Hava yaman istidir,
Hamı gəlib sahilə.
Elə bil ki, yerində
Donub qalıb Sahilə.
Yanındadır anası,
Yanındadır qardaşı.
Balaca qızcığazın
Yaman qarışıb başı.
Bəhsə girən dalğalar
Sahilə hücum çəkir.
Balaca qız qum üstə
Al Günəş şəkli çəkir.
– Bu, qaşıdır Günəşin,
Bu, gözüdür Günəşin.
Bu, dodağı, bu, burnu,
Bu üzüdür Günəşin.
Dayanmayır, durmayır,
Gəlir, gəlir dalğalar.
Qız çəkdiyi Günəşi
Birdən silir dalğalar.