əzizlərim, daha bir sirri açmağın da məqamı gəldi. «Gözəllik ilahəsi», «Türk qardaşım, mətin ol!», «Atatürk» şeirlərinin və «Cərrah Vaqif möcüzəsi» kitabının müəllifi isə Türkiyəni, türk xalqını Azərbaycan qədər, Azəri xalqı qədər sevən qələm sahibi, Azərbaycanın istedadlı şairi Əli Vəkildir.
Azərbaycanın vurğunu, onun tarixini öyrənən, bu məmləkətə hədsiz hörmət bəsləyən, tarixçi alim, «İki millət, bir dövlət» adlı kitab yazan professor Mustafa Özərin söhbəti hələlik burada tamamlanır. Hamınıza hörmət və sayğılarımı çatdırıram.

 

Əli Vəkil
23 avqust 2006